Şərqi Qutada Əsəd terrorunun dəhşətləri öz zirvəsinə çatıb:sakinlər və hətta ev heyvanları da soyqırımına düçar olublar- Təhlil

Şərqi Qutada Əsəd terrorunun dəhşətləri öz zirvəsinə çatıb:sakinlər və hətta ev heyvanları da soyqırımına düçar olublar- Təhlil

 

Şərqi Qutada bombardman zamanı yaralananlar

Muhəmməd əl-Əvədi

Al Rai Kuwait (Küveyt), 22.02.2018

 

"Dəməşq sakinlərinin eşitdikləri səslər Suriya ərəb ordusunun terrorçularla mübarizə üçün Şərqi Qutaya yollanmasının nəticəsidir”.

Suriya rejiminin televiziyası bu iyrənc ifadəni bir neçə gün öncə özünün çoxsaylı telekanallarında yayımlayıb, sanki Şərqi Quta sakinləri bilmərrə insan deyil. Suriyanın qanlı faşist rejimi bütün dünyaya bildirir ki, ölkədə bir nəfər azad adam qalmayınca onun cinayətləri durmayacaq. Əsəd rejiminin cinayətkar manerası məni təəccübləndirirsə, dünya birliyinin suriyalıları qətlə yetirməkdən imtina etməyən rejimin cinayətlərinə münasibətdə rüsvayçı sükutu məndə şiddətli heyrət doğurur.

Bizi çevrələyən kədərli olaylar o qədər sürətlə baş verir ki, izləməyə və yaxud müsəlmanların məruz qaldığı insanlığa qarşı cinayətlərin təfərrüatlarını öyrənməyə macal tapmırıq – qurbanların böyük hissəsi ərəb və islam ölkələrindədir. Suriyada nələr törədildiyindən yazarkən başqa ölkələrdə müsəlmanların çəkdiyi iztirablar mənə yüngüllük gətirmir. Lakin bu gün Suriya torpaqlarında baş verənlər məndə daha güclü ağrı doğurur. Yeddi il keçib və bu qan verən yara hələ də sağalmayıb. Əksinə, ağrı lap güclənib. Suriya torpağı əvvəlkitək dalbadal şəhid alır. Elə bir duyum var ki, bu ədalətsiz, tammiqyaslı savaş Suriya xalqını qətlə yetirməkdən və iradəsini hər cür əzməyə, inancını sarsıtmağa, ləyaqətini ləkələməyə çalışdıqları məzlumların qanından torpaq doymayınca əl çəkməyəcək. Lakin Suriya xalqı öz atalarının yerüzünün ən böyük cinayətkarları – İran könüllü yığması və Tehranın dəstəklədiyi başqa birləşmələrin, rusların və Amerikanın dəstək vəd etdiyi qruplaşma və partiyaların qarşısındakı fədakarlığını indiyədək xatırlayır.

Yeddi il ötəndən sonra dünya birliyi bu gün öz maskasını çxarıb. BMT və Təhlükəsizlik Şurası gülümsəyir, əvvəllər insanın əsas hüquqlarından – özəl mülkiyyətin toxunulmazlığı, azadlıq, ləyaqət, yerdəyişmə azadlığı, baza təhsili, müalicə hüququnu tərənnüm edənlərin dəhşətli simaları üzə çıxıb.

Suriya sakinləri öz evlərinin xarabalıqlarında yaşayır, bütün mənalarda , hətta öz əcəliylə ölmək və yaxud güvənli yaşayış azadlığını itiriblər. Onların vətəndə yaşamaq, istəkləri həyata keçirmək, şəxsi ləyaqət hissiylə özünü insan bilmək ümidləri pərən-pərən olub.

Şərqi Quta bu gün cinayətkar rejimin "yandırılmış torpaq” taktikası işlətdiyi, insan həyatının isə heç nəyə dəymədiyi tammiqyaslı soyqırım ərazisinə çevrilib. Burada xilas olmaq imkanına malik kimsə yoxdur: nə uşaqlar, nə qadınlar,  nə qocalar, nə cavanlar, nə evlər, hətta nə də ev heyvanları. Atəşdən və Əsədin cinayətkar bombardmanlarından kimsə gizlənə bilməz.

Əsədin terroruna və Əsəd bombalarının tikə-tikə etdiyi uşaqların fotoşəkillərinə necə baxaq və həyatdan, ya da yeyib-içməkdən həzz almağı necə davam etdirək?

Şərqi Qutada müsəlman qadınlar, onların övladları, qoca və cavanlar insanlıq tarixində ağlagəlməz fəlakətin ortasında qalıblar, halbuki böyük dövlətlər, Avropa Birliyi, ərəb və müsəlman ölkələri susur, dərdsiz-sərsiz adamları isə aşağı keyfiyyətli televerilişlər, sabun operaları və futbol yarışları maraqlandırır. Sanki həlak olanlar bizim qardaşlarımız və yaxud sadəcə insan deyillər.

Şərqi Qutada yaranmış durumu sözlə təsvir etmək olmur. Əsəd, Rusiya və İran terrorunun dəhşətləri öz zirvəsinə çatıb. Nifrət və kin haqda deyilməsi mümkün olanların hamısı deyildi. "İslam və inancın olduğu ürək qüssədən partlayır” – bundan savayı əlavə edəcək heç bir sözümüz yoxdur.

Biz suriyalılardan üzr istəyirik, çünki onları müdafiə edə və rejimin cinayətlərinə gözlərini aça bilmədik. Onlara yardım üçün bizim ancaq qələmimiz var. Bizim gücümüz yoxdur, Yalnız Allah Qadirdir.



Oxşar Xəbərlər

Xəbər lenti