8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünya şöhrətli və artıq həyatda olmayan bir alimi təhqir edən şəxs Azərbaycan hökumətinin sözçüsü ola bilərmi?
Sentyabrın -7 də bəşəriyyətə, dünya elminə ağır itgi üz verdi. Dünyanın Lütfi Zadə kimi tanıdığı, 20-ci əsrin ən böyük alimi Lütfəli Rəhim oğlu Ələsgərzadə gözlərini əbədi yumdu. 1921-ci ildə Bakıda doğulan azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşdü. Dünyanın ən yaxşı 10 ali məktəbinin sırasında olan Kaliforniya Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olan Lütfi Zadənin elmə verdiyi tövhənin nəticəsi olaraq Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.
Lütfi Zadə bəşəriyyətin tarixində yeni səhifə açan şəxs kimi dəyərləndirlir və bu dəyərləndirmə tam həqiqətdir. Eləcə də Lütfi Zadənin ölümü bəşəriyyət üçün ağır itgi hesab edilir. Ancaq çox maraqlıdır ki, bütün dünyada adı dillər əzbəri, elm dünyasının səcdə etdiyi bir alimin ölümünə heç bir əxlaqa sığmayan reaksiyanı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli verdi. Lütfü Zadənin Azərbaycanda dəfn olana biləcəyi ilə bağlı medaiada dolaşan fikirlərə aydınlıq gətirmək üçün jurnalistlərdən biri Akif Əli ilə əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərinin mətbuatda yayılan möqveyi isə bütün cəmiyyəti silkələdi. Məlum olduğu kimi Akif Əli junalistə bildirib ki, " O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin” .
Elmdən, maarifdən uzaq, bütün düşüncəsi günün yaxşı keçməsi olan Azərbaycan məmur təbəqəsinin tipik nümayəndəsi kimi çıxış edən Akif Əlinin tərcümeyi-halında qeyd edildiyi kimi Filologiya elmləri üzrə fəlsəfə doktoru, çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifi olmasını nəzərə alanda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərnin təkziblə çıxış edəcəyi gözlənilirdi. Ancaq Akif Əlinin özünə bəraəti daha betər oldu. Belə ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri görkəmli alimlə bağlı işlətdiyi "fındıqbaş” ifadəsinə belə haqq qazandırıb: "O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”.
Göründüyü kimi Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər arzuolunmaz təsadüfün deyil, şüurlu düşüncənin məhsuludur. Əgər Akif Əlinin birinci açıqlamsını hansısa arqumentlə izah etmək mümkün idisə, onun ikinci açıqlaması göstərdi ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri məhz belə düşünür.
Onun bu düşüncələri isə onunsuz da həsas olan Azərbaycan cəmiyyətini daha da silkələdi. Sosial şəbəkələrdə insanlar Akif Əlini də, onun əməkdaşı olduğu Nazirlər Kabinetini də sərt tənqid etdi. Cəmiyyətin kəskin etirazı hökuməti mövqe bildirməyə məcbur oldu.
Baş nazirin müavini Abid Şərifov Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirərək, belə deyib:”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir.Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli sən kimsən ki,dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən? Sənin buna nə mənəvi haqqın var. Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım.Dövlət başçısı, Birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm.Çox biabırçı bir açıqlamadır”.
Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb. "Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxartmaq səlahiyyəti isə Baş Nazirə aiddir.Bu barədə danışdıqdan sonra qərar veriləcək.Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəyinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir.”
Baş nazirin müavini Abid Şərifovun bu açıqlamasından günlər keçsə də, Akif Əliyə hansı cəza verilməsi məlum deyil. İstisna deyil ki, Artzur Rəsi-zadə mətbuat xidmətinin rəhbərinə töhmət verməklə onu qorumağa çalışacaq. Halbuki, cəmiyyət Akif Əlinin daha ciddi cəzalandırılmasını tələb edir. Ancaq Baş nazir Artur Rəsi-zadə cəmiyyətin nə düşündüyünü bilməkdən çox uzaqdır.
Akif Əli hakimiyyətdə ciddi mövqe sahibi olmasa da, hökuməti təmsil edən bir şəxsin belə bir açıqlaması bütövlükdə iqtidarın əleyhinə işləyir. Xüsusilə indiki həsas məqamda Akif Əli kimi əhəmiyyətsiz mövqe sahibinin düşüncəsiz bir açıqlaması da cəmiyyətdə gərginlik yaratmağa qadirdir. Belələrinin cəzalandırılmaması isə növbəti şok açıqlamara münbit şərait yaradır. Prezident Adminstarsiyasında bu haqqda dərindən düşünməlidirlər. Sonra gec ola bilər.
Arzuman Nəbiyev,
"Yeni Sözçü” qəzeti