8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zaqatala rayonunun Danaçı kənd sakinləri Sozcu.info saytına bildiriblər ki, neçə günür həyətlərə dolmuş suyun çəkilməsi ilə məşğuldular. "Hərənin əlində bir bel, suyu təmizləyirik. Allahın bir traktoru da yoxdur. Çox adamın evini su basıb, toyuq-cücəni, qoyun-quzunu sel aparıb. Mən hələ evdə olan əşyaların dağılmasını demirəm. Yer qazıb heyvanları basdırırıq ki, iylənməsin. Kənddə hamının evində kisələrlə un ehtiyatı vardı, yağış məhv elədi”, -kənd sakini Asaf Məmmədov deyir.
Sakinlər deyirlər ki, hər ilin bu vaxtı təbii fəlakətin əlində aciz qalırlar. İl ərzində çəkdikləri əziyyət bir neçə gündə məhv olub dağılır. Amma nə qapılarını döyüb maraqlanan, nə də maddi köməklik göstərənlər var.
"Mənim riyaziyyatım zəifdi, hesablaya bilmirəm. Soğan, kartof, qarğıdalı sahəmi su apardı. 1 hekrat ərazini 40 manata şumlatdırmışdım, 20 manatdan dırmıx çəkənlərə vermişdim, toxumun alınması, suvarma və digər xərclərim də məhv oldu”, -sakinlərdən biri söyləyib.
Kənd sakinləri evlərini, əkin sahələrini sığorta etdirməyiblər, əksəriyyət ümumiyyətlə, belə bir sığortadan məlumatlı deyil.
Rayonun Mazıx kəndində isə dəymiş zərər hesablanır, icra hakimiyyətinin nümayəndələri kəndə baş çəkiblər. Kənd sakinləri bildiriblər ki, Dəli çayı məcrasından çıxıb, nəticədə çayın sağ və sol sahilində evlər su altında qalıb.
"Qardaşımın evini su basdı, 100-dən çox toyuğu, hind quşu, qazı tələf oldu”, - Fikrət adlı sakin söyləyib.
Sığorta şirkətlərinin təklif etdiyi şərtlər ağırdır, buna görə də sığorta etdirə bilmirlər. Hər ilin bu mövsümündə təbii fəlakət də bir yandan ziyan üstünə ziyan gətirir. "Məhsuldarlığın bol olması üçün dəridən qabıqdan çıxırıq, Allahın işidir, belə məsləhət görür”-Mazıx kəndinin sakinlərindən biri təəssüflə danışır.
Kəndin yaxınlığındakı fındıq bağları da sel suları altında qalıb, sakinlərdən birinin "VAZ 2106” markalı maşınını sel aparıb.
Sozcu.info saytı xatırladır ki, hər dəfə təbii fəlakət xəbərlərindən sonra rayon icra hakimiyyətləri dəyən ziyanın müəyyənləşdirildiyini, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü söyləyirlər. Amma bu rəsmi məlumatların doludan, seldən, daşqından ziyan çəkən kəndlilərin dərdinə əlac olduğunu eşidən olmayıb.
Zaqatala Rayon İcra Hakimiyyətindən zərərin hesablanması ilə bağlı sualımıza bir neçə gündən sonra açıqlama veriləcəyini deyiblər: "Bir neçə gün əvvəl yağış yağdı, kəndlərə ziyan dəydi. İndi hava yaxşıdı, gün çıxıb. Təbii fəlakətin zərəri aradan qaldırılır”.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev isə bildirib ki, körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğundan bu qurum tərəfindən bərpa olunub. Həmçinin kəndlərarası yollar da təmir olunur.
"Yanvar ayında kəndlərdə sığorta ilə bağlı maarifləndirmə aparılıb, sakinlərə evlərinin, əkin sahələrinin sığorta etdirmələri tövsiyə olunub. Dəymiş zərər yalnız sığorta edildiyi halda hesablana bilər. "İcbari sığorta haqqında” qanun qüvvədədir və bu məsələ orada əksini tapıb. Sakinlər də etiraf ediblər ki, onlara təklif olunsa da, sığorta etdirməyiblər”,-Ağayev deyib.
Beləliklə yalnız sığortası olanlar dəyən ziyanın qarşılığını ala bilərlər. Əks halda yağışın yaşmaması üçün dua etməkdən başqa çarələri qalmayacaq. Selin qarşısını almaq üçün bəndləmə işlərinin aparılmaması, təsərrüfatların zərər görməməsi üçün doludağıdan topların alınmaması isə bir başqa problemdir.
Sozcu.info