8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısı İlham Əliyevin verdiyi Fərman vətəndaşlara qismən kömək edəcək, lakin devalvasiya nəticəsində xarici valyuta ilə götürülmüş əsas kredit məbləğinin artan hissəsinin 73-% dən çoxu yenə borcluların üzərində qalacaq”.
Bu barədə iqtisadçı ekspert Nemət Əliyev bildirib. Ekspertin rəqyini oxuculara tədim edirik:
"Əsas məsələyə keçməzdən əvvəl bildirim ki, Fərmanın ümumi hissəsində Azərbaycan əhalisinin alıcılıq qabiliyyətinin zəifləməsinin günahını yenə dünyanın üstünə yıxıblar. Guya, qlobal iqtisadi və maliyyə böhranı xarici valyutada borc almış vətəndaşlarımızın öhdəliklərini artırıb. Halbuki ölkədəki soyğunçu bank faizlərinin, rüşvət və korrupsiyanın, yarıtmaz pul siyasətinin, bir ildə həyata keçirilən iki böyük devalvasiyanın alıcılıq qabiliyyətinin zəifləməsində və problemli kreditlərin əmələ gəlməsində rolu çox böyükdür və bunu inkar etmək, yumşaq desək, qeyri-obyektivlikdir.
İkincisi, bu Fərman problemli kreditlərin tam həllini nəzərdə tutmayıb. Fiziki şəxslərin maliyyə itkisinin bir hissəsini qarşılamağı, problemli kredit məsələsinin həllinə dövlətin verə biləcəyi dəstəyi ifadə edir.
Üçüncüsü, Fərman yalnız fiziki şəxsləri hədəfə alıb. Problemli krediti olan hüquqi şəxslər, başqa sözlə, hüquqi şəxs kimi fəaliyyət göstərən sahibkarlar bu fərmanın təsir dairəsindən kənarda qalıb.
Dördüncüsü, manatla kredit götürmüş və sonradan problemə çevrilmiş kreditlərə bu dövlət dəstəyi tətbiq olunmayacaq. Yalnız dollarla kredit borcu olanlar Fərmandan faydalana biləcək.
Beşincisi, dövlət dəstəyinin maksimum həddi 5000 dollardan (8500 manatdan) çox olmayacaq.
Altıncısı, Fərmana görə xarici valyutada olan kreditlərin əsas məbləğinin yalnız devalvasiya nəticəsində manatla artmış hissəsinə dövlət dəstəyi tətbiq olunacaq. Bu sonuncu əsas məsələyə konkret nümunədə aydınlıq gətirək. Yadımıza salaq ki, dolların məzənnəsi 1-ci devalvasiyada 0,78 manatdan 1,05 manata, 2-ci devalvasiyada 1,05 manatdan 1,55 manata yüksəlib və daha sonra artaraq 1,70 manatda qərarlaşıb.
1) 21 fevral 2015-ci il tarixə qədər xarici valyutada kredit borcu olanlar üçün. Tutaq ki, vətəndaş 10 000 dollar kredit götürüb və o bu börc məbləğini bu günə qədər ödəyə bilməyib. Fərmana görə devalvasiya səbəbindən artan məbləğə qarşılıq olaraq əsas borcun hər bir dollarına müqabil 25 qəpik ödəniləcək. Açması budur ki, 10 000 dollar kredit götürən şəxs əvvəlki məzənnə ilə əsas borcdan 7 800 manat ödəməliydisə, indiki məzənnə ilə 17 000 manat ödəyir və ya ödəməlidir. Burada artan məbləğ 9 200 manatdır (17000-7800 = 9200). Deməli, əsas borc məbləğinin hər 1 dolları devalvasiya ucbatından 92 qəpik artıb. Lakin dövlət başçısı Fərmanla bu 92 qəpiyin əvəzinə 25 qəpik təklif edib. Yəni, 73% az ödəmə edəcək. Başqa sözlə desək, əsas kredit məbləğinin devalvasiya ucbatından artmış hissəsi tam ödənilməyəcək. Halbuki devalvasiya səbəbindən hər 1 dollara görə borcluya dəyən zərər 92 qəpikdir. Deməli, zərərin 27%-i kompensasiya olunacaq. Qalan 73% yenə borclunun boynunda qalacaq.
2) 21.02.2015-21.12.2015 tarixlərində xarici valyutada kredit götürənlər üçün. Yenə də belə hesab edək ki, borclu bu aralıq tarixdə bankdan 10 000 dollar borc götürüb və bu günədək ödəməyib. Bu halda, başlanğıc məzənnə ilə borclu 10 500 manat ödəməliydisə, hazırkı məzənnə ilə 17 000 manat ödəməlidir. Bu halda da artan məbləğ 6 500 manat (17000-10500=6500) hesablanır. Deməli, əsas borcun hər 1 dollarına görə 65 qəpik ödəmə olmalıydı, lakin fərmana görə bu rəqəm 60 qəpik nəzərdə tutulub. Belə çıxır ki, bu borc məbləğinə görə yaranan zərərin 92%-i qədər ödəmə aparılacaq. Amma və lakin burada xüsusi bir məqama diqqət çəkmək lazım gəlir. Xatırlayırsınızsa, 1-ci devalvasiyadan sonra xarici valyutada kredit verilişi, demək olar, dayandı. Bir az da dəqiq ifadə etsək, kredit götürən olmadı. Məhz bu aralıq tarixçədə xarici valyutada kredit götürən olubsa da, o ya kifayət qədər imkanlı adam, yaxud da arxalı kəs olub. Bu səbəbdən 21 fevral-21 dekabr tarixlərində götürülən kreditlərin sayı və məbləği barmaqla sayıla biləcək qədərdir. Bu mənada, hər 1 dollara qarşılıq olaraq verilməsi nəzərdə tutulan o 60 qəpik ilk baxışdan cazibəli görünsə də, onun əhalini əhatə dairəsi çox məhduddur. 60 qəpik ödəməni nəzərdə tutan Fərmanın bu hissəsi sanki gözdən pərdə asmağa hesablanıb.
Yeddinci məsələ odur ki, Fərman fiziki şəxslərin banklardakı qalıq borclarına tətbiq olunacaq. Belə ki, əgər borclu bu günədək cürbəcür basqılar altında min bir əzaba qatlaşaraq borcun bir hissəsini ödəmişdirsə, həmin ödənilmiş məbləğə görə dövlət dəstəyi ala bilməyəcək.
Bütün bu qeyd olunanlarla yanaşı, qeyd edim ki, kredit borclarına hesablanmış faizlərin, cərimələrin silinməsi və məhkəmədə olan işlərin geri çağrılması çox yerində, lakin gecikmiş addım kimi diqqəti cəlb edir. Bu səbəbdən ki, kredit borcu olanlar ən böyük zərbələrdən birini məhz bu tərəfdən alıblar. Malını-mülkünü satıb faizlərin ödənişinə yönəldən minlərlə borclular, aldıqları psixoloji travmalar bir yana qalsın, artıq müflis olaraq sıradan çıxıblar. Təəssüf ki, bu böyük kateqoriya insanlar da Fərmandan yararlana bilməyəcəklər”.