“Ağdam” restoranının qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var

 

Xarkovda "Ağdam” restoranının qarşısında güllələnən 32 yaşlı Azərbaycan vətəndaşı bu şəhərdəki "Barabaşovo” bazarında ticarətlə məşğul olub.

Bu barədə Xarkov polisi yerli KİV-lərə bildirir. Polisin məlumatına görə restorandan çıxanlara hücum edənlər 4 nəfər olub, ancaq onlardan ikisi "Kalaşnikov” avtomatından atəş açıb. Atəş açanlardan biri "Kalaşnikov”u hadisə yerində atıb. Habelə hadisə yerində hücum edənlərə aid əlcəklər, patronlar və maskalar tapılıb.

* * *11:53

Xarkov polisi bu şəhərdəki "Ağdam” restoranının qarşısında avtomatla bir qrup şəxsə atəş açılması hadisəsinin bəzi təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, ilkin məlumata görə əsasən azərbaycanlılardan ibarət olan təxminən 9 nəfərlik kampaniya restorandan çıxarkən onlara yaxınlaşan avtomobildəki naməlum şəxs "Kalaşnikov” avtomatından atəş açıb. Nəticədə 32 yaşlı Azərbaycan vətəndaşı başından güllə yarası alıb, 38 yaşlı Gürcüstan vətəndaşı isə qabırğasından yaralanıb. Azərbaycan vətəndaşı xəstəxanaya aparılarkən yolda ölüb. Atışma zamanı yaxınlıqdakı "Toyota” avtomobilinə də xeyli güllə dəyib.

* * *11:19

Bu gün martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində naməlum şəxs "Ağdam” restoranından çıxan bir qrup "qafqazlıya” avtomatdan yaylım atəşi açıb.

Sözçü info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, axşam saat 23.00 radələrində bir qrup "qafqazlı” restorandan çıxarkən onlara avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslərdən biri onlara tərəf avtomatdan atəş açıb və hadisə yerindən uzaqlaşıb. Nəticədə bir Azərbaycan vətəndaşı ölüb, Gürcüstan vətəndaşı olan daha bir nəfər (milliyyəti hələ açıqlanmır) yaralanıb.

 

Xarkov polisi şəhərdə cinayətkarların axtarışına başlayıb, yollarda postlar qurulub. Güllələnənlərin kimliyi və nə işlə məşğul olduqları haqda məlumat verilmir. Lakin ehtimal olunur ki, hadisə iki mütəşəkkil cinayətkar qruplaşma arasında baş vermiş silahlı "razborka”dır.

Bundan əvvəl Odessada Azərbaycandan olan bir qrup qanqster çoxsaylı silah-sursatla yaxalanmışdı. Onların daha əvvəl silahlı hücum həyata keçirdikləri bildirilir. Təfərrüatlar barədə məlumat verilmir. Son vaxtlar azərbaycanlı mafioz qruplaşmalar Ukraynada nüfuz bölgüsü uğrunda mübarizəyə başlayıblar və göründüyü kimi bu mübarizədə silahlar işə düşür.



Oxşar Xəbərlər

Xəbər lenti