LYAS İSMAYILOV KANTIN HƏYAT TƏRZİNDƏN YAZDI:"İRADƏSİYLƏ ÖZ ÖMRÜNÜ UZADAN FİLOSOF"

LYAS İSMAYILOV KANTIN HƏYAT TƏRZİNDƏN YAZDI:"İRADƏSİYLƏ ÖZ ÖMRÜNÜ UZADAN FİLOSOF"

 

İlyas İSMAYILOV

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

 

… Kant 1724-cü ilin 22 aprelində Könisberqdə (indiki Kalininqradda) köhnə Prussiya təqviminə görə, "Müqəddəs İmmanuel Günü” əməksevərlik, düzgünlük və əxlaqi məsələlərdə hədsiz ciddilik və tələbkarlıqla səciyyələnən ailədə dünyaya göz açır, ona mənası "Allah bizimlədir” olan "İmmanuel” adını qoyurlar.

Uşaqlıqdan o, çox zəif səhhətə malik olur. O vaxta qədər artıq iki uşağını itirən anası, necə deyərlər, onun üzərində əsir, onda hər şeyə maraq və təsəvvür hissləri aşılayır.

Ahıl yaşlarında uşaqlıq illərini xatırlayan Kant yazırdı: "…Heç vaxt anamı unuda bilmirəm.  Xeyirxahlığın ilk rüşeymlərini məhz o mənə aşıladı, o mənim ürəyimi təbiətə açdı, təbiət barədə təsəvvürlərimi oyatdı və genişləndirdi, onun nəsihətləri mənim həyatıma daimi xilasedici təsirini göstərdi”.

Uşaq vaxtlarında olan fiziki zəifliyi, gənc yaşlarında baş verən çoxsaylı xəstəliklər, əsəbi ürəkkeçmələr, melonxoliya, yəni qəmginliyə həvəs onun ömrünün uzun olmayacağına işarə idi.

Özünün etiraflarına görə, həyatdan doymaq kimi ruhi vəziyyəti, ümidsizliyə qapılma meylləri, xəstəlikdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü, məyusluq onu üzürdü.

Bütün bunlara baxmayaraq, o, necə deyərlər, təbiətə qalib gəlir – öz zəif və xəstə bədənini gərgin elmi enerjinin möhkəm bazasına çevirə bilir, iradənin gücü və düzgün həyat tərzi hesabına piranə qoca həyatı (80 yaşına iki ay qalmışa qədər) yaşadı, gəncliyindən ölümünə qədər heç vaxt xəstələnmədi, tibbi yardıma da ehtiyacı olmadı. Dərman da qəbul etməzdi. Hesab edirdi ki, dərmanlar onsuz da zəif olan sinir sistemi üçün, bir növ, zəhərdir.

Tədqiqatçıların təsdiqinə görə, ağılın və iradənin gücü ilə bir sıra xəstəliklərin, o cümlədən soyuqdəymə və zökəmin, tumorun qarşısını alırdı. O, iradənin ruhi qüvvəsini bədənin ali idarəedəni sayırdı.

Ümumiyyətlə, Kantın həyat və yaradıcılığını ağılın və əxlaqi borcun hisslər, ehtiraslar, alçaq maraqlar üzərində ağalığını təmin edən tam bir varlıq kimi xarakterizə etmək olar. O, özünün elmi-fəlsəfi təyinatını ali vəzifə kimi dərk edir və bütün fəaliyyətini buna həsr edirdi. Ürək açan ünsiyyət tərəfdarı, tərbiyəsinə və həyat tərzinə görə zərif və nəzakətli olan Kant məhz bu məqsədlə hesab edirdi ki, ailə həyatı əqli əməyə maneçilik törədir. Odur ki, heç vaxt evlənmədi və bu mənada həmişə tənha qaldı.

Kant öz bədən quruluşunu, orqanizmini və əhval-ruhiyyəsini mükəmməl öyrənmişdi. Hətta vaxtından qabaq ölənlərin siyahısını tuturdu, hər gün onun xahişilə Könisberq şəhər polisi tərəfindən ona göndərilən ölüm hadisələrini araşdırırdı. Bütün bunlar əsasında Kant gigiyenik qaydalar müəyyənləşdirmişdi, bütün həyatı da əvvəlcədən müəyyən edilmiş, dəqiq, saata oxşayan bir ölçüdə, bir vəzndə bu qaydalara uyğun cərəyan edirdi. Həmin qaydalar aşağıdakı kimidir:

Birincisi, başı, ayaqları və döşü soyuqda saxlamaq;

Ürəkdən uzaq məsafədə olan ayaq damarlarının inkişafı üçün ayaqları buzlu suda yumaq. Qarını xüsusilə soyuq havalarda istidə saxlamaq; çünki qarında bağırsaqlar yerləşir, onların da vəzifəsi duru olmayan məhsulu uzun məsafədə qabağa ötürməkdir. Xüsusilə də qocalıqda qarını və qarın əzələlərini himayə edən, soyuqdan qoruyan  qurşaqdan yuxarı , yarımbədən kəmər geyinmək məsləhətdir.

İkincisi, az müddətə yatmaq;

"Yorğan-döşək xəstəlik yuvasıdır”-deyərdi Kant. O, həmişə ancaq gecələr, qısa müddətə və dərin yatmağı tövsiyə edərdi. Gündüz yatmağı ziyanlı sayardı.  Yuxusu gəlmədikdə "stoik” vasitəyə müraciət edərdi. Başqa sözlə, öz fikirlərini mahiyyət etibarilə mənasız bir obyektə yönəldirdi və beləliklə də diqqətini yuxulamağa mane olan xoşagəlməz hisslərdən yayındırırdı. Bu baxımdan, o, yuxusu gəlmədikdə müxtəlif assosiativ  təsəvvürləri özündə birləşdirən "Siseron” adını dəfələrlə təkrar etməklə yuxuya gedərdi. Saat 5-də yuxudan oyanardı, iki stəkan zəif çay içərdi. Kofeni zərərli saydığına görə içməzdi. Saat 7-də gəzintiyə çıxardı. Könisberq şəhərinin sakinləri saatlarını Kantın gəzintiyə çıxmaq vaxtı ilə yoxlayardılar.

Üçüncüsü, daim hərəkətdə olmaq, özü-özünə xidmət etmək;

O, hər cür havada, özü də tək gəzməyi təklif edərdi. Başqaları ilə birlikdə gəzdikdə, istər-istəməz, söhbət edirsən və bu halda da ağızdan bədənə soyuq hava daxil olur ki, bu da adamda revmatik ağrılar yaradır. Ancaq burundan nəfəs aldıqda soyuqdəymədən xilas olursan, yaxşı yuxuya gedirsən və yanğınlıq, susuzluq əmələ gəlmir.

Dördüncüsü, duru yemək yeməmək, mümkün qədər içkini azaltmaq;

Sutka ərzində neçə dəfə yemək? Kant bu suala belə cavab verirdi: "Cavan vaxtlarında iştahana uyğun olaraq acanda yemək, susuzlayanda su içmək lazımdır. Qocalanda isə elə həyat tərzi seçməlisən ki, yemək və içmək iştahanla müəyyən olunmasın, həmişə əvvəlcədən  nəzərdə tutulan vaxtda baş versin”.

Qocalıqda orqanizm (xüsusilə kişi orqanizmi) böyük miqdarda maye (sup və yaxud su) qəbul etmək istəmir, daha kobud yeməklər, qıcıqlandırıcı içkilər (məsələn, çaxır) tələb edir. Duru yeməklər və su qanın hərarətini aşağı salır və nəticədə insan pis yatır, hər halda dərin yuxuya gedə bilmir. Qocalıqda yemək mədədə gec həzm olunur. Odur ki, mədədə yemək həzm olunmamış yenidən mədəyə yemək göndərmək insan səhhəti üçün çox ziyanlıdır.

Kant hesab edirdi ki, insan sutkada bir dəfə yatdığı kimi, bir dəfə də yeməlidir. Bağırsaqların yaxşı işləməsi üçün çaxır içməməyi məsləhət görürdü.

O, doğrudan da, gün ərzində bir dəfə – günortalar yemək yeyərdi. Özü də tək yeməzdi.  Hesab edirdi ki, tənha yemək yeməklə gücün bərpası deyil, daha da zəifləməsi baş verir. Təkbaşına yemək yeyən şəxs öz fikirlərindən ayrıla bilmir və həmişə nə barəsindəsə düşünür. Gümrahlıq və ruh yüksəkliyi başqaları ilə birlikdə yemək yeyəndə əmələ gəlir. Yemək prosesində stol arxasında söhbət etmək isə böyük qabiliyyət tələb edir. Nəzərə almaq lazımdır ki, belə söhbətlər iş deyil, bir oyundur, əyləncədir. Bu əsnada mübahisələr də olur və onu ləyaqətlə aparmaq, həmsöhbətinin fikirlərinə hörmətlə yanaşmaq, hər cür müzakirələri zarafatla bitirmək lazımdır. Bu halda müxtəlif fikirlər barışar, gülüşmə baş verər ki, bu da mədədə həzmə kömək edər.

Kanta görə, qocalara hörmət borcu heç də gənclərin qocalığın zəifliyinə rəhmi gəlmələri kimi başa düşülməməlidir. Çünki zəiflik özü-özlüyündə heç vaxt hörmətə layiq ola bilməz. Qocalığa hörmət xidmətə görə olmalıdır. Əgər insan uzun ömrü ləyaqətlə, necə deyərlər, günahsız yaşayırsa, bir növ, əbədiliyə yaxınlaşmış olur. Beləliklə də, bu şəxs öz ömrünü uzada bilir və başqaları da ondan nümunə götürəməlidir, ona hörmətlə yanaşmalıdırlar.

Kant, qeyd olunduğu kimi, evlənməmişdi, elm naminə tənha ömür sürürdü, təbii ki, uşaqları da yox idi. Buna baxmayaraq, südəmərlik dövründən tutmuş uşaqların tərbiyə edilməsinə dair orijinal maraqlı fikirləri vardı. O, təklif edirdi ki, uşaq doğan ana uşağına ancaq özü süd verməlidir.

Uşağı bələməyin də əleyhinə idi. Onun fikrincə, bələk uşaqda qorxu və ümidsizlik hissləri yaradır. Böyük adamı da bələsən, uşaq kimi bərk səs çıxararaq bağırar. Uşağı yırğalayıb yatırtmaq da düzgün deyil. Uşağın səsini kəsmək üçün yırğalamaq olmaz. Böyük adamı da yırğalasan, başı gicələr. Uşağı yırğalayırlar ki, səsi kəsilsin. Ancaq bilmirlər ki, uşağın çığırtısı, bağırtısı ağciyərlərini inkişaf etdirir. Uşaq ağlayan, çığıran, bağıran kimi dərhal yanına qaçıb könlünü almaq istəyilər. Əksinə, uşaq çığıranda ona əhəmiyyət verməməli, bu halda o özü öz səsini kəsəcək.

Uşağı yeriməyə öyrədərkən qundaq bağından, asma qayışdan istifadə etmək olmaz. Əks təqdirdə, uşağın döş qəfəsi sınar və o, şikəst ola bilər. Mümkün qədər uşağı öz ixtiyarına buraxmaq lazımdır. Amma elə etmək lazımdır ki, nizam-intizam zərər çəkməsin. Uşaqların iradəsini sındırmaq olmaz, ancaq o gərək təbii maneələrlə bərkə-boşa düşsün. Lap balaca vaxtdan uşağı əməyə öyrətmək lazımdır. Avaralıqdan, veyillikdən zərərli heç nə yoxdur. Ərköyün böyüyən uşaq güc və iradənin gərginliyi ilə əlaqədar olan işlərlə məmnuniyyətlə məşğul olur.

Yeməyə gəldikdə, uşaqları şirniyyata alışdırmaq olmaz. Ciddi səbəb olmadıqda uşağın xahişi yerinə yetirilməlidir. Səbəb olduqda isə xahiş rədd edilməli, onların yalvarışına məhəl qoyulmamalıdır.

Uşaqların fiziki təliminə – yüyürmək, qaçmaq, hoppanmaq, əlləri  qaldırmaq, suda üzməyə fikir vermək lazımdır. Heç bir halda oyunu əməklə əvəz etmək olmaz.

Məktəb mədəniyyətdir, ancaq onun məqsədi azad insan yetişdirməkdir.Latın zərb-məsəlində deyilir: "Mən yaddaşımda nə qədər saxlaya bilirəmsə, o qədər bilirəm”. Odur ki, yaddaşı həmişə inkişaf etdirmək lazımdır.  Daim oxumaq, oxuduğunu söyləmək, dil öyrənmək yaddaşı məhkəmləndirir.

Kant hesab edirdi ki, tərbiyənin məqsədi – insanı düşünməyə öyrətməkdir, ancaq şəxsiyyəti, yəni azad fəaliyyət göstərən, şəxsi ləyaqət hissinə malik olan və cəmiyyət üzvü kimi şüurlu surətdə öz üzərinə vəzifələr götürən şəxsi tərbiyə etmək lazımdır. Ona görə də insan şüurlu surətdə tərbiyənin dörd mərhələsindən keçməlidir: nizam-intizamlı olmaq, əmək vərdişləri əldə etmək, cəmiyyətdə özünü aparmağı bacarmaq və əxlaqlı olmaq…



Oxşar Xəbərlər

Xəbər lenti