“Bugünkü konfrans Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını göstərdi” - Deputat

“Bugünkü konfrans Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını göstərdi” - Deputat

 

Xəbər verdiyimiz kimi bu gün Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

 

Zirvə görüşündə açılış nitqi söyləyən Prezident İlham Əliyev deyib ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və sosial müdafiəsidir. Prezident Azərbaycanın koronavirusla (COVID-19) mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi bildirərək ölkəmizin koronavirus xəstələrinin müalicəsi sahəsində təcrübəsini bölüşməyə və əməkdaşlığa hazır olduğunu deyib.

Bizimyol.info xəbər portalı Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Zirvə görüşündəki giriş nitqi ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Deputat bildirib ki, Azərbaycan koronavirus pandemiyası meydana çıxdığı ilk gündən özünə qapanmadan bu virusla mübarizədə beynəlxalq səylərə töhfə verməyə, bu istiqamətdə qazandığı uğurlu təcrübəni digər ölkələrlə bölüşməyə başladı: "Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, ölkəmiz üçün priotitet məsələ insanların sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsidir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ilk gündən adekvat və operativ qərarlar qəbul edildi. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Qısa müddətdə Azərbaycanın bu istiqamətlərdə səyləri öz töhfəsini verdi. Hazırkı mürəkkəb dövrdə Azərbaycan bir çox ölkələrə dəstəyini əsirgəmədi, onların yanında olmağa çalışdı”.

Ceyhun Məmmədov vurğulayıb ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır: "Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə birgə səylər nəticəsində Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmağa çalışır.

Prezident videokonfransda pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər barədə də geniş məlumat verdi. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxananın ayrıldığını, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatların Azərbaycana gətirildiyini, testlərin aparılması üçün ölkəmizdə 23 laboratoriyanın fəaliyyət göstərdiyini, indiyə kimi 160 mindən artıq testin keçirildiyin vurğuladı”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın bu istiqamətdə səyləri xarici dövlətlər və beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir: "Ümumdünya Səhiyyə Təşkilatının sədri məhz bu səyləri nəzərə alaraq dəfələrlə Azərbaycana təşəkkürünü bildirib. Videokonfransda iştirak edən bir sıra dövlətlərin rəhbərləri də Azərbaycana əməkdaşlığa və dəsətəy görə təşəkkürlərini bildirdilər.

Bugünkü konfrans Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, xarici dövlətlərin Azərbaycanla əməkdaşlıqda və onun təcrübəsini öyrənməkdə maraqlı olduğunu bir daha göstərdi”.

Ramid İbrahimov

 


Oxşar Xəbərlər

Xəbər lenti