“Regionda heç kimin müharibə niyyətinə düşməsinə imkan vermərik...” - 102-Cİ BAZA PAŞİNYANI DA DEVİRƏ BİLƏR?

“Regionda heç kimin müharibə niyyətinə düşməsinə imkan vermərik...” - 102-Cİ BAZA PAŞİNYANI DA DEVİRƏ BİLƏR?

 

Rusiya Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvlərindən ibarət nümayəndə heyəti Ermənistandakı 102-ci hərbi bazaya baş çəkib.Sozcu.info  xəbər verir ki, "Moskovskiy Komsomolets” qəzeti həmin səfərlə bağlı bazadan reportaj hazırlayıb.

"Rusiyanın xaricdəki hərbi bazalarının sayı elə də çox deyil. Onların hər biri özünə görə unikaldır. Lakin Ermənistanın Gümrü şəhərində yerləşən, Aleksandr Nevski ordenli 102-ci baza xüsusilə fərqlənir. Bu, Rusiya ilə birbaşa quru əlaqəsinə malik olmayan yeganə forpostdur. Və hərbi münaqişə halında o, hansısa müddət ərzində düşmənlə təkbətək qalmalı olacaq”-qəzet yazır.

Məqalədə deyilir ki, Gümrüdən cəmi 16 kilometr məsafədə yerləşən Türkiyə NATO-nun üzvüdür, qərb tərəfdə "dost olmayan” Gürcüstan dayanır, Dağlıq Qarabağda isə hələ də közərən münaqişə ocağı qalır. "Bütün bunlar 102-ci bazanı regionda yeganə sülhyaradıcı qüvvəyə çevirir”-Rusiya qəzeti vurğulayır.

 

"Bizim bazanın başlıca vəzifəsi regionda heç kim müharibə başlamaq barədə niyyətə belə düşməsin. Bu o deməkdir ki, biz həmişə tam döyüş hazırlığında olmalıyıq. Ona görə də daim məşq edirik, erməni ordusu ilə birgə təlimlər keçiririk, qarşılıqlı fəaliyyəti sınaqdan keçiririk”-hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov deyib.

Qəzet qeyd edir ki, Rusiyanın Cənubi Qafqazdakı "hərbi nümayəndəliyində” 5500 əsgər və zabit xidmət keçir, onlardan 1500-i çağırışçılardır. Motoatıcıları tank batalyonu, bir neçə raket və artilleriya diviziyonu, xüsusi təyinatlı rota, pilotsuz aviasiya operatorları bölməsi dəstəkləyir. Bütün bu qruplaşmanı Yerevan yaxınlığındakı "Erebuni” aerodromundakı aviapolk dəstəkləyir. Bir neçə dəqiqə ərzində MiQ-29 qırıcılarından və Mi-24 zərbə vertolyotlarından ibarət qüvvə qoşunlara köməyə gəlməyə hazırdır.

Rusiya MN yanında İctimai şuranın sədri, "Moskovskiy Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev də öz təəsüratlarını bölüşüb. Deyib ki, 102-ci baza doğrudan da Rusiyanın cənub forpostudur. "Onlar burada ona görə xidmət edirlər ki, biz "böyük torpaqda” dinc və sakit yaşayaq”-Qusev deyib.

Qəzetin yazdığına görə ekspertlər qeyd edirlər ki, hazırda regionda kövrək tarazlıq hökm sürür. "Gürcüstan 2008-ci il hadisələrindən sonra butulkaya girmək istəmir, açıq-aşkar NATO-ya və ABŞ-a simpatiya bəsləyən Azərbaycan hələlik dostyana neytrallığı saxlayır, Türkiyə isə hətta bizimlə sıx hərbi-texniki əməkdaşlıq qurur. 102-ci bazanın özü isə əla çəkindirici amildir. Ən azından 2044-cü ilə qədər”-məqalədə deyilir.

Lakin qəzet qeyd edir ki, situasiya istənilən an dəyişə bilər. "Üstəlik Ermənistanın özündə siyasi situasiya dinamitdən betərdir. Buna misal Yerevandakı son çaxnaşmalardır ki, qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirdi. Və onda 102-ci baza məcbur olacaq ki, eyni zamanda bütün cəbhələrdə müdafiəni qoruyub saxlasın”-məqalədə Rusiya hərbi bazasının Ermənistanın özünə qarşı da tətbiq edilə biləcəyinə açıq eyhamla bildirilir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}