"Leyla Şıxlinskaya klinikası”nın keçmiş ginekoloqu ifadə verdi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın klinikası”nın böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə şahid qismində əvvəllər "Leyla Şıxlinskayanın klinikası”nda, indi isə "Gömrük Hospitalı"nda mama-ginekoloq işləyən Xalidə Məmmədova ifadə verib: "Klinikada hamilə qadınlar qeydiyyata düşürdü, 9 ay müayinəyə gəlib-gedirdilər. Hər dəfə də ödəniş olunurdu. Doğuşdan öncə də kassaya pul köçürürdü, biz də əməliyyat edirdik".

Tərəflərin suallarını cavablandıran şahid aldığı məvacibin miqdarını xatırlamadığını deyib: "50 faizə işləmişəm. Nə qədər maaş aldığımı xatırlamıram. Məvacib adətən xəstələrin sayından asılı idi. Maaşımı hər ayın axırında Nadya xanımdan götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu".

Təqsirləndirilən Polad Əliyev (baş mühasibin müavini) isə X.Məmmədovanın ayda 25 -30 min manat pul aldığını deyib.

Şahid qismində dindirilən həkim-ginekoloq Samirə Nağıyeva ifadəsində ayda iki dəfə kassadan maaş aldığını deyib: "Artıq 3 ildir ki, mən o klinikada işləmirəm. Xəstələri müayinə edirdik, əməliyyata girirdik, onların köçürdükləri pullara əsasən maaş almışıq. Sonradan bizə demişdilər ki, guya adımıza maaş kartı açılacaq. Amma açılmadı. Mən kartla maaş almamışam. Mənim mühasibatlıq və qeydiyyat şöbəsi ilə heç bir əlaqəm olmayıb".

Məhkəmə fevralın 23-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}