Tənqid boşluğunu dolduraq deyə...

Tənqid boşluğunu dolduraq deyə...

 

Müsahibimiz "Kirpi tv” satirik jurnalının  baş redaktoru Məmməd Əfşandır.

 

-"Kirpijurnalı əvvəl respublikamızda ən çox sevilən, oxunan və tirajlanan  satıra və yumor jurnalı olub. Sonralar müxtəlif qəzetlər və jurnallar kimi, onun da parlaq işığı zəiflədi və yaddan çıxdı. Bununun səbəbi nə idi?

-Tamamilə haqlısınız, "Kirpi” satira və yumor jurnalı Azərbaycan mətbuatının satira səhnəsində ən uzun ömürlü, ən çox  oxunan və sayılıb- seçilən məcmuə olub. Ayda iki dəfə dərc olunurdu və hər nömrəsinin tırajı 350 mindən çox idi (bunu mən uzun illər  həmin jurnalın redaksiyasında işlədiyimə görə bilirəm).  Həmin tirajın 300 mini abunə hesabına yayılırdı.

-Jurnalın belə şöhrətlənməsi və sevilməsi hansı amillərdən irəli gəlirdi?

-Səbəb çox şey göstərə bilərəm, amma ilk səbəb jurnalın səhifəsində xalqı düşündürən narahat edən  mövcud çatışmazlıqlar, əyər-əskiklər dərc edilirdi və hansı vəzifə sahiblərinin səhlənkarlığı, naşılığı, işbilməzliyi və laqeydliyi üzündən buraxılan nöqsanlar açıq-aşkar göstərilirdi. Jurnalda həmçinin dövlət əmlakına gizlincə əl uzadan haramxorlar, oğrular, fırıldaqçılar, rüşvətxorlar, o dövrün dili ilə desək, və sair "antipodlar” sərrast, düzgün, qərəzsiz tənqid olunurdu. Bu haqlı tənqidə görə də  rəhbər partiya və sovet orqanları "Kirpi”ni müdafiə edib, günahkarları layiqincə cəzalandırırdı. Daha dəqiq desək, Respubkika KP Mərkəzi Komitəsi özü jurnalın fəaliyyətini diqqətlə izləyirdi.

Digər səbəblərdən biri də o idi ki,  jurnal fəaliyyətə başladığı gündən onun rəhbərliyində və yaradıcı kollektivində ictimaiyyət tərəfindən tanınan, nüfuzlu peşə və sənət sahibləri çalışırdılar. Bu da "Kirpi”nin ilk nömrələrindən etibarən,nüfuz, hörmət və şöhrət tapmasında əsas amil idi. Prinsipiallığı və işgüzarlığı ilə tanınan Əvəz Sadıq, ondan sonrakı baş redaktorlar - ömrünün 20 ildən çoxunu "Molla Nəsrəddin” jurnalında çalışan, qocaman jurnalist Qulam Məmmədli, satirik yazıçı Seyfəddin Dağlı, yazıçı Salam Qədirzadə və Şamil Xurşud jurnalın oxunaqlı və qərəzsiz mövqe tutmasına çalışmışlar və peşəkar satiriklər dəstəsi yetişdirilməsində böyük əmək sərf etmişlər.

Məhz bu səbəbdən də Azərbaycanın ünlü şair və yazıçıları, o cümlədən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov, Sabit Rəhman, Əli Vəliyev, Rüfət Əhmədzadə və qeyriləri jurnalla  müntəzəm əlaqə saxlayır, satirik şeir və hekayələrini dərgidə çap etdirirdilər. Hətta böyük Səməd Vurğunun "Çil toyuğun tək yumurtası” adlı satirik şeiri ilk olaraq "Kirpi” jurnalında dərc olunmuşdu.

O dövrdə jurnal redaksiyasında  tanınmış yazarlarla yanaşı, gənc satiriklər də toplanmışdı. R.Əhmədzadə, R.Zəbioğlu, A.Elçin, Nemət Sükut və s. belələrindən idi. Jurnalda həmçinin Nəcəfqulu, Tenavski, Adil Quliyev, Hafiz Nəsiroğlu kimi karikatura ustaları çalışırdı və onların çəkdikləri karikaturlar məna və məzmun etibarı hamını heyran qoyurdu.

 Bir sözlə, «Kirpi» jurnalı 1952-ci ildən ta 1986-cı ilə kimi çoxminli oxucuların, peşə və sənət adamlarının ən çox oxuduğu və sevdiyi jurnal idi. Respublika rəhbərliyi, ilk öncə də Ulu Öndər Heydər Əliyev məcmuəyə çox həssaslıqla yanaşır, "Sağlam tənqid işə kömək edir. Tənqidi boğmaq, həqiqətin üstünü basdırmaq olmaz... Qoy ədalət  zəfər çalsın” - deyərdi. 1985-ci ildən, daha dəqiq desək, Mixail Qorbaçovun  "yenidənqurma”sı, digər ictimai-siyasi, mədəni və təsərrüfat sahələrində olduğu kimi, ədəbi tənqidə, o cümlədən də «Kirpi» jurnalına mənfi təsir göstərdi. Belə ki, həmin dövrlərdən başlayaraq, jurnal ayda iki dəfə yox, bir dəfə dərc olunmağa, siyasi  və ictimai satiranın kəsəri azalmağa başladı. Peşəkar satiristlər və güclü qələm sahibləri redaksiyadan uzaqlaşdırıldı. Onları isə satira aləminə yad olan adamlar əvəzlədi. Bu azmış kimi rəhbər orqanlar da onun fəaliyyətinə nəzarəti zəiflətdi və nəhayət ayda iki dəfə və ən azı 350 min tırajla dərc edilən jurnalın əvvəlki şöhrəti büsbütün itdi. Ildə 3-4 nömrəsi cuzi tırajla buraxıldı. 2017-ci ilin əvvəlindən- Baş redaktor P.Qasımovun vəfatından sonra onun nəşri dayandırıldı.

- Bəs buna səbəb nəydi?

- Polad Qasımov rəhmətə gedəndən sonra, onun Respublika Gömrük komitəsində işləyən oğlu Fuad Qasımov "jurnal atamdan miras qalıb” - deyərək dərgini qeyri-qanuni özəlləşdirdi. Bu azmış kimi redaksiya əməkdaşlarını işdən çıxartdı və jurnalın uzun illik əmlakını daşıyıb harasa apardı. Sonda da heç nəyə nail olmadı.

-İndi siz «Kirpi» jurnalını yenidən dərc edirsiniz? Yoxsa... Bu yolda sizə uğurlar diləyirik. Amma mətbuatda bildirilirdi ki,köhnə «Kirpi»ilə yenisi arasında qalmaqal ola bilər.

-Qətiyyən! Əvvəla onu deyim ki, mənim baş redaktoru olduğum "Kirpi-tv” sələfinin törəməsi deyil, tamam yeni satirik jurnaldır və o, " Kirpi-tv” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiliyi ilə dərc olunur. Bu cəmiyyət də təzə yaranmayıb, bir necə ildir fəaliyyətdədir. Cəmiyyət müasir dövrdə dövlətin siyasi,iqtisadi tərəqqisində  və cəmiyyətin sürətlə inkişaf prosesində mətbuatda tənqid boşluğunu doldurumaq məqsədi ilə "Kirpi tv” satira-yumor jurnalı nəşr etmək qərarına gəlib.

Bir daha deyirəm "Kirpi tv”-nin amalı cəmiyyətdə sağlam mühit yaratmaq,  dövlət qanunları cərcivəsində fəaliyyət göstərmək və real və qərəzsiz tənqidi çıxışları ilə dövlətimizin inkişafında ona dəstəkçi olmaqdır. El məsəlidir, deyərlər tənqiq olmayan yerdə həqiqi inkişaf da yoxdur. Çünki tənqid cəmiyyətin güzgüsüdür. O, sağlam mənəvi mühitin formalaşmasına daim kömək edir.

- Amma, indiki səlahiyyət sahibləri tənqidi xoşlamırlar. Bir çox hallarda isə jurnalistlərin qələmə aldıqları tənqidi yazılara görə onlar məhkəmələrə verilir, təqib edilir. Bu da "böyüklərdən” "kiçiklərə” doğru yönəlməsinə yol açır. "Kirpi tv”-nin tənqid hədəfi kimlər olacaq.

- Bir el sözü də var. Deyilir: tənqid zəhərdən acıdır. Amma o da məlumdur ki, dərmanlar acı olsa da xəstələrə şəfa verir. Müasir dövrdə ilan çalanı, ilan zəhəri (zərdabı ) ilə sağaldırlar. Bir də üzməyi bacaranlar uzağa üzməkdən və qasırğadan qorxmamalıdır. Allaha şükürlər olsun ki, indi  Azərbaycan respublikasında nə tufan var, nə də qasırğa. Cəmiyyətimiz də, onun ideoloji sahibinə xidmət edən  mətbuatımız da inkişaf və tərəqqi yolunda inamla irəliləyir.  Üstəlik  dövlətimizin mətbuat  haqqında qanunu hər şeyi  nizamlayır. Həmin qanunun müddalarını əsas tutan yaradıcı kollektivimiz siyasi, istiqsadi, mədəni və mənəvi həyatımıza yamaq və inkişafımıza mane  olan  mənfi ünsürlərə qarşı mübarizə aparacaq.

Bir də peşekar, öz sənətinin  əsl fədası olan jurnalist gərək təqiblərdən və məhkəmələrdən qorxmasın. Deyilənə görə bəzi jurnalistləri məmurlar içəri buraxmırlar. Adamın inamağı gəlmir. Məncə O jurnalist qapı arxasında saxlanılır ki, məmur onu yaxşı tanıyır və hansı əməl sahibi olduğunu,  gəlməkdə məqsədini  bilir.

Jurnalist hər şeydən öncə jurnalist şərəfini  və jurnalıst adının təmizliyini qorumalı, hər addımda o jurnalist etikasına rəiyyət etməli və  jurnalist məsuliyyətini unutmamalıdır. Bilməlidir ki, qərəzsiz jurnalisti dövlətimiz və onun qanunları qoruyur. Peşəkar jurnalist də öz dövlətinə və onun qanunlarına  söykənir.

O ki, qaldı bizim hədəfimizə; Bunu gələcək fəaliyyətimiz göstərəcək. Bizim üçün hədəfin böyüyü və ya kiçiyi olmayacaq. Həqiqi, real, dürüst, qərəzsiz tənqid və aydın mövqe nümayiş etdirəcəyik. Bəli, tənqid acıdır. Onu hər adam qəbul eləmir. Amma cəmiyyətimizin daxilində hamını narahat eləyən əyər-əskiklər və yaralar-illətlər də az deyil. Onları aşkarlamağa və cəmiyyətin əzalarından xaric etməyə çalışacayıq. Budur, bizim amalımız.

Tənqid boşluğunu dolduraq deyə...

 

 

- "Kirpi tv”  bu gündən etibarən çox çətin, nahamar yola çıxır. Bu yolda Allahımız bizə yar, dövlətimiz havadar olsun!

- Hazırda hər bir mətbu orqanın problemlərindən biri də onun maliyyə çətinliyidir. Üstəlik də indiki dövrün ictimai məlumatları internet üzərindən keçir ki, bu da yazılı mətbuatın işini xeyli çətinləşdirir. Siz maliyyə problemlərinizi necə həll edəcəksiniz?

- Doğrudan da hazırkı mətbu orqanların ən çətin problemi maliyyə məsələsidir. Bu, bizi də düşündürür, amma qorxutmur. Niyə? Ona görə ki, indi yazılı mətbuatı oxuyan azdır. Çünki onlar çox vaxt bir-birini təkrar edir və tərif tənqidi üstələyir. Buna görə də cəmiyyət özündəki  problemləri eşitmir. Bu problemlər isə çoxdur. Gizli deyil ki, əhalini narahat edən, düşündürən, ağrıdan  əyər - əskiklərimiz mövcuddur. Şikayətlərə barmaqarası baxılır və sair, ilaxır. 

Bu  ağrılarla və onların aradan qaldırılması ilə bizim jurnal məşğul olacaq və əhali arzu və istəklərini onun səhifələrində tapacaq. Onların ümidi bizə, bizim də məramımız onlara doğrudur. Oxucu və alıcı çoxluğu əldə etsək, şübhəsiz ki, problemimizi az da olsa, həll edə biləcəyik. Bundan əlavə biz  reklamlara və elanlara da yer verəcəyik. Və həm də dövlətimizin mətbuata yardım fondunun köməyinə də ümid bəsləyirik. Hər şeydən öncə istəyirik bizim yardımçımız və himayədarımız doğma Azərbaycan xalqı və Azərbaycan dövləti olsun.

- Hər mətbu orqanın öz dəsti-xətti,  nədən və necə yazmaq, hansı formada yazmaq məramı olmalıdır.

 Sizdə necə, Molla Nəsrəddin ənənəsi davam edəcəkmi?

- Şübhəsiz! Bizim də öz dəsti-xəttimiz olacaq. Güclü qələm sahiblərini ətrafımıza toplamaqla və Molla Nəsrəddin ənənələrini onun və sələflərinin mübariz mövqeyini qoruyub saxlamaqla yazıb, yaradacağıq. "Molla Nəsrəddin”i, Mirzə Cəlili,  M.Ə.Sabiri, Ə.Qəmküsarı, Q.Məmmədlini; "Kirpi” R.Əhmədzadəni, R. Zəbioğlunu, Nəcəfqulunu, Adil Elçini, Hafiz Nəsiroğlunu yetişdirdiyi kimi, "Kirpi Tv” də özünün peşəkarlarını, istedadlı qələm sahiblərini yetişdirəcək. Buna inanın!

Onu da qeyd edim ki, beynəlxalq müsabiqələr laureatı H.Nəsiroğlu və Əməkdar jurnalist S.Hüseynoğlu "Kirpi tv”-in redaktorlarıdır. Bir sözlə məqsədimiz tənqidə olan mənfi münasibəti dəyişdirmək,bu sahədə yaranan boşluğu doldurmaqdır.

- Bu çətin yaradıcılıq və mübarizə yolunda Sizə uğurlar diləyirik.

- Sizə də həmçinin!

 

Heydər Oğuz,

Ovqaqt.com



Oxşar Xəbərlər

Xəbər lenti