8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin Sərəncamı son 12 ildə penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsinə start verir.
Bu fikri "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev fevralın 15-də AZƏRTAC-a açıqlamasında deyib.
Sərəncamda nəzərdə tutulan yeniliklərin ölkəmizdə aparılan islahatlar kontekstində də nəzərdən keçirilməsinin vacibliyini vurğulayan Ə.Nuriyev bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatlar həmahəng şəkildə aparılır. Digər sahələrdəki dəyişikliklər də bu islahatları tamamlayır və inkişaf üçün yeni imkan, stimul yaradır. Bu baxımdan Penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini nəzərdə tutan Sərəncam məhz zamanın ruhuna uyğundur. Azərbaycan bütün sahələrə yeniliklər, dinamizm və qabaqcıl standartlar gətirən islahatlar mərhələsindən keçir. Cəza siyasətinin liberallaşdırılmasına da bu prizmadan yanaşılmalıdır.
"Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar bir tərəfdən, hazırda ictimai münasibətlərdə və cəmiyyət həyatının bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən, mövcud problemlərin səmərəli həllinə olan ehtiyac bunu zəruri edirdi. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü həm müasir dövrün tələblərini nəzərə alır və innovasiyalar üçün imkan yaradır, həm də mövcud problemlərin səmərəli həlli üçün yeni yanaşmalardan və qabaqcıl dünya təcrübəsindən yararlanmağı təqdim edir. Bu addım həm də zamanında atılıb və penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən səmərəli yararlanmaq imkanı verir. Sərəncamı diqqətlə təhlil etsək, görərik ki, burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə alınıb. Uzun illərdir cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan şəxs kimi deyə bilərəm ki, Sərəncamda mövcud problemlər çox aydın şəkildə göstərilib”, – deyə Ə.Nuriyev bildirib.
Diqqətə çatdırıb ki, Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. Digər tərəfdən, alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq, bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır və cəza siyasəti buna uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Dövlətimizin başçısı aydın mesaj verdi ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni, dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qeyd etdiyi kimi, "İmzalanan Sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir”.
Ədliyyə Nazirliyi, Penitensiar xidmət hər zaman cəzaların icrası sahəsində mütərəqqi yeniliklərə açıq olub. Bu vaxta qədər bu sahədə çoxşaxəli islahatlar həyata keçirilib, səmərəli ictimai nəzarət sistemi tətbiq olunub. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də institusional sahədə yeniliklər tətbiq edilib. Bu Sərəncam isə indiyədək görülən işlərin davam etdirilməsi, yeni islahatlar üçün çox yaxşı imkan yaradır və vəzifələri müəyyənləşdirir. F.Ələsgərov müsahibəsində bunu çox dəqiq ifadə edib: "Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün "yol xəritəsi” olacaq”.
Ekspert qeyd edib ki, digər mühüm məsələ Penitensiar xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur. İslahatlar Penitensiar xidmətə öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa imkan verəcək. Sərəncamda, xüsusilə alternativ cəzaların çəkilməsi ilə bağlı səmərəli nəzarət sisteminin yaradılmasının vacibliyi vurğulanıb. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür.
Eyni zamanda, alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması, islah sisteminin səmərəli işləməsi üçün də Sərəncama əsasən, tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bu sistemi idarə edəcək, məntəqə tipli cəzaçəkmə müəssisələri yeni formatda fəaliyyət göstərməli olacaqlar. Məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsi ehtiyacı yaranacaq. Bütün bunlar üçün də müasir həll variantları təklif edilir. Xüsusən bizneslə əməkdaşlıq imkanları yaranacaq. İKT-nin tətbiqi isə insan hüquq və azadlıqlarını pozmadan ləyaqətli rəftar standartları çərçivəsində nəzarəti həyata keçirməyə imkan verəcək.
Ə.Nuriyev bildirib ki, Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiya tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaqdır. Yəni, cəmiyyət və dövlət belə səhvlərin aradan qaldırılması üçün daha humanist yanaşma nümayiş etdirir. Probasiya tədbirləri ilk növbədə, profilaktika deməkdir. Yəni, səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunun üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır. Probasiya tədbirləri insanı cəmiyyətdən təcrid etmədən onun islahına imkan yaradır. Ekspert araşdırmalarına görə, azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilmədən islah olunma dövlətə beş dəfə ucuz başa gəlir. Eyni zamanda, bu tədbirlər cəza verilən şəxslər üçün cəmiyyətin xeyrinə işləmək və fayda vermək şansı da yaradır. Probasiya xidmətinin yaradılması cəzanı cəmiyyət və cəza təyin edilmiş şəxsin özü üçün yenidən tərbiyəyə çevirmək imkanı yaradır.
Şübhəsiz ki, bütün bu addımlar məhz toplumun maraqlarına xidmət edir, cəmiyyətdə humanist dəyərlərin möhkəmlənməsini şərtləndirir. Humanist dəyərlər isə tərəqqinin, ən başlıcası, sosial ədalətin təməlini təşkil edir. Sərəncamın əsas qayəsini də ümumi şəkildə məhz belə ifadə edə bilərik.
"Probasiya mürəkkəb sosial-hüquqi institutdur və onun səmərəli işləməsi üçün kompleks yanaşma tələb olunur. Prezidentin Sərəncamı məhz kompleks tədbirləri nəzərdə tutur və bu, sənədin üstünlüklərindən biri də məhz budur. İlk növbədə, normativ hüquqi baza yəqin ki, yenidən nəzərdən keçirilməlidir. Məhkəmə sistemi cəzaların təyin edilməsi praktikasında doğrudan da çox ciddi dəyişiklik etməlidir. Sərəncamda məhkəmələrə tövsiyə hissəsində bu məsələlər çox aydın və ətraflı şəkildə əksini tapıb. Məhkəmə sistemi, hakimlərimiz elə praktika gətirməlidirlər ki, Sərəncamda nəzərdə tutulan hədəflərə tam çata bilək. Eyni zamanda, məhkəmə araşdırması da daha ciddi aparılacaq. Hakimlərimizin məsuliyyətinin artacağını söyləyə bilərik.
Digər tərəfdən, Probasiya xidmətinin tətbiqi hər şeydən əvvəl ixtisaslaşmış kadrların hazırlanmasını zəruri edir. Çünki Probasiya sistemi daha çox fərdi islahı və hər bir məhkuma individual yanaşmanı əsas tutur. Probasiya sistemi elə işləməldir ki, cəza və mükafatlandırma tədbirlərində tarazlıq gözlənilsin. Eyni zamanda, subyektiv yanaşma hallarının qarşısı alınsın. Statistika və uçotun aparılmasının, məlumatların toplanmasının effektiv sistemi olmalıdır ki, tədbirlərin necə səmərə verdiyini görmək mümkün olsun. Bundan başqa, ictimai nəzarətin də əhəmiyyəti artacaq. Yeni sistemin necə işləməsi və mümkün nöqsanların aradan qaldırılması üçün ictimai nəzarət çox mühüm alət kimi çıxış edəcək”, – deyə "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti xüsusi vurğulayıb.