Nazim İbrahimovun kadrı korrupsiyada ittiham olunur

 

 

Ukraynadakı səfirimizin sələfinə qarşı mübarizəsi diplomatik xidmətinin hansı vəziyyətdə olduğunu da göstərir

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev barəsində Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərməsi haqqında məlumat ölkəmizin siyasi gündəminə bomba kimi düşüb. Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayətində Azər Xudiyev Tələt Əliyevi səfir olduğu dövrdə diplomatik nümayəndəliyinin binasını təmir etdirərkən, böyük məbləğdə vəsaiti mənimsəkdə ittiham edir. Səfirimizin bu müraciətindən sonra Kiyev Məhkəməsi Tələt Əliyevin mənzilində axtarış aparılması barədə qərar çıxarıb.

Bu məsələdə diqqət çəkən bir məqam var. Məsələ ondan ibarətdir ki, Tələt Əliyev Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən kənarlaşdırıldıqdan sonra bir müddət onun vəzifəsi boş qalıb və səfirin səlahiyyətlərini bir müddət müvəqqəti işlər vəkili həyata keçirib. Ondan sonra Eynulla Mədətli səfir təyin olunub və belə bir iddia ortaya çıxmayıb. İndi bu məsələnin ortaya çıxması təsadüf kimi görünmür. Tələt Əliyev baş verənləri Azər Xudiyevin ondan qisas almağa çalışması kimi qiymətləndirir: "Məsələ burasındadır ki, mən Azərbaycanın Ukraynadakı səfiri olduğum vaxtlarda, Azər Xudiyev mənim diplomatım idi. O, həmin vaxtlar özünü yaxşı aparmadığı üçün barəsində bəzi fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinə yazmışdım. İndi isə o burada səfir olub. Hazırda mənə qarşı axmaq hərəkətlər etməyə başlayıb. Məndən qisas almaq istəyir. Guya mən səfirliyi təmir etdiyim zaman, böyük məbləğdə vəsaiti mənimsəmişəm. Urkayna məhkəməsinin qərarı ilə evimdə axtarış da aparılıb”.

Bakıda isə ekspertlər hesab edir ki, səfir Azər Xudiyev özbaşına belə addım ata bilməz. Eyni zamanda Tələt Əliyevin səfir vəzifəsindən azad edilməsi də yeni məsələ deyil. Təxminən 2000-ci illərin əvvələrinə gedib çıxan məsələləri həm də xarici bir dövlətin hüquq-mühafizə orqanlarının əli ilə araşdırmaq heç bir səfirin özfəaliyyəti hesab oluna bilməz.

Adının çəkilməsini istəməyən ekspertin sözlərinə görə, sabiq səfir Tələt Əliyevlə bağlı hazırkı səfirin şikayətinin arxasında heç şübhəsiz ki, Bakıdakı güclü məmurlardan biri dayanır. "Burada isə iki niyyət ola bilər. Məlum olduğu kimi Tələt Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun kadrı olub. Ümumiyyətlə, Ukraynadkı səfirliyin fəaliyyətindən əsas cavabdeh şəxs Nazim İbrahimov olub. Məlum olduğu kimi Nazim İbrahimov komitə sədri təyin edilməzdən əvvəl məhz Ukraynadkı səfirliyə rəhbərlik edib. Komitə sədri təyin edildikdən sonra Tələt Əliyev məhz onun təqdimatı ilə səfir təyin olunub. İndi isə Nazim İbrahimov komitə sədri deyil. Ona qarşı maliyyə pozuntuları ittihamı da ən yüksək vəzifəli şəxslər tərəfindən səsləndirilib. İstisna deyil ki,  Ukraynadakı hazırkı səfirin sabiq səfirə qarşı korrupsiya ittihamı da məhz Nazim İbrahimovla bağlıdır”.

Ekspert hesab edir ki, məsələ Tələt Əliyevin özü ilə bağlı olsaydı bu məsələ o səfir vəzifəsindən azad edildikdən dərhal sonra qaldırılmalı idi. "Tələt Əliyev səfir vəzifəsindən 2010-cu ildə azad olunub. Ona qarşı korrupsiya ittihamı irəli sürmək üçün səkkiz il keçməsini gözləmək məntiqsiz görünür”.

Bununla yanaşı ekspert istisna etmir ki, Azər Xudiyevin gündəmə gətirdiyi korrupsiya ittihamı xarici işlərnaziriElmar Məmmədyarova qarşı oyunların tərkib hissəsi də ola bilər. Tələt Əliyev də səfirlikdə həyata keçirilən təmir işlərinin Azərbaycanın Xarici İşlər Nazirliyinin və Layihə İnstitutunun nəzarətində olduğunu, təmir işlərinin nazirlik tərəfindən diqqətlə yoxlanıldığını və ortaya heç nə çıxmadığını vurğulayır.  Ekspert hesab edir ki, ikinci ehtimalı güclü əsası olan ehtimal hesab etmir və əsas diqqətlərin Nazim İbrahimovla bağlı məqama yönəldilməsini daha doğru hesab edir. Çünki, sabiq səfir Tələt Əliyev iddia edir ki, Azər Xudiyev səfir kimi fəaliyyətini unudub, Ukraynadakı Azərbaycan diasporasının nümayəndələrinə qarşı düşmənçilik edir. Diaspor nümayəndələri ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına şikayətlər yazır.

Tələt Əliyev iddiasına görə, səfir öz hərəkətləri ilə səfirliklə Azərbaycan diasporu arasında uçurum yaradır. Ekspert hesab edir ki, bütün bu işləri heç bir səfir özbaşına edə bilməz. "Azər Xudiyevin bu hərəkətlərinin arxasında Bakıdakı mövqe savaşları dayanır”.

Məlumatlı mənbə isə bildirir ki, Ukraynadkı diaspor arasında Nazim İbrahimovun mövqeləri çox güclüdür. Tələt Əliyev də Nazim İbrahimovun kadrı hesab olunur. İndi həm Tələt Əliyevə, həm də diasporun rəhbər şəxslərinə qatşı səfirin şikayətləri Nazim İbrahimova qarşı yönəlib.

Bu iddianın həqiqətə nə qədər yaxın olduğunu bilmirik. Ancaq Azər Xudiyevin hərəkətlərini bir səfirin korrupsiyaya qarşı mübarizəsinin nəticəsi hesab etmək çox çətindir…

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti