8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vahid Məhərrəmov: "İndi də nazirlikdə idarəetməni qeyri-peşəkarlar ələ alıb”
Bir neçə gün öncə, Saatlıda pambıq tarlasında 23 nəfərin kütləvi zəhərlənməsindən sonra İmişlidə 80 nəfər, daha sonra Yevlax rayonunda yerləşən pambıq sahələrindən birində 24 nəfər zəhərləndi, hansı ki, onlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır. Bundan sonra isə Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu hadisələr təxminən 10 günün içərisində baş verib ki, bu da kənd təssərrüfatı sahəsində çox ciddi problemlərin olduğunu ortaya qoyur. Əslində, Saatlıda baş verən hadisədən sonra ardıcıl kütləvi zəhərlənmələrin baş verməsi ortada ciddi cinayət faktının olduğunu deməyə əsas verir. Hətta pambıq tarlalarındakı zəhərlənmələrdə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov izi axtarılır. Virtualaz.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pambıq tarlalarında istifadə edilmiş pestisidləri alan iki şirkətin adı məlum olub. "MTK” MMC и "CTC-agro.az” şirkətlərinin inhisarçılıq qaydasında aldıqları pestisidlər kütləvi zəhərlənmələrə gətirib çıxarıb.
Adı keçən sayt bu şirkətlərin fəaliyyətini araşdırmaqdadır və yaxın saatlarda adı çəkilən inhisarçıların cinayətkar izləri ilə geniş məlumat dərc edəcəyini bildirib. Sayt yazır ki, artıq indidən bəllidir ki, sözügedən şirkətlər keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədova yaxın sahibkarlara məxsusdur.
"Ölkəyə müddəti keçmiş pestisidlər gətirilib”
Pambıq sahələrində kütləvi zəhərlənmələlə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Hürriyyət”ə dedi ki, pambıq sahələrində kütləvi zəhərlənmələrin səbəbini indiki hakimiyyət açıqlamalıdır: "Yəni bu, onların səlahiyyətləridir. Pambıq tarlalarında istifadə olunan pestisidlərin hansından, yəni orada alaq otlarına qarşı herbisid, xəstəliklərə qarşı fungisid və yaxud həşəratlara qarşı inseksid istifadə olunub? Bax, bu, açıqlanmalıdır. Hansısa dərman pereparatının adı göstərilməlidir ki, hansı adda pereparatdan hansı dozada istifadə olunub. Bu açıqlanmadan ekspertlərin rəy verməsi doğru deyil. Son 10 gün ərzində dördüncü hadisədir ki, kütləvi zəhərlənməyə səbəb olub, pambıq tarlalarında fəhlələr kütləvi şəkildə zəhərlənib. Hər halda, burada bu dərman perepartlarından istifadədən bir neçə saat və yaxud bir neçə gün sonra fəhlələr işə çıxarkən zəhərləniblər. Kütləvi informasiya vasitələrindən əldə olunan məlumatlara əsasən, belə deyirlər. Onu da deyim ki, artıq bir müddət əvvəl məlumatlar var idi ki, ölkəyə müddəti keçmiş pestisidlər gətirilib və müddəti keçdiyi üçün onlardan aşırı qaydada, yəni artıq dozada istifadə olunur və belə halların baş verəcəyi gözlənilirdi. Dərman pereparatlarından istifadə çox ciddi məsələdir. Orada təlimatlar var ki, hansı dozada, nə zaman və nə qədər müddətdən sonra necə istifadə olunmalıdır və nə vaxt canlıların o əraziyə buraxılmasına imkan verilir. Bütün bunların hamısı o təlimatlarda göstərilir”.
"Hələ belə halın olduğunu nə görmüşəm, nə də eşitmişəm”
V. Məhərrəmov diqqətə çatdırdı ki, Azərbaycanda pambıq 1500 ildir əkilir: "Nə tarixdə belə hadisələrin olduğuna rast gəlinib, nə də mən bu yaşımda belə hadisənin olduğunu görməmişəm. Təsərrüfatlarda işləmişəm, lap uşaq vaxtından pambıq sahələrində olmuşuq, başımızın üstündən təyyarə ilə dərman səpiblər və işlədiyimiz sahədə texnika ilə dərman səpini həyata keçirilirdi, hələ belə halın olduğunu nə görmüşəm, nə də eşitmişəm. Belə halın baş verməsi nə ilə bağlıdır? Birincisi, bu sahədə işləyənlərin, xüsusən idarəetmdə olan adamların qeyri-peşəkarlığı ilə bağlıdır. Dediyim kimi, dərman pereparatlarının istifadə məsələsi ciddi məsələdir. Bunlar əvvəlcədən bu işlə məğul olan sahibkarları xəbərdar etməliydilər, bu işi həyata keçirən fəhlələri, mütəxəssisləri maarifləndirməliydilər, ölkəyə gətirilən dərman pereparatının həm keyfiyyətini, həm də müddətini nəzarətə götürməliydilər və imkan verməli deyildilər ki, ölkəyə kefiyyətsiz, müddəti bitmiş dərman pereparatları gətirilsin və ondan sahədə istifadə olunsun. Bu ciddi məsələ olduğu üçün buna ciddi yanaşılmalıdır”.
"Pambıq istehsalı əsasən inhisarçı məmurların əlinə keçib”
"Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi məsuliyyəti öz boynundan atır. Ancaq pambıqçılığın inkişaf etdirilməsi təşəbbüsü Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi. 2015-ci ildən üzü bəri guya, bunlar bu sahədə nəyəsə nail olublar, tez-tez bunu qabardırlar. İnzibati qayda ilə bu işlər görülüb. Onu da deyim ki, artıq pambıq istehsalı əsasən inhisarçı məmurların əlinə keçib və onlar bu sahədə həm istehsaldan, həm emaldan, həm də ixracdan gəlir əldə edirlər. Bu məmurlar da dövlət məmurlarıdır. Əslində, onlar da marağında olmalıydı ki, belə hallar baş verməsin. Nəyə görə baş verir, buna da aydınlıq gətirmirlər”,-deyə ekspert vurğuladı.
"Bu işdə günahkarlar Kənd Təsərrüfat Nazirliyi və bu işi inhisara almış dövlət məmurlarıdır”
Məhərrəmov xatırlatdı ki, 70-ci illərin sonu, 80-ci illərin əvvələrində Azərbaycanda pambıq sovkası geniş yayılmışdı: "Bir müddət buna qarşı dərman pereparatından istifadə etdilər, amma nəticə əldə edə bilmədilər. Ona görə ki, o zərərvericilərin geniş yayılmasının qarşısını almaq üçün daha çox zəhərli maddələrdən istifadə edilməliydi ki, bu da yolverilməzdi. Çünki hər bir şeyin qaydası var. Bu qaydaya uyğun o tədbirlər həyata keçirilməlidir. Həmin vaxtı icazə verilmədi ki, bunlar daha çox zəhərli maddələrdən istifadə etsinlər. Ona görə də məcburiyyət qarşısında qalıb, mexaniki üsulla sovkaya qarşı mübarizə apardılar. Əl ilə yığırdılar və sulu butulkaya atırdılar, sonra onu məhv edirdilər. Mexaniki üsülla sovkaya qarşı mübarizə tədbiri ölkə üzrə geniş yayılmışdı. Yəni dediyim kimi, hər bir şeyin norması var. İndi görünür, bunların pambıq ərazilərində zərərvericilər çoxalıb. Bu da təbiidir. Ona görə ki, bunlar əkin sahəsini həyata keçirdikləri torpaqda bitkilər zəif inkişaf edir və zəif inkişaf etdiyi üçün orada çox asanlıqla ziyanvericilər yayıla bilirlər. Əvvəl örüş sahəsi olan torpaqlarda, yəni nisbətən keyifiyyəti aşağı olan torpaqlarda pambıq əkini həyata keçirirlər. Belə olan halda bitki zəif olur. Bitki zəif olanda da bu ziyanvericilərin qidalanması üçün yaxşı şərait yaranır, onların da sayı artır. İş burasındadır ki, bu sahə ilə məşğul olmazdan əvvəl ciddi hazırlıq işləri görülmür. İndi də, əvvəl də nazirlikdə idarəetməni qeyr-peşəkarlar ələ alıb. Yerlərdə yaradılan kənd təsərrüfatı idarələrinə də qeyri-peşəkarları cəlb ediblər. Qeyri-peşəkar olmaqla yanaşı, həm də bunlar məsuliyyət hiss etmirlər. İndi də məsuliyyəti sahibkarların boynuna atırlar. Əlbəttə, sahibkar deyəndə işin əsas sahibkarı yox, idarəetməyə kimi cəlb edib və yaxud bu işlə kim məşğul olub, onların üzərinə atılacaq. Ancaq əslində, bu işdə günahkarlar Kənd Təsərrüfat Nazirliyi və bu işi inhisara almış dövlət məmurlarıdır . Çünki onlar bu sahədə çalışanlara biganə yanaşırlar. Əmək müqaviləsi bağlanılması üçün müəyyən tələblər olmalıdır, o həyata keçirilmir, bu işçilər sığortalanmır. Dediyim kimi, bu sahəni idarə edən menecerlərin arxasında Kənd Təsərrüfatı Nazirliyi və məmurlar durub. Bu formada idarəçilik də belə halların yaranmasını şərtləndirir. Bax, problem bundadır”.
"Görünür ki, bu vəziyyətdən kiminsə əleyhinə istifadə etməyə çalışırlar”
"Kütləvi zəhərlənmələrdə keçmiş nazir Heydər Əsədovun izi axtarılır. Bu iddia nə dərəcədə doğru ola bilər” sualına V. Məhərrəmov belə cavab verdi: "Bu, kənd təsərrüfatı mütəxəssisinin və hüquq-mühafizə orqanlarının işidir. Əvvəlcə zəhərlənmənin nədən baş verdiyinə aydınlıq gətirilməlidir. Hələ bəlli deyil ki, hansı dərman pereparatının tərkibindən bu zəhərlnmə baş verib. Artıq Saatlıda baş verən kütləvi zəhərlənmədən 10 gün keçib. Bir gündə aydınlıq gətiriləcək məsələ yubanır. Görünür, nəsə başqa səbəb axtarırlar. Öz işləridir. Bu, bizim səlahiyyətimizdə deyil. Ancaq hansı dərman pereparatında istifadə olunub, onu müəyyən etmək 5 dəqiqəlik işdir. Hansı sahələrdə zəhərlənmə baş verib, həmin sahibkar özü də deyə bilər ki, hansı dərmandan istifadə edib, həmin dərman pereparatını hüquq-mühafizə orqanlarna verə bilər və laboratoriya şəraitində müəyyən olunar ki, dərman pereparatı keyfiyyətsiz olub və yaxud tərkibində xüsusi maddə olub. Bu ölkədə nə desəniz, provkasiya, məsuliyyətsizlik, yalnışlıq da ola bilər. Bütün bunların ortaya qoyulması üçün qısa bir müddətdə işlər görülməliydi. Təəssüflər olsun ki, nə hüquq-mühafizə, nə də dövlət orqanları ciddi tədbir görmür. Bu işlərə maksimim 1-2 günə aydınlıq gətirilməliydi, içtimailəşdirilməliydi, hələ də yubanır. Görünür ki, bu vəziyyətdən kiminsə əleyhinə istifadə etməyə çalışırlar. Ancaq unutmamalıdırlar ki, artıq bu insanların sayı azalır və ətraf mühitə çox ciddi ziyan vurulub. Harada ki, o zəhərli maddələrdən istifadə ediblər, orada torpaqda olan faydalı orqanizmin məhv edilməsinə səbəb olur və həmin torpaqlarda gələcəkdə nəinki məhsul istehsal etmək mümkün olmayacaq, ümumiyyətlə, o torpaqların bərpası üçün milyonlarla dollar xərcləmək lazım olacaq ki, o torpaqlar bir müddətdən sonra bərpa oluncaq. Bunu mən əminliklə deyirəm. Yaxın gələcəkdə mütləq biz bunun şahidi olacağıq”.
(Ardı var)
Şamo EMİN, Hurriyyet.org