Prezident İlham Əliyev Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrini qəbul edib

 

Prezident İlham Əliyev Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.

Dövlətimizin başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik etdi və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirdi. Leonid Slutskinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan Prezident İlham Əliyev onun həmin vəzifədə fəaliyyətinin MDB məkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirdi. Dövlətimizin başçısı əminliyini ifadə etdi ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezident İlham Əliyev Leonid Slutskiyə gələcək fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə və təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Leonid Slutski dedi: "Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır. Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. Sizin müdrik rəhbərliyiniz ilə ölkəniz son illər MDB məkanından daha geniş miqyasda ən çox inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib”. Leonid Slutski bildirdi ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir. Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərimizə xələl gətirə bilməz.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.



Oxşar Xəbərlər

Xəbər lenti