Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Rusiya prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub.
Sozcu.info xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons "Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub.
Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: "Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik ki, sizi necə lazımsa əyləndirək. Amma bu haqda heç kimə deməyin. Yaxşı?”
Ardınca o, əlavə edib ki, Rusiya öz problemlərinin həlli ilə məşğuldur və başqa ölkələrin işlərinə qarışmaq niyyətində deyil. Hərçənd Putin istisna etməyib ki, ABŞ-da 2020-ci il prezident seçkiləri kampaniyasından sonra da Moskvanı müdaxilədə günahlandıranlar tapılacaq.
Lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyində Putinin zarafatını zarafat kimi yox, ciddi qəbul ediblər və xaricdən yönələn istənilən təhdidi almağa hazırdırlar. Nazirlik bu barədə bildirib: "Bizim hökumətin əlinin altında bunun (Rusiyanın müdaxiləsinin) qarşısını almaq üçün bütün alətlər var”.
Qeyd edək ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ətrafında siyasi qalmaqal hələ də səngiməyib. Xüsusi prokurorun iki ilə yaxın apardığı təhqiqatda Trampın Rusiya ilə gizli işbirliyinə dair tutarlı sübutlar tapılmasa da şübhələr qüvvəsində qalır.