Hacı Zeynalabdin Tağıyevin ənənəsi - İqtidarımız pensiyaları 4-5 manat artırmağı mərhəmət və alicənablıqmı hesab edir?

Hacı Zeynalabdin Tağıyevin ənənəsi - İqtidarımız pensiyaları 4-5 manat artırmağı mərhəmət və alicənablıqmı hesab edir?

 

Ümumiyyətlə xeyriyyəçi olmaq ənənəsi bizdə olub-olmayıb, bilmirəm. Tarix belələrinin adını öz siyahısına daxil etməyib. Ancaq paxıllıq, Xudayar bəylik, çapıb-talamaq, mərhəmət nədir bilməmək, namərdlik, afyorluq ən xarakterik xüsusiyyətləri olan xalqımızdan öz var-dövlətindən, ləyaqətli və ləyaqətsiz yoxsullara əl tutmaq bizim kimilər üçün əlçatmaz bir hadisədir. Belələrinə rast gəlmək yay günündə ildırım çaxmasına bənzəyir. Xüsusilə bizim günlərdə, milyonçularımızın sayı-hesabı olmayan günlərdə, daha nadir hadisədir. Əvvələn ona görə ki, ata-oğul qorxusu. Çünki o cənablar belələrinə ən pis düşmənləri kimi baxırlar. Mən şübhə etmirəm ki, hakimiyyət rəmzi təmənnasız alicənablığın nə olduğunu bilsəydi, şəxsən mənim bir xeyli xeyriyyəçim olardı. İlk dəfə açıqlayım ki, həyatımda belələri az da olsa, olub. Yoxsa 50-60 ildən bəri hakimiyyət tərəfindən gözümçıxdıya salındığımıza görə yəqin ki, çoxdan həyatla vidalaşmalı olmuşduq.

Amma H.Z.Tağıyevin böyük nümunəsi və bizim günlərdə "Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun xeyirxah əməlləri göstərir ki, bu uca alicənablıq hissi xalqımızda var və vaxtaşırı özünü göstərir. Bir daha təkrar edirik ki, yalnız qadağa qoyulduğuna görə həmin hiss ürəklərdə bu qədər fəlakətli şəkildə dəfn olunmuşdur.

İstər-istəməz bu böyük mənəvi ucalıq ehtiyacı bizi Zeynalabdin Tağıyevin nümunəsinə və şəxsiyyətinə bir daha qayıtmağa məcbur edir. Bu adam bir növ möcüzə olub. Yoxsul bir ailədə doğulub dövrünün ən varlı adamlarından birinə dönmək üçün nə qədər böyük ağıl sahibi olmalı idi ki, o dövr üçün qızıl pulla bərabər olan milyonları sağa-sola xərcləmiş olasan. Nəinki buna zərrə qədər təəssüf və peşmançılıq hissi keçirməyib, hətta bu barədə car da çəkməyib heç danışmayasan da. Bunun üçün mənəviyyat titanı olmaq lazım deyildimi? Təsəvvür edin ki, bizim günlərdə Tağıyevdən də çox sərvəti çox olan bir şəxs onun göstərdiyi səxavətin yüzdə birini göstərsəydi, əlinə bayraq alıb küçələri gəzər və ya aylarla bütün telekanallarda car çəkmiş olardı. Bakı kimi şəhərə 200 kilometr uzaqdan dumduru təmiz su çəkdirmək və illərlə bunun üçün yüz minlərlə qızıl pul xərcləmək bizi məcbur edir ki, bu insanın adını "yüz böyük azərbaycanlı” sırasında əvvəl olduğu kimi 15-ci yerdə deyil, Üzeyir bəydən sonrakı yerlərdən birinə qaldıraq.

Unutmayın ki, adamlarımız üçün, vətən və xalq üçün canından keçmək asandır, nəinki malından. Necə ki, bəsirətli Ordubadinin təbrizli qəhrəmanı elə belə də deyir.

Ümumiyyətlə son günlər adamlarımızın narahatlığı nəticəsində çox paxırlar açılır. Əbəs yerə demirlər ki, dost və düşmən çətin günlərdə üzə çıxar. İqtidarımız yumşaq desək, çox qəribə addımlar atır. Bilmək olmur ki, pensiyaları 4-5 manat artırmaqla nə demək istəyir. Bunu mərhəmət və alicənablıqmı hesab edir? Ümumiyyətlə neylədiyi haqqında düşünürmü? Tamamilə faydası və mənasız tədbirlərə milyonlarla xərcləyib ölkənin, dövlətin, hakimiyyətin sahibi olan xalqa bu qədər gülünc və lətifəyə bərabər olan səxavət göstərdiyini bilmirmi? Yenə şəxsən özüm üstə qayıdıram. Axı mərdi qova-qova namərdə döndərməyin nə mənası var? Beş aydır ki, alicənablığı peşələrinə çevirməli olanlar yüzlərlə, çəkinmədən deyirəm bivec və içiboş adamlara verilən prezident təqaüdünün bir nəfər də məddahlıq etməyən, romanları, fəlsəfi antologiyaları əldən-ələ gəzən adama da əta edilməsi yəni bu qədər ağır yükdür ki, heç cür həll edə bilmirlər ki, bilmirlər. Axı hamının gözü və qulağı var. Hamı görüb və eşidərdi ki, bu məşhur və hamının hörmət etdiyi adam –Əlisa Nicat da prezident təqaüdünə layiq görülüb. Və bu sizə, soruşuram, şərəf gətirərdi ya şərəfsizlik?

Və nəhayət internet . Bütün hakimiyyət sahiblərinin xoşlamadığı bu beynəlxalq mətbuat – sosial şəbəkə var axı. Cənabların və onların ətrafındakıların xüsusilə son günlərdə ünvanına amansız ittihamları hamı oxuyur. Açıq-aşkardır ki, bu ittihamlar son zamanlar xalqı həyəcana gətirib. Belə günlərdə də kiməsə - ləyaqətli bir şəxsə qarşı cüzi bir ədalətdən çəkinmək təhlükəli deyilmi? Bu fakt rəqiblərin əlində daha bir ittiham faktı olmurmu? Olur və güman ki olacaq. Özünü hamıdan ağıllı hesab edib öz işi ilə, əməli ilə bunun əksinə olduğunu göstərmək göz qabağında deyilmi?

Mən müqəddəs adam deyiləm. Çoxları kimi tərtəmiz Azərbaycan türküyəm. Vətənimiz ən qədim türk ocağı olan Zuvand mahalıdır ki, Azərbaycanın düz göbəyində yerləşir. Mənə qarşı nəinki ədalətsizliklər, hətta pisliklər dönə-dönə cəzalanıblar. Mən buna aid hələ sovet dövründən onlarla misal çəkə bilərəm. Kim mənə pislik edib, heç üstündən 1 il də keçməmiş dəhşətli cəza və rüsvayçılıqlara düçar olub. Qoy bunu heç kim unutmasın



Oxşar Xəbərlər

Xəbər lenti