Əli Həsənovun istefası nə vəd edir?

 

Əli Həsənovun istefası nə vəd edir?

 


 


 

 

                            İqtidarın yeni media siyasəti necə olacaq?

 

Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında” sərəncama uyğun olaraq, 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edən, 2015-ci ildən şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olan Əli Həsənov vəzifəsini itirdi. Prezidentin Administrasiyasının yeni strukturunu təsdiq edən sərəncam mediada yayılan zaman məlum oldu ki, Əli Həsənov prezidentin köməkçisi vəzifəsini itirməklə yanaşı, bu şəxsin son 24 il ərzində rəhbərlik etdiyi şöbə, ümumiyyətlə ləğv olunub.

Qeyd edək ki, Əli Həsənovun vəzifəsini itirəcəyi çox gözlənilən idi. Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediası ilə bağlı ciddi tənqidi fikirlər səsləndirmişdi. Xatırladaq ki, Prezident medianın daxili çəkişmələr üçün bir vasitəyə çevrildiyinə, həm də bu vasitə ilə bir dövlət məmurunun digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkmiş, bu vəziyyətin dözülməz olduğunu bildirmişdi. Eyni zamanda belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirən dövlət başçısı bununla barışılmayacağını vurğulamışdı. Bu tənqidlərin o zaman Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova yönəldiyi hər kəsə məlum idi. Aşkar görünürdü ki, dövlət başçısı yerli medianın məmurların nüfuz savaşının ağır artileriyasına çevrilməsi haqqında ətraflı məlumata malikdir. Ancaq prezidentin tənqidindən sonrakı müddətdə də ciddi dəyişiklik hiss olunmadı. Xüsusilə Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevaya qarşı kampaniya zamanı aşkar hiss olundu ki, dövlət başçısının tənqidləri nəticə verməyib. Məlum olduğu kimi, Yevgeniy Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsinə Bakı Slavyan Universitetinin beş tələbəsinin qatılması əsas götürülərək, rektor Nurlana Əliyeva hakimiyyətyönlü medianın bir hissəsi tərəfindən "linç edilmişdi”.

Əli Həsənovun istefasını zərurətə çevirən bu məqamla yanaşı, başqa bir amil də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin vəzifədə uzun zaman qala bilməyəcəyini proqnozlaşdırmağa imkan verirdi. Belə ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin dəyişdirilməsindən sonra Əli Həsənov vəzifə başında uzun zaman qala bilməzdi.

Eyni zamanda 24 il ərzində ölkənin ictimai-siyasi həyatına yön verən, hakimiyyətin media, vətəndaş cəmiyyəti siyasətini müəyyən edən və həyata keçirən bir şəxsin vəzifədən getməsi də təsirsiz ötüşməyəcək. Tezliklə biz bunun təsirlərini görməyə başlayacağıq. Çox güman ki, mənşəyi məlum olmayan pullar hesabına fəaliyyət göstərən media orqanlarının bir çoxu fəaliyyətini dayandıracaq. Bəziləri əməkdaşlarının böyük bir hissəsini ixtisar edəcək. Əli Həsənovun qurduğu şəbəkənin ianələri hesabına fəaliyyət göstərən media orqanları süni nəfəs aparatından ayrılmış xəstə kimi mövcudluqlarına son verəcəklər. İndi hakimiyyətdə mediaya nəzarət etmək iddiasında olan məmur qalmadığına görə, Əli Həsənovun şəbəkəsindən bəhrələnən mətbuat orqanları üçün çox çətin günlər başlayır.

Əli Həsənovun özü də vəzifəsini itirməklə canını qurtarmış deyil. Məsələn, məhz Əli Həsənovun qanunsuz göstərişi əsasında bloklanmış bəzi saytların rəhbərləri də Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisinin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Əli Həsənov üçün digər ciddi bir problemi də prezident İlham Əliyevin göstərişi ilə jurnalistlər üçün tikilmiş binlardakı mənzillərin kimlərə verilməsi ilə bağlı artıq çoxdan səsləndirilən suallar yarada bilər. Xüsusilə də jurnalistlər üçün inşa edilən ikinci binadakı 255 mənzilin demək olar yarısının mətbuatda heç bir imzası olmayan, bu günə kimi bir məqaləsi belə çap olunmayan şəxslərə verilməsi ilə bağlı ciddi iddialar var. "Yeni Sözçü” qəzeti olaraq,biz də prezident İlham Əliyevin göstərişi ilə jurnalistlər üçün tikilmiş binlardakı mənzillərin kimlərə verilməsi ilə bağlı geniş araşdırma aparmağa çalışacağıq.

Əli Həsənovun istefasının sonuclarını hiss edəcək qurumlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu olacaq. Belə ki, bu qurumun keçirdiyi müsabiqələrdə də ədalət prinsiplərinin pozulması ilə bağlı çoxsaylı iddialar mövcuddur. Bir çox media rəhbərləri hesab edirlər ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müsabiqələrinin qalibləri əsasən Əli Həsənovun nəzarətində olan media orqanları olublar. Müstəqillik dövrünün media orqanları arasında xüsusi yeri olan "Hürriyyət” qəzetinin uzun müddət müsabiqələrdən kənarda qalması, "Yeni Sözçü” qəzetinin satışı qədər qəzet sata bilməyən mətbu orqanlarına maliyyə dəstəyi verilməsi də bu sahədə tətbiq olunan ayrı-seçkilikdən xəbər verirdi.Bütün bunların nəticəsidir ki, prezident İlham Əliyevin də dediyi kimi, media daxili çəkişmələr üçün bir vasitəyə çevrilmişdi.

İndi Əli Həsənovun istefasından sonra belə ümidlər yaranıb ki, nəhayət bu bədnam ənənəyə son qoyulacaq və bundan sonra bütün mətbu orqanları dövlətimizdən eyni münasibəti görə biləcək.

Arzuman Loğmanoğlu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}