Xətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür

 

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsində sakinlər tərəfindən tikilmiş mərasim evi, həmçinin əvvəllər şadlıq evi kimi fəaliyyət göstərmiş kafenin söküntüsünə başlanılıb.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Söküntü təxminən 1 hektardan çox ərazidə aparılır. Sakinlərə ərazidə ticarət mərkəzi tikiləcəyini söyləyiblər. "Tikintini aparan şirkətin adı gizli saxlanılır, amma sakinlərə dedilər ki, narazılıq etmək lazım deyil, yeni tikiləcək obyektin bir mərtəbəsində də mərasim evi açılacaq. Buna görə də gözləyirik”, -Adil  adlı sakin deyib.

Digər sakinlər isə tikinti aparan şirkətin Xətai Rayon İcra Hakimiyyətindən icazə aldığını söyləyiblər: "Heç kim razılaşdırmadan daşı-daş üstünə qoya bilməz”.

Amma tikinti şirkətinin onları aldadacağından narahat olanlar da var. Sakinlərdən biri deyir ki, 3-cü binanın qarşısındakı yaşıllıq ərazisi məhv ediləndə yerində park salınacağını demişdilər. Amma çoxmərtəbəli bina tikildi.

"Biz hələ ki gözləyirik, yəqin ki, özülqazma işlərindən sonra burada bina tikilib-tikilməyəcəyi bəlli olacaq, görək nə baş verir...”-sakin deyir.

Hazırda Seyid Əzim Şirvani küçəsi də daxil olmaqla Xətai rayonunda boş ərazi qalmayıb. "Əhmədli” stansiyasından "Bakı kinoteatrı”na və əks istiqamətdə gedən yolların kənarı boyu kommersiya obyektləri sıralanıb.

"Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində iki yolun ortasındakı ayırıcı zolaqda üçmərtəbəli kommersiya obyektinin tikintisi də tamamlanmaq üzrədir. Tikintinin başa çatdığı yerdən yol boyu yaşıllıq zolağı  çoxdan məhv edilib, qalan ağaclarının dibinə zibil tullantıları yığılıb.

Xatırladaq ki, yolun ortasında ağacların kəsilərək yerində obyekt tikilməsinə görə bu ərazidə sakinlər dəfələrlə aksiya keçiriblər. Lakin tikinti dayandırılmayıb. Bu günlərdə isə Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov həmin obyektin yaxınlığında- Qaçaq Nəbi küçəsində yerləşən "Urfa” türk restoranının qarşısında rus nağıl qəhrəmanlarının, o cümlədən Küpəgirən Qarının heykəlini "sakinlərin gediş-gəlişinə mane olduğu” üçün sökdürmüşdü. Yolun düz ortasında tikilən nəhəng obyekt isə bu məntiqlə yanaşanda yəqin ki, sakinlərin gediş-gəlişini "asanlaşdırmağa” hesablanıb...

Ülviyyə Xudiyeva



Oxşar Xəbərlər

Xəbər lenti