YPX qanunların deyil, qanunsuzluğun yanında yer alır

YPX qanunların deyil, qanunsuzluğun yanında yer alır

 


 

Peşəkar hüquqşünas Nurlan Maqsudov polisi qanunlara riayət etməyə dəvət edir

26 yanvar 2016-cı il tarixdə prezident İlham Əliyev ölkədəki məmur özbaşınalığı ilə bağlı çıxışında onlara xəbərdarlıq etdi. Bu tənqidin içində bəzi polis məmurları da yer alırdılar. Polis olmaq vətəndaşlar və dövlət qarşısında ikiqat vəzifəni daşımaq deməkdir. Ona görə ki, polis bir yandan qanunların keşiyində durmalı, digər yandan vətəndaşları qorumalıdır. Ancaq, bəzi polis məmurları bu iki qanunu bilmirlər. Buna əyani sübut kimi Bakı şəhər YPX-də çalışan baş leytenant Elgün Dünyamalıyev və "Dövlət Yol Polisi Xidməti İdarəsinin İnzibati Xətalar Haqqında İşlər Üzrə İcraat Şöbəsi”nin inspektoru polis mayoru Anar Hüseynlinin qanunsuz əməllərini nümunə göstərmək olar. 20 ildən  çox peşəkar hüquqşünas kimi fəaliyyət göstərən Nurlan Maqsudovun hüquqlarını pozduqlarına görə məhkəmədə məğlub olan hər iki polis məmuru özlərinin qanunsuz əməllərinə "don geyindirmək” üçün çabalar göstərirlər. 

Prezident Aparatının qarşısında qanunsuzluq

16 dekabr 2018-ci il tarixdə Nurlan Maqsudov şəxsi avtomobili ilə Prezident Aparatının yanında, "İstiqlaliyyət” küçəsindən Niyazi küçəsinə doğru, "Azneft” dairəsinə yolu dönərkən orada "STOP” işarəsinə əməl edərək dayanmışdır. "Azneft” dairəsindən üzü yuxarı sola, yəni Prezident Aparatına oğru dönən avtomobilləri buraxarkən, elə həmin anda Nurlan Maqsudovun qarşısında iki avtomobil, ağ rəngli "Mersedes-Benz S klass” və boz rəngli "Wolksvagen Passat” markalı maşınlar dayanıblar. "Azneft” dairəsindən yuxarı istiqamətdə sola, Prezident Aparatına dönən "Toyota Prado” markalı və digər avtomobil dönmə edərkən onları gözləyib buraxmaq əvəzinə, Nurlan Maqsudovun qarşısında olan avtomobillər hərəkət etdiyindən "Toyota Prado” və digər avtomobillər  sola dönərkən dayanma həddinə qədər sürəti azaldıblar. Yol hərəkəti qaydalarını pozan "Mersedes Benz S klass” və "Wolksvagen Passat” yolu keçdikdən sonra, Nurlan Maqsudov təhlükəsiz vəziyyətdə və heç bir maneə olmadan öz avtomobili ilə hərəkət edib. "Azneft” dairəsindən yuxarı istiqamətdə yüksək sürətlə hərəkət edən "Range Rover” markalı avtomobil sola dönərkən Nurlan Maqsudov avtomobili ilə artıq dönməni başa çatdırıb yolayrıcını azad edib. Beləliklə "Range Rover” markalı avtomobilə (əvvəlki avtomobillərdən fərqli olaraq) heç bir təhlükə yaratmadan hərəkət edib. Bu məqamı sübut edən iki mühüm sənəd, Nurlan Maqsudovun avtomobilində arxa və öndə yerləşən cihaz vasitəsilə qeydə alınmış video görüntülər var. Həmin video görüntülər isbat edir ki, Nurlan Maqsudov əgər "Range Rover” markalı avtomobilə maneçilik etmiş olsaydı, o səs siqnalından və ya uzaqvuran işıqlardan istifadə edib təhlükəli vəziyyət yaratdığını bildirərdi. Bu məqamı nəzərə almayaraq, ərazidə xidmət aparan 99-YP-428 d.q.n. dövlət nişanlı avtomobilin içərisindən baş verən prosesi izləyən Bakı şəhər DYPİ-nin MEB-nin YPX baş inspektoru, polis leytenantı Elgün Dünyamalıyev Nurlan Maqsudovu "Azneft” dairəsindən "Bayıl” istiqamətinə dönərkən saxlatdırıb və qanunun tələblərinə, yəni özünü təqdim etmədən, dönmə edərkən "STOP” işarəsinə əməl etmədiyini və bunun qanun pozuntusu olması barəsində Nurlan Maqsudova bildirib.  Təcrübəli hüquqşünas Nurlan Maqsudovun etirazlarına baxmadan qanunsuz olaraq İXM-nin (inzibati xətalar maddəsi) 327.2 maddəsi ilə İXP-nin 2261293 saylı, 16.12.2018-ci il tarixdə protokol tərtib edib. Halbuki, video qeydiyyatçı cihaz vasitəsilə çəkilmiş görüntüyə baxdıqda bəlli olur ki, o "STOP” işarəsinə əməl edib və "Range Rover” markalı avtomobilə mane olmayaraq, yolayrıcını keçib. "Range Rover” markalı avtomobilə mane olan və əslində Nurlan Maqsudovun ardınca hərəkət edən ağ rəngli "Hyundai Sonata” markalı avtomobil olmuşdur. Bu, video cihaz vasitəsilə qeydə alınmış süjetdə də özünü təsdiq edir.    

Səbail Məhkəmsindən ədalətli qərar

YPX (Yol Polisi Xidməti) baş inspektoru, polis baş leytenantı Elgün Dünyamalıyevin 16 dekabr 2018-ci ildə tərtib etdiyi "İnzibati xətalar haqqında protokolu”, İPX-2261293 saylı sənəddəki hüquqi baxımdan çox ciddi qanunsuzluqlar və öz hüquqlarının pozulması ilə bağlı Nurlan Maqsudov Səbail rayon Məhkəməsinə müraciət edib. Məhkəməyə bir hüquqşünas kimi dəlil-sübutlarla çıxan Nurlan Maqsudov Elgün Dünyamalıyevin hüquq sahəsindən başı çıxmadığını isbat edib. O, yol hərəkəti qaydalarını pozmadığını və  şəxsi avtomobilində yerləşdirdiyi cihazda qeydə alınmış video süjetlərin görüntülərini məhkəməyə təqdim etməklə yanaşı, qarşı tərəfin də bu məsələ ilə bağlı dəlil-sübutlarını ortaya qoymalarını təklif etmişdir. Elgün Dünyamalıyev əsaslı dəlil və sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün prosesi uduzdu. Səbail Məhkəməsinin hakimi Anar Tanrıverdiyev Nurlan Maqsudovun məhkəməyə təqdim etdiyi sübutları peşəkar səviyyədə incələyərək  4 yanvar 2019-cu il tarixdə Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin 20.12.2018-ci il tarixli inzibati tənbehvermə haqqında qərarını ləğv edən qərar çıxarıb. Məhkəmənin bu ədalətli qırarında qeyd olunur ki, Nurlan Maqsudov barəsində YPX əməkdaşı Elgün Dünyamalıyev tərəfindən inzibati tənbehvermə haqqında qərar qəbul edilsə də, Nurlan Maqsudovun avtomobilində quraşdırılmış video qeydiyyat cihazı vasitəsilə çəkilmiş görüntüyə baxış keçirilməməsi iş üçün əhəmiyyət kəsb edən halların səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən sübuta verilməməsinə və düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hakim Anar Tanrıverdiyevin verdiyi qərarda qeyd olunur ki: "Nurlan Maqsudovun Səbayel rayon Məhkəməsinə etdiyi şikayət təmin edilsin. Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin 20.12.2018-ci il tarixli 2261293 saylı inzibati tənbehvermə haqqında qərarı və həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin”.

YPX məmurlarının uğursuz cəhdləri

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsi Səbail rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verib. 25 fevral tarixində hakim Elmar Rəhimovun sədrliyi ilə keçən məhkəmədə hüquqi sənədlərə istinad etmədən Səbail rayon Məhkəməsinin qərarı ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin hakiminin büroktatik dillə verdiyi qərarda qeyd olunur ki: "1.12 nişanlama xətti-stop-xəttin tələbini pozaraq irəli çıxıb. Daha sonra üstünlük hüququna malik Rance-Rover markalı nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuşdur. Səbail Məhkəməsi 1.12 nişanlanma xətti-stop-xəttin tələbini pozması halına münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin şikayəti qismən təmin edilsin. Səbail rayon Məhkəməsinin qərarı ləğv edilsin, inzibati xəta haqqında işə yenidən baxılması üçün Səbail Məhkəməsinə qaytarılsın”. Beləliklə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov iki qanunsuz əməli ortaya qoyub. Bu, YPX əməkdaşının yol hərəkəti qaydalarını pozması haqqında tərtib etdiyi protokol və Səbail Məhkəməsinin konkret iş üzrə verdiyi ədalətli qərarı tanımamaqdan ibarətdir. Digər qanunsuzluq Bakı Apellyasiya Məhkəməsində iddiaçı tərəfin prosesdə iştirak etməməsi  və Elmar Rəhimovun əsil zərərçəkənin hüquqi tələblərinə məhəl qoymamasıdır. Bakı Apellyasiya Məhkəməsində iddiaçı qismində çıxış edən polis məmurları yetərincə hüquqi sənədlərləri ortaya qoymamışlar. Hadisə ilə bağlı hüquqi dəlilə səbəb olmayan video-süjetlərlə məhkəməni aldadıblar. Çünki, Nurlan Maqsudov haqqında protokol tərtib edən Elgün Dünyamalıyev çalışdığı DYP idarəsində aparılan araşdırma zamanı izahatında qeyd edib ki: "qayda pozuntusunu vizual şəkildə aşkar edib”. O zaman sual yaranır: Elgün Dünyamalıyev öz gözü qarşısında Nurlan Maqsudovun avtomobilindən öndə dayanmış avtomobillərin qaydaları necə pozuqlarını görmürdümü? Bakı Apellyasiya Məhkəməsi Nurlan Maqsudovun əsil dəlil-sübut sənədi sayılan video-süjetlərə məhəl nə üçün qoymayıb? DYP-nin adından Bakı Apellyasiya Məhkəməsinə tədqim olunan 5 səhifəlik şikayət ərizəsindəki qüsurları Elmar Rəhimov nədən görməzlikdən gəlib? DYPİ-nin 5 səhifəlik şikayətində əsasən "xətt-stop-xətt qaydaları”na yer verilib. Halbuki, elə YPX əməkdaşının Nurlan Maqsudov haqqında tərtib etdiyi protokolda bu məsələ ilə bağlı heç bir hüquqpozma əlaməti qeyd olunmayıb.     

Qanunları pozan polislərdən şikayətlər davam edir

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun hüquqpozma qaydaları əsasında çıxardığı qərardan razı qalmayan Nurlan Maqsudov məcbur olaraq "Məhkəmə Hüquq Şurası”na, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə və digər dövlət orqanlarına şikayət ərziələri ilə müraciət edib. Tanış olduğumuz sənədlər, video-süjetlər sübut edir ki, Nurlan Maqsudov hüquqi baxımdan heç bir qayda pozuntusuna əməl etməyib. Hətta Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşrəvan Səfərovun adından 23.01. 2019-cu il tarixli, 046-4035 saylı Bakı şəhər Apellyasiya Məhkəməsinə təqdim olunan şikayət ərazisində Nurlan Maqsudovun deyil, "Bəhruz Nuriyev” adlı birisinin qaydaları pozması haqqında müfəssəl açıqlama verilib. Şikayət ərizəsinin 3-cü səhifəsinin 3-cü abzasında bildirilir ki: "Bakı şəhər Əliyar Əliyev küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsindəki körpünün altında....filan qayda pozuntularına yol verilib”. DYPİ-nin tərtib etdiyi bu şikayət ərizəsinin Nurlan Maqsudovla əlaqəsi yoxdur. Prezident Aparatının yanında heç zaman körpü olmayıb. Hakim Elmar Rəhimov görünür hüquqi dəlillərə deyil, "müəmmalı” telefon zəngləri əsasında qərarlar verməyə vərdiş edib. Elə ona görə də, məhkəməyə təqdim olunan və başdan ayağa qüsurlu sənədlər əsasında qərarlar verərək insanların taleyi ilə acımasızcasına oynayır. Görəsən and içdiyi Azərbaycan Respublikasının Konstitusiyanın tələblərinə əməl etmədiyinə görə vicdan əzabı çəkirmi? Vətəndaş qanunu pozmadığını sübut və dəlillərlə ortaya qoyursa, nə üçün gözlərini yumub məhkəmə prosesində ona edilən telefon zəngləri əsasında qərar qəbul edir? Elmar Rəhimov Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsinə işə düzəlmək üçün testdən necə "alnıaçıq” çıxıb? Nurlan Maqsudov 20 ildən artıq peşəkar hüquqşünas kimi fəaliyyət göstərir. Ömründə bircə dəfə də olsun qanun pozuntusuna yol verməyib. Onu bəzən qanunları pozmaqda ittiham etməkdə suçlayanlar sonradan özləri suçlu çıxıblar.

Ənvər Yusifoğlu,

"Yeni Sözşü" qəzeti  



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}