Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

Coşqun Əhmədzadə kimdir:  Gömrük məmuru yoxsa sahibkar?

 


 


 

                                 Səfər Mehdiyev kimə vəzifə verdiyini bilirmi?

 


Avqust ayında Dövlət Gömrük Komitəsində struktur islahatlar və kadr dəyişiklikləri həyata keçirildi. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifə verdiyi şəxslərdən biri də Coşqun Mübariz oğlu Əhmədzadə oldu. Belə ki, DGK sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Coşqun Mübariz oğlu Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edildi. Bu təyinatdan əvvəl Çoşqun Əhmədzadə Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin həyata keçirdiyi struktur islahatlar nəticəsində Avtonəqliyyat Baş Gömrük İdarəsi Aksiz Baş Gömrük İdarəsi ilə birləşdirilmiş, Coşqun Əhmədzadənin tutduğu vəzifə ləğv olunmuşdu. 

Ancaq DGK-nin sədri Səfər Mehdiyev Coşqun Əhmədzadəyə daha yüksək vəzifə,  Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsini verdi. Bu təyinat haqlı olaraq bir neçə sual doğurdu. Həmin suallardan birincisi, Coşqun Əhmədzadənin kimliyi ilə bağlıdır.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Coşqun Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kiçik qardaşıdır.

İkinci sual Dövlət Gömrük Komitəsində kadr təyinatlarının hansı prinsiplər əsasında aparılması ilə bağlıdır. Bu sualın cavabı bir çox məqamların üzərinə işıq sala bilər. Bununla bağlı qeyd edək ki, Coşqun Əhmədzadə ötən ilin yanvarında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə təltif edilənlər arasında olub. Dövlət başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə Əhmədzdə Çoşqun Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə təltif edilənlər arasında Bakı Baş  Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov, Aksiz Baş Gömürk İdarəsinin sabiq rəisi Ehtiram Xəlilov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyev də olub. Çox maraqlıdır ki, Bakı Baş  Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, Aksiz Baş Gömürk İdarəsinin sabiq rəisi Ehtiram Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Halbuki, Coşqun Əhmədzadə ancaq  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bir müddət əvvəl isə məlum oldu ki, ötən ilin yanvarında 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Sadiq Abduyev bir neçə gömrük məmuru və işbazla əlbir olaraq ölkəyə saxta dərmanların gətirilməsinə rəhbərlik edib. 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Vüsal Novruzovun adı isə büdcədən külli miqdarda gömrük rusumlarının yayındırılmasında hallanır.

 "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Coşqun Əhmədzadənin adı hələlik belə cinayət xarakterli əməllərdə hallanmasa da, onun da fəaliyyətində dövlət qulluğu ilə üst-üstə düşməyən məlumatlar var. Məsələn, Coşqun Əhmədzadənin "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etməsi haqqında rəsmi məlumatlar var. 23 yanvar 2012-ci ildə təsis edilmiş "Corasuni” MMC-nin qeydiyyata alındığı hüquqi ünvanla Coşqun Əhmədzadənin daimi pasport qeydiyyatında olduğu ünvan da üst-üstə düşür. Belə ki, Coşqun Əhmədzadə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68-də yerləşdiyi kimi "Corasuni” MMC-də həmin ünvanda yerləşir.

Coşqun Əhmədzadənin məmur karyerası ilə üst-üstə düşməyən başqa bir məsələ Qax rayon, Qaxbaş kəndində inşa etdirdiyi tikililərlə bağlıdır. Bu tikililər rəsmi sənədlərdə 2 ədəd fərdi yaşayış evi kimi göstərilib. Həqiqətdə isə onların otel kimi istifadə olunduğu iddia olunur. Qax rayon, Qaxbaş kəndində inşa edilən evlərlə başqa sullar da var. Məlum olduğu kimi Coşqun Əhmədzadənin atası Mübariz Əhmədzadə Qax rayonunun icra başçısı olub, indi isə bu rayona atasının xalası oğlu Musa Şəkiliyev rəhbərlik edir. Buna görə Coşqun Əhmədzadənin həmin evlərin inşa edildiyi ərazini hansı şərtlər çərçivəsində alması suallardan biridir. Başqa bir sual aylıq əmək haqqı 700 manat civarında olan bir gömrük məmurunun Bakıda və Qaxdakı mənzil və evləri hansı pullar hesabına inşa etdirməsi ilə bağlıdır. Bütün bu suallara Coşqun Əhmədzadənin aydınlıq gətirməsinə çalışsaq da, gömrük məmuru Azərbaycan qanunlarına hörmətsizlik edərək sorğumuzu cavablandırmadı. Bütün bu suallara Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin aydınlıq gətirəcəyinə ümid edirik. 

"Yeni Sözçü” qəzetinin araşdırma qrupu



Oxşar Xəbərlər

Xəbər lenti