Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Bu gün ölkə prezidenti tərəfindən imzalanan əfv fərmanı ilə 176 azadlıqdan məhrumetmə cəzası almış insan azadlığa qovuşdu. Bu ərəfədə belə bir əfv fərmanının verilməsi bir çox ailələrə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından diqqətəlayiqdir."
Bu fikirlər millət vəkili Fazil Mustafaya məxsusdur.
Onun sözlərinə görə, ölkə prezidentinin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi həqiqətən vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır:
"Əslində bu arada cəzaçəkmə müəssisələrinin özlərinin də problemlərini azaltmaq baxımından bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı. İslah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil. Xüsusi komissiya bu istiqamətdə çalışaraq qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Onsuz da məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə prezidenti məhkəmələrə tövsiyə edir ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Təəssüf ki, məhkəmələrimiz bu çağırışa hələ də həssas yanaşmırlar və cinayət məsuliyyətinə cəlb olunanların böyük bir hissəsi məhz azadlıqdan məhrum etmə cəzası alırlar.
Bu göstəriciyə görə biz MDB ölkələri arasında ilk yerlərdəyik. Alternativ cəza mexanizmlərinin yayğınlaşması dövlətin həm də məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti də azaltmış olardı. Bütün hallarda əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist bir addımdır". \\Teleqraf.com