8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlum olduğu kimi, koronavirus pandemiyası ucbatından dünya ölkələrində turizm sahəsi artıq bir neçə aydır ki, dondurulub. Nəticədə ölkələr daxili turizmin inkişafı üçün müxtəlif proqramlar hazırlayır.
Bəs Azərbaycanda daxili turizm bu mövsümə hazırdırmı? Xarici turizmin yenidən bərpası üçün hansı işlər aparılır?
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə "Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Azərbaycanda turizmin bərpası digər ölkələrdə olduğu kimi 4 mərhələdə keçiriləcək: "Faktiki olaraq bu gün dünya turizmi ”sıfır" səviyyəsindədir. Bütün ölkələr yenidən qayıdışa hazırlaşır. Dünya təcrübəsində, eləcə də Azərbaycanda turizm qurumları 4 mərhələdən ibarət turizmin bərpasına gedəcək. Hazırda Azərbaycanda bərpa prosesinin birinci mərhələsi reallaşdırılır. Bu mərhələdə agentlik turizm sahəsində sabitliyin qorunmasına çalışıb. Burada əsas atılan addımlar onlayn platformaya keçmək, treninqlərin təşkili, xarici strategiyanın dəyişdirilməsindən ibarətdir.
Beləliklə, birinci mərhələdə əsas iş turizm sənayesini qoruyub saxlamaq, iş yerlərini itirməmək, sənayeyə dəstək olmaq olub. Bildiyiniz kimi, dövlət tərəfindən iqtisadiyyat subyektlərinə, o cümlədən turizm sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən yardım edilib, maaşlar ödənilib, vergilərin bir hissəsi qaytarılıb. Daha dəqiq desək, turizm sahəsində işləyən insanlara 7 milyon 200 min manat maaş ödənilib. Həmçinin 2019-cu ildə ödənilən 500 min verginin bir hissəsi geri qaytarılıb".
Kənan Quluzadə qeyd edib ki, ölkənin iri şəhər və regionları arasında inzibati sərhədlər açılandan sonra ikinci mərhələ başlayacaq: "Bu mərhələ daxili turizmin bərpası və inkişafı ilə əlaqədardır. İkinci mərhələ ”Macəra yaxındadır" vahid platforması bazasında reallaşdırılır. Bu çərçivədə turizm agentlikləri və hotellər könüllü şəkildə birləşərək vətəndaşlara öz büdcələrinə uyğun səyahət edə bilmələri üçün əlverişli mühit yaradacaqlar. Beləliklə, bizim turizm sənayesi ikinci mərhələyə tam hazırdır. Şəhərlər və bölgələrarası gediş-gəliş bərpa olunduqdan sonra biz turizm mövsümünün açılışını elan edəcəyik. Bununla belə, indidən hotellərə sanitar gigiyenik qaydalar, dezinfeksiya işi necə olmalı, iaşə obyektlərində, ictimai nəqliyyatda sosial məsafənin necə gözlənilməsi haqda xüsusi təlimatlar verilib".
Kənan Quluzadə
Kənan Quluzadə qeyd edib ki, üçüncü və dördüncü mərhələlər xarici turistlər üçün sərhədlərin açılması və bu sahənin tam bərpa olunmasıdır: "Postpandemiya dövründə Azərbaycan turizminin rəqabət qabiliyyətliyinin, turizm sahəsində ölkənin imicinin yüksəldilməsi və sanitariya-gigiyena qaydalarına əməl etmənin təmin olunması üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ”SAHMAN" Sanitariya və Gigiyena Metodları və Normaları Proqramını hazırlanıb. "SAHMAN” proqramına qoşulan və şərtləri yerinə yetirən subyektlər yerli və xarici mütəxəssislər tərəfindən monitorinqdən keçirildikdən sonra "SAHMAN” loqotipini istifadə edə biləcək. Bu, turistlərdə əminlik yaradacaq ki, həmin obyektlərdə onların sağlamlığına heç bir təhlükə yoxdur.
Qeyd edim ki, bununla bağlı "SAHMAN” saytına daxil olub, proqrama necə qoşulmaq, ondan necə bəhrələnməklə bağlı məlumat əldə etmək olar".