27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkmənistanda aidiyyəti qurumlar qadın sürücülərin vəsiqələrinin etibarlılıq müddətinin uzadılmasını dayandırıb.
Bu barədə "Alternativnıye novosti Turkmenistana” nəşrinin saytı məlumat yayıb.
Türkmənistanda sürücülük hüququ məhdud müddətə - 10 il müddətinə verilir.
Məlumata görə, qadınlar vəsiqənin etibarlılıq müddətinin uzadılması üçün dövlət yol polisi müfəttişliyinə müraciət etsələr də, orada əyləşən məmurlar yuxarıdan bu barədə göstərişin gəldiyini əsas gətirərək, ərizələri qəbul etmir.
Müfəttişlik konkret olaraq kimin bu barədə göstəriş verdiyini açıqlamır.
Şikayətçilərin sözlərinə görə, onlar kömək üçün hüquqşünaslara üz tutsa da, yalnız məhkəmə və prokurorluğa ünvanlanan ərizəni doldurmağa kömək edə biləcəklərini deyir və hökumətin təzyiqlərindən qorxaraq qadın sürücüləri tam olaraq dövlət qurumlarında və ya məhkəmədə təmsil etməkdən boyun qaçırırlar.
Poliklinikanın həkimləri isə sürücülük vəsiqəsi üçün tələb olunan tibbi-müayinələr zamanı bu barədə susurlar. Qadınlar həmişə olduğu kimi, bu müəssisələrdən tibbi arayış alır. Qadın sürücülər Dövlət Yol Polisi Müfəttişliyinin zərif cinsdən olan sürücülər üçün sənəd qəbulunu dayandırdığını öyrəndikdən sonra həmin arayış lazımsız kağız parçasına çevrilir. Məsələ ondadır ki, bu arayış onlara pulsuz başa gəlmir.
Şifahi qadağa barədə hələlik heç bir rəsmi məlumat verilmir. Ancaq Dövlət Yol Polisi Müfəttişliyinə yaxın olan mənbələr jurnalistlərə verdikləri açıqlamada, dekabr ayında daxili işlər naziri İsgəndər Mulikovun prezident Qurbanqulu Berdiməhəmmədova qadınların tez-tez qəzalar törətdiyini məruzə etdiyini bildirirlər.
Dövlət başçısı məsələnin araşdırılmasını tapşırıb.
Oxu.az xatırladır ki, buna qədər qadınların avtomobil idarə etməsini qadağan edən yeganə ölkə Səudiyyə Ərəbistanı sayılsa da, ölkədə aparılan islahatlardan sonra 2018-ci ildə bu qadağa ləğv olunub.