Rusiya Britaniyada özünün daha bir keçmiş kəşfiyyatçısına sui-qəsd edib –Araşdırma

Rusiya Britaniyada özünün daha bir keçmiş kəşfiyyatçısına sui-qəsd edib –Araşdırma

 

Stiven Kasl

The New York Times (ABŞ), 05.03.2018

 

Yerli kütləvi informasiya vasitələrinin Rusiya hərbi kəşfiyyatının istefadakı zabiti adlandırdığı və bir zamanlar Britaniyaya işləmiş adam ağır durumda Britaniya hospitalındadır, polis isə "orqanizimdə naməlum maddənin varlığı” faktı üzrə təhqiqat aparır.

Əldə olan məlumata əsasən, 66 yaşlı Sergey Skripalı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapıblar. Moskva onu bir vaxtlar uzunmüddətli həbsə məhkum edib, amma 2010-cu ildə ABŞ-da işləyən Rusiya casuslarına dəyişib və Skripal Britaniyada məskunlaşıb. Britaniya polisi hospitala çatdırılan kişinin və "Moltinqs” ticarət mərkəzində olarkən özünü pis hiss edən 33 yaşlı qızının adlarını çəkməyib.

Lakin rəsmilər Rusiyanın 2006-cı ildə Londonda zəhərlənmiş keçmiş casusu Aleksandr Livinenkonun işiylə bəzi tutuşdurmalar (lap vaxtsız olsa da) aparmaq üçün bu "ciddi hadisə” haqda yetərincə ayrıntıları dərc ediblər. 43 yaşlı Litvinenko nadir polonium-210-un radioaktiv izotopunun dozasından 2006-cı ilin noyabrında ölüb. Müstəntiqlər  sonradan yüksək konsentrasiyalı bu maddəni də Litvinenkonun rusiyalı tanışlarıyla görüşdüyü London otelində çaydanda aşkarlayıblar. Bu epizod bütün dünyada qəzəbli reaksiya və Britaniya ilə Rusiya arasında uzunmüddətli gərginlik doğurub.

Solsberinin də məsuliyyət zonasına aid olduğu Uilştir qraflığının polisi bazar ertəsi açıqlama  ilə çıxış edərək vurğulayıb ki, ehtimala görə, bir-birini tanıyan kişi və qadın bazar günü, təxminən, saat 16.15-də tapılıb və Solsberinin rayon hospitalına çatdırılıb. Onlarda zahiri zədələnmə olmayıb. Açıqlamada deyilir: "Onlar hazırda müalicə kursu keçirlər, çünki bu adamların naməlum maddənin təsirinə qaldığı haqda şübhələr var. Hər ikisi reanimasiyadadır”.

Polis "Tvitter”də qeyd edib: "Cinayət baş verib-vermədiyi indiki mərhələdə məlum deyil”.

Polislər əlavə ediblər ki, "Hər ikisi ağır durumdadır, tammiqyaslı araşdırma aparılır və əlaqədar müəssisələrlə əməkdaşlıq edirik ki, baş vermiş hadisənin dəqiq şəraiti aydınlaşdırılsın”.

Polisin sözlərinə görə, əsas vəzifə tapılan maddəni eyniləşdirməkdən ibarətdir. Polis diaqnozu tez müəyyən etmək və "vaxtında və uyğun müalicə”ni təmin etməkdən ötrü ekspertlərlə işləyir. Baş konsteblin müvəqqəti köməkçisi Kreyq Holden bildirib ki, polis baş verən hadisəyə "önrəysiz” yanaşır ki,  mütəxəssislər "bu dəfə  nə ilə məşğul olduğunu anlasın”.

Yerli "Solsberi Cornal” xəbər qurumu məlumat verib ki, təcili yardım xidmətində şübhə var ki, indiki halda güclü sintetik narkotik maddə fentanil tətbiq oluna bilərdi, amma polis bunu təsdiqləmir.

Kişini hospitala maşınla, qadını isə helikopterlə çatdırıblar. "Solsberi Cornal” şəhərin bu rayonunu zərərsizləşdirən özəl libaslı yanğınsöndürənlərin fotoşəkillərini dərc edib.

Polis deyib ki, Solsberidə istintaq əməliyyyatının keçirilməsi üçün ayrı-ayrı yerlər təcrid olunub, amma vurğulayıb ki, əhali üçün heç bir təhlükə yoxdur.

Qurbanı Skripal kimi tanıyan Bi-Bi-Si xəbər verib ki, Solsberidə qonşuları kişini xeyirxah adam adlandırıb. Onların sözlərinə görə, arvadı bir neçə il qabaq ölüb.

Bi-Bi-Si habelə şahid Freya Çerçin sözlərini misal gətirib. O, fikir bildirib ki, bazar günü hospitala çatdırılan adamlar "nəsə güclü bir şey qəbul etmişdilər”.

"Skamyada iki nəfər – qoca kişi və cavan qadın əyləşmişdi, – Çerç danışıb. – Qadın sanki ona qısılmışdı, görünürdü ki, huşunu itirib”.

"Kişi əllərilə hansısa qəribə hərəkətlər elədi və yuxarı baxdı, – o, əlavə edib. – Onlar açıqca özlərində deyildilər və hətta düşündüm ki, bilmirəm, onlara necə yardım edim”.

İngiltərənin cənubunda yerləşən Solsberi şəhərinin hospitalı bazar ertəsi məlumat verib ki, "Nəticədə iki nəfərin ziyan gördüyü ciddi insidentlə məşğuldur” və müxtəlif idarələr "bununla bağlı öz işini görür”.

Skripal – Rusiya hərbi kəşfiyyatında xidmət etmiş, istefada olan polkovnikdir. 2006-cı ildə onu məxfi məlumatı Britaniyanın Mİ6  kəşfiyyatına ötürdüyü üçün mühakimə ediblər. On il ərzində bununla məşğul olub, əvəzində İspaniyadakı bank hesabına daxil olan 100 min dollar pul alıb.

Əks-kəşfiyyat və sovet KQB-nin varisi kimi adlandırılan Federal Təhlükəsizlik Xidməti hökm çıxarılan vaxt Rusiya KİV-ləri üçün polkovnik Skripalın 1995-ci ildə xaricdə ezamiyyətdə olarkən xarici kəşfiyyata işləməyə başladığı xəbər verilən bir neçə açıqlama dərc edib. O, 1999-cu ildə istefaya getdikdən sonra da casusluq fəaliyyətini davam etdirib.

Bu KİV-lərin məlumatına görə, Skripal Britaniya kuratorları ilə müntəzəm görüşüb və onlardan hər dəfə pul alıb. Bundan başqa, hər ay ona İspaniyadakı bank heasabına müəyyən məbləğ köçürüblər. Bu iş haqda ilk məlumat verən "İzvestiya” qəzeti bildirib ki, britaniyalıları Avropada işləyən Rusiya kəşfiyyatçılarının adları maraqlandırıb.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}