8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Onun prezident seçilməsi isə son nəticədə Mixail Saakaşvilinin Gürcüstana maneəsiz şəkildə qayıdışını təmin edəcək
Natiq Cəfərli: "2-ci turda İvanişvilinin dəstəklədiyi namizəd uduzma təhlükəsi ilə üzləşib"
Bildiyiniz kimi, oktyabrın 28-də qonşu Gürcüstanda növbəti prezident seçkiləri keçirilib və bu zaman müstəqil namizəd, hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyasının dəstəklədiyi, 2004-2005-ci illərdə xarici işlər naziri olmuş Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı "Güc birlikdədir" təşkilatının namizədi, 2008-2012-ci illərdə xarici işlər naziri postunda təmsil olunan Qriqol Vaşadze 37,7 faizini, digər namizədlərdən David Bakradze 10,97, Şalva Natelaşvili 3,76, David Usupaşvili 2,26, Zurab Caparidze 2,26 və Kaxa Kukava isə 1,33 faizini toplayıb. Məhz elə buna görə də prezident seçkilərinin qalibi noyabrın 28-də keçiriləcək ikinci turda məlum olacaq. İkinci tur seçkilərdə isə namizədlər Salome Zurabişvili və Qriqol Vaşadze yarışacaq. Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, ikinci turda sadə səs çoxluğu ilə qalib gələn namizəd prezident seçiləcək.
Beləliklə, Gürcüstanda cərəyan edən prosesləri təhlil etdikdə aydın şəkildə görünür ki, hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyası nəyin bahasına olursa-olsun seçkilərdən qalib ayrılmağa çalışır və bu istiqamətdə ciddi addımlar atmaqdan çəkinmir. Məsələn, Gürcüstan hakimiyyətinin "Qara siyahı"da qeydiyyata düşən 600 mindən çox vətəndaşının banklara olan borcunu silməsi bunun bariz sübutu kimi dəyərləndirilə bilər. Belə ki, sözügedən məsələ ilə bağlı açıqlama verən Gürcüstanın baş naziri Mamuka Baxtadze gürcüstanlıların 1,5 milyardlıq borcunun sıfırlanacağını bildirib: ""Qara siyahı"da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumlarına təxminən, yarım milyard lari təşkil edən borclarından gedir. Qərara əsasən, həmvətənlərimizin 1,5 milyardlıq bu borcu sıfırlanacaq". Baxtadzenin sözlərinə görə, borcların silinməsinə dekabrın 15-dən başlanılacaq və proses ayın sonuna kimi davam edəcək. Bununla da o, əhalimiz yeni ili borcsuz qarşılayacağını vurğulayıb.
Nəzərinizə çatdıraq ki, bu mövzu ilə əlaqədar mövqeyini bildirən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin fikrincə, Gürcüstanda artıq 15 ilə yaxındır ki, vətəndaşlar üçün "kredit tarixçəsi" anlayışı var: "Gürcüstanda bank sektoru rəqabətli mühitdə fəaliyyət göstərir, Avropa və ABŞ banklarının bazara birbaşa çıxışları var, yerli banklar onlarla rəqabət aparır. Nəticədə bank xidmətlərinin keyfiyyəti yüksəlib, fazi dərəcələri isə çox aşağıdır. Gürcüstanda artıq 15 ilə yaxındır ki, vətəndaşlar üçün "kredit tarixçəsi" anlayışı var. Yəni, kredit tarixçəsinə görə banklar müştərilərlə müqavilələr bağlayır, tarixçəsi uğurlu, yaxşı olanlara banklar ciddi güzəştlər tədbiq edir ki, bu da yaxşı və ödənişqabiliyyətli müştəri olmağı stimullaşdırır. Son 15 ildə Gürcüstanda kredit tarixçəsi korlanan, bankların ümumiləşdirilmiş qara siyahısına düşən 600 min vətəndaş var ki, onlar banklardan kredit ala bilmir. Bu da iqtisadi münasibətlərin zəifləməsinə, iqtisadiyyatın çarxlarının yavaşlamasına səbəb olur. Gürcüstan hökuməti qara siyahıya düşən 600 min vətəndaşın banklara olan borcunu silmək, onları iqtisadiyyata qazandırmaq üçün təşəbbüslə çıxış edib. Yeni ilə qədər bütün Gürcüstan vətəndaşları bankların qara siyahısından çıxarılacaq. Bunun üçün 1,5 milyard lari, yəni, 562 milyon dollar vəsait bankarın hesabına köçürüləcək ki, onlar da vətəndaşların borcunu siləcək". Natiq Cəfərli hesab edir ki, vətəndaşların banklara olan borcunun silinməsi həm onları yükdən azad edərək yenidən kreditlərə çıxış imkanı qazandıracaq, həm də banklar əlavə olaraq dövriyyəyə 1,5 milyard lari buraxmağa, bununla da iqtisadiyyatda növbəti canlanma dalğası yaratmağa nail olacaq: "Yəni, pulu vətəndaşlar deyil, banklar alacaq". Gürcüstan hökumətinin bununla bağlı büdcədən pul xərcləməyəcəyini deyən REAL-ın icra katibinin səzlərinə görə, Gürcüstanın "boz kardinalı" Bidzina İvanişvilinin "Kartu" Fondu bütün vəsaitin ödənilməsini öz üzərinə götürüb: "Həmin fond bu günə qədər Gürcüstanda təhsil, səhiyyə, sosial layihələrə pul ayırırdı, ilk dəfədir ki, bank kreditləri ilə bağlı qərar verilib". Politoloq bu qənaətdədir ki, İvanaşvilinin prezident seçkilərindən öncə belə bir addım atması, təbii ki, seçkilərə hesablanıb: "Çünki 2-ci turda İvanişvilinin dəstəklədiyi namizəd uduzma təhlükəsi ilə üzləşib. Mən gürcüləri az-çox tanıyıramsa, bu addım əks-effekt verəcək, 2-ci turda müxalifətin dəstəklədiyi namizəd qalib gələcək".
Gördüyünüz kimi, politoloq Natiq Cəfərli də bizimlə eyni mövqedən çıxış edərək, hesab edir ki, hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyası Salome Zurabişvilinin ikinci turda qələbə qazanması üçün bütün gücünü səfərbər edib. Qeyd edək ki, adıçəkilən partiyanın sədri Bidzina İvanişvilinin bir neçə gün öncə ölkə vətəndaşlarına müraciəti də məhz buna hesablanıb. Belə ki, seçiciləri prezident seçkilərinin ikinci turunda düzgün seçim etməyə çağıran İvanişvili ikinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük riskin olduğunu bildirib: "İkinci tur eyni zamanda, yeni imkan və yenilənmə üçün yaxşı məqamdır. Bir neçə ay öncə mən siyasətə qayıtmalı oldum. Belə ki, problemlərin getdikcə daha da dərinləşdiyini və onların həlli üçün effektiv mexanizmin olmadığını gördüm. Bununla belə, aydın oldu ki, insanlar bu problemləri daha aydın görür. Bu gün sizinlə razılaşmaya bilmərəm". Rəhbərlik etdiyi hakim partiyanın opponentlərinin siyasi partiya olmadığını vurğulayan İvanişvilinin sözlərinə görə, intiqam və zorakılıq tətbiq etmək istəyən insanlar onlara qarşı birləşib.
Əslində, məhz bu açıqlamanın özü Gürcüstanın hakim partiyasının və ölkənin yetkili şəxslərinin nə dərəcədə əndişəli olduqlarını, ikinci turda məğlubiyyəti dada biləcəklərindən ehtiyatlandıqlarını deməyə əsas verir. Aydın şəkildə hiss olunur ki, Bidzina İvanişvili və komandası müxalifətin yaratdığı "Güc birlikdədir" təşkilatının namizədi, sabiq prezident Mixail Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadzenin ikinci turda qalib gələcəyinin fərqinə varıb. Elə buna görə də əhalini ələ almaq, onların səsinə sahib olmaq üçün vətəndaşların banklara olan borcunun silinməsi məsələsini ortaya atıblar. Lakin bunun seçkinin nəticələrinə təsir edəcəyi bir o qədər də inandırıcı görünmür. Mövzuya təxminən, bu prizmadan yanaşan gürcü ekspert Gela Vasadze də bu qənaətdədir ki, ikinci turda həm psixoloji, həm də seçici üstünlüyü Qriqol Vaşadzenin tərəfindədir:"Xüsusilə hakim partiyanın malik olduğu maliyyə, administrativ və siyasi resurslar nəzərə alınsa, Gürcüstanda prezident seçkilərinin ikinci turu özü-özlüyündə gürcü cəmiyyəti üçün görünməmiş haldır. Bütün vasitələrlə malik hakim partiyaya qarşı nəsə irəli sürmək mümkün deyildi. Lakin olanlar oldu. Bu isə ona görə baş verdi ki, artıq dünya dəyişib. Dünya texnologiyalar baxımından dəyişib və gürcü cəmiyyəti daha açıq olub. Bu seçkilərdə siyasi texnoloqlar qalib gəlib. Təbii ki, nəzərə almaq lazımdır ki, müxalifətin olduqca güclü və əvvəlkilərdən daha yaxşı namizədi var idi".
Bu arada, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu yaxınlarda sözügedən mövzu ilə bağlı mövqeyini bildirərkən, qeyd edib ki, seçkinin birinci turunda Gürcüstanda yaşayan soydaşlarımızın səsi həlledici olub. Onun fikrincə, əgər azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs versəydi, o elə birinci turda prezident seçiləcəkdi. Bununla yanaşı, Qriqol Vaşadzenin ikinci turda prezident seçilməsinin şansının yüksək olduğunu deyən politoloq hesab edir ki, prezidentliyə bütün müxalifət namizədlərin tərəfdarları ikinci turda Vaşadzeyə dəstək verəcək.
Xülasə, bütün bunları nəzərə alaraq ehtimal etmək olaraq ki, noyabrın 28-də keçiriləcək ikinci turda məhz müxalifətin yaratdığı "Güc birlikdədir" təşkilatının namizədi qalib gələcək. Qriqol Vaşadzenin prezident seçilməsi isə son nəticədə Mixail Saakaşvilinin Gürcüstana maneəsiz şəkildə qayıdışını təmin edəcək.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org