8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avqustun 3-də Nail Allahverdiyevin idarə etdiyi və ona məxsus olan "Mercedes Gelandewagen” markalı avtomobilin paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətməsi nəticəsində həlak olan piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov ölkə.az-a müsahibə verib. Müsahibəsində R.Əsədov bir çox maraqlı məqamlara aydınlıq gətirib, sürücü Nail Allahverdiyevə layiqli cəza verilməsini istədiyini dilə gətirib, Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyini söyləyib.
– Atanızın ölümü barədə ilk haradan xəbər tutdunuz? –Polisdən öyrəndim. Qəza baş verən gecəsi atamı gözlədik, ancaq evə gəlmədi. O heç vaxt evə 12-dən gec gəlməzdi. Mən də gedib parka baxdım, tapa bilmədim. Daha sonra Polis İdarəsinə getdim. Orada mənə dedilər ki, atanız rəhmətə gedib.
– Qarşı tərəfdən sizə başsağlığı verilibmi, kömək edilibmi?
– Bəli, atamın ölüm xəbərini öyrənəndən sonra Nazirlər Kabinetinin bir neçə vəzifəli şəxsi başsağlığı vermək üçün evə gəlmişdilər. Ancaq Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib, başsağlığı verməyib. Səhv etmirəmsə, Nail Allahverdiyevin ailəsindən də heç kəs bizə başsağlığı verməyib.
Bilirsiniz, atam harınlamış gəncin hərəkətlərinin qurbanı oldu. Əgər atam hər hansı gözlənilməz fəlakət nəticəsində dünyasını dəyişsəydi, bu bizi o qədər də yandırmazdı. Mən hər zaman demişəm ki, insanın başına gözlənilmədən hər şey gələ bilər. Misal üçün, insan yolla gedəndə başına nə isə düşə bilər, yolda hərəkət edən maşının təkəri partlaya bilər, həmin maşın da insanı vura bilər. Ancaq 240 km/saat sürətlə avtomobili idarə edərək, orta yoldan qıraq yola keçəsən və öz yolu ilə hərəkət edən piyadanın üzərinə çıxasan. Atamın 74 yaşı var idi, hər gün axşam parkda gəzirdi. Qəza olan da atam parkdan qayıdırdı.Yəni, bu böyük faciədir. Bu cür harın adamlar lazımı cəzalarını almasalar, onların qurbanları daha çox ola bilər. Mən Nail Allahverdiyevin layiqli şəkildə cəzalandırılmasını istəyirəm. Digər tərəfəndən isə mən özümün və ailəmin gələcəyinin sığortalanmasını istəyirəm. İstəmirəm ki, sabah oxşar hadisə mənim uşağımın da başına gəlsin.
– Nail Allahverdiyev artıq həbs edilib. Bundan sonra nə tələbiniz var?
– Əsas tələbim Nailin layiqli cəza almasıdır. Tək Nail Allahverdiyevin deyil, bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm. Əgər bu gün biz bu hadisəyə sussaq və günahkarı bağışlasaq, sabah yenə də oxşar hadisələr təkrarlanacaq. Heç kəs deyə bilməz ki, sabah oxşar faciə ilə onlar üzləşməyəcəklər. Ona görə də biz bu hadisəyə susmalı deyilik, günahkarın cəzalandırılmasını tələb etməliyik. Əgər bu gün mən buna sussam və Nail Allahverdiyevi bağışlasam, sabah oxşar faciə qardaşımın və ya hər hansı qohumumun başına gəlsə, o zaman özümü bağışlaya bilməyəcəm. Ona görə də Nail həbs edilməli və layiqli cəzasını çəkməlidir ki, bu digər məmur övladlarına da dərs olsun. İstəyirəm ki, dövlətimiz bu cür günahkarlara ədalətli cəza kəssinlər. Çünki ölkə başçısı da dəfələrlə məmurlara xəbərdarlıq edib ki, övladlarınızın hərəkətlərinə nəzarət edin, harınlamağına imkan verməyin və sairə. İnanıram ki, Nail Allahverdiyev də ədalətli cəzasını alacaq. Daha 4-5 ay icbari cəza çəkməklə canını qurtara bilməyəcək. Yəqin ki, atamın ölümündə təqsirli bilinən şəxslərin layiqli cəza alması ilə bağlı ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya da müraciət edəcəyik. Mehriban xanımın qəbuluna düşməyə də çalışacam. Mən təhlükəsiz həyat yaşamaq istəyirəm. Axı nə üçün hansısa qudurğan məmur övladına görə Azərbaycanı tərk etməliyəm? Bura mənim də Vətənimdir. Mən bu torpaqda doğulmuşam və burada da yaşamaq istəyirəm. Bütün bunları hörmətli Mehriban xanıma müraciətimdə də qeyd edəcəm.
Bir məsələni də qeyd edim. Bilirsiniz, hadisə yeni törədiləndə atamın meyitini bizdən gizlətmək istəyirdilər. Qəza baş verən gecəsi polis atamın ölümü ilə bağlı bizə xəbər verməmişdi. Halbuki, atamın cibində hər zaman şəxsiyyət vəsiqəsinin və əlaqə üçün telefon nömrəsi olurdu. Onu biz bilərəkdən qoyurduq ki, başına iş gəlsə, xəbər edən olsun. Ancaq həmin nömrədən bizimlə heç kəs əlaqə saxlamamışdı. Atam hər gecə evə saat 12-dən gec gəlməzdi. Hadisə gecəsi isə saat təqribən 01:00 idi, atamdan xəbər yox idi, mən evdən çıxıb parka tərəf getdim, ancaq onu tap bilmədim. Həmin gecə saat 2-3 olardı ki, mən Polis İdarəsinə müraciət etdim. İdarədə bildim ki, atam rəhmətə gedib. Bütün bunlara görə də düşünürəm ki, atamın meyitini gizlətməyə çalışacaqdılar.
– Nail Allahverdiyevin ailəsi tərəfindən bağışlanmaları xahiş olunsa, hansı addımı atardınız?
– Bilirsiniz, Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır. Bunu ağlımızdan belə keçirmirik. Şükürlər olsun ki, evimiz var, birtəhər dolanırıq. Bizi maraqlandıran əsas məsələ odur ki, günahkarlar layiqli cəzasını çəksin.
– Digər valideyninizi nə vaxt itirmisiniz?
– Bəli, anam 2015-ci ildə dünyadan köçüb. Ailədə 4 övladıq, hazırda bu evdə bir bacım, bir də mən yaşayırıq. Böyük bacım və qardaşım ailə həyatı qurublar. 27 yaşım var. Bakı Musiqi Akademiyasını bitirmişəm.
Qeyd edək ki, müsahibimiz fotolarının çəkilməsini istəmədi. Bildirdi ki, sosial şəbəkələrdə bir qrup ağzına gələni yazan var. İstəmirəm fotolarımın altına rəy yazıb ürək bulandırsınlar. Dərdimiz özümüzə bəsdir. Biz də müsahibin xahişini nəzərə alaraq üzünü çəkmədik.