Bakıdakı "İnfinity" gecə klubunda 300 nəfər QİÇS-ə yoluxub - Artıq ərəblər Azərbaycana seks turizmi ölkəsi kimi baxırlar

Bakıdakı "İnfinity" gecə klubunda 300 nəfər QİÇS-ə yoluxub - Artıq ərəblər Azərbaycana seks turizmi ölkəsi kimi baxırlar

 

Yüngül həyat tərzi keçirən qadınların oylağına çevrilən bu gecə klubunu toxunulmaz edən şəxs və ya şəxslər heç nədən, heç kimdən, hətta qanunlardan belə, çəkinmirlər

Ötən saylarımızın birində Bakıda sauna, gecə klubu, bar, diskoteka, masaj və gözəllik salonu, sağlamlıq mərkəzi adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı geniş məqalə təqdim etmiş və bununla bağlı araşdırmalarımızı davam etdirəcəyimizə dair söz vermişdik. Odur ki, bu yazımızda, son zamanlar adı müxtəlif xoşagəlməz olaylarda hallanan "İnfinity" gecə klubundan bəhs edəcəyik.

Beləliklə, ilk öncə onu qeyd edək ki, adıçəkilən gecə klubu indiyədək bir neçə dəfə müvafiq qurumlar tərəfindən bağlanıb və bir müddət sonra kim(lər)insə müdaxiləsiylə heç nə olmamış kimi yenidən fəaliyyətinə davam edib. Məsələn, mətbuatda gedən məlumatlara görə, Bakı Şəhər Baş Polis İdarəsi 2013-cü ilin may ayında gecə saatlarında keçirdiyi əməliyyat zamanı paytaxtın Nəsimi rayonunda "Nizami" kinoteatrına yaxın ərazidə yerləşən "İnfinity" gecə barında əxlaqsızlıqla məşğul olan onlarla qadın və kişini saxlayıb. Kişilərin hamısı Azərbaycan vətəndaşı olsa da, qadınların əksəriyyəti əcnəbi olub. Bildirilir ki, həmin vaxt saxlanılan qadınların əksəriyyəti 17-20 yaşlarında olub. Məhz bundan sonra adıçəkilən barın fəaliyyətinə qadağa qoyulub. Ancaq sözügedən hadisənin üzərindən bir qədər keçdikdən sonra "İnfinity" yenidən öz işinə davam edib. 2016-cı ilin oktyabr ayında isə "İnfinity" gecə klubu yenidən bağlanıb. Buna səbəb isə yaxınlıqda yerləşən binalarda yaşayan sakinlərin şikayəti olub. Belə ki, klubda gecə yarısına qədər spirtli içki qəbul edərək, əylənənlərin söyüşləri, səs-küyü ətrafda yaşayanları narahat edirdi. Buna görə də müvafiq qurumlar klubun bağlanmasına qərar veriblər. Ancaq bir müddət sonra "İnfinity" gecə klubu şəhərin digər ərazisində, daha dəqiq desək, Nərimanov rayonunda fəaliyyətini bərpa edib. Təbii ki, bütün bunlar bir daha onu təsdiqləyir ki, açıq-aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən, insan alveri, qadın ticarəti ilə məşğul olan "İnfinity" gecə klubunun kifayət qədər səlahiyyətli, bir sıra dövlət qurumlarına təsir etmək iqtidarında olan güclü himayədarı var. Əgər belə olmasaydı, o zaman bir neçə dəfə bağlanan klub bir müddət sonra təkrar eyni əməllərini davam etdirməzdi. Buradan da belə qənaətə gəlmək olar ki, "İnfinity" gecə klubunu toxunulmaz edən şəxs və ya şəxslər heç nədən, heç kimdən, hətta qanunlardan belə, çəkinmədən qadınların cinsi istismarına şərait yaradırlar.

Yeri gəlmişkən, bildirməliyik ki, "İnfinity" gecə klubunda erotik rəqslər və milli mentalitetimizə yaraşmayan əyləncələr təşkil olunur ki, bu da haqlı olaraq həm yaxınlıqda yaşayan sakinlərin, həm də ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olur. Bununla bağlı verilən bilgilərdə deyilir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "İnfinity" gecə klubundakı yüngül həyat tərzi keçirən qadınlar 150-500 dollar qarşılığında əsasən ərəb turistlərə intim xidmət göstərirlər. Qeyd olunur ki, adıçəkilən klubda təxminən, 500-ə qədər qadın bədənlərini müştərilərə satır. Ümumiyyətlə, "İnfinity" gecə klubunda mütəmadi olaraq qadın üstündə mübahisənin düşdüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, bu, sonda dava-dalaşa, hətta bıçaqlanmaya belə, gətirib çıxarır. Məsələn, bu cür hadisələrdən biri bu ilin avqust ayında yaşanıb. Belə ki, naməlum şəxs Səudiyyə Ərəbistanından olan turist, 1992-ci il təvəllüdlü Almurtair Mişel Şuqarini döyüb. Həmin faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılıb.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, təxminən, bir həftə öncə məşhur ərəb bloger Ali Əthab ölkəmizə gələn turistlərin həyat tərzi və burada artan ölüm hadisələri ilə bağlı video-reportaj hazırlanıb. O, Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib. Blogerin iddiasına görə, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (SPİD-red.) xəstəliyinə tutulur. Ali Əthab bildirir ki, Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub. Məsələnin maraqlı tərəfi ondadır ki, ərəb blogerin hazırladığı videogörüntüdə əsasən "İnfinity" gecə klubunun adı hallanır. Beləliklə, Bakıya əsas gəliş məqsədinin burada ərəb turistlərin ölüm səbəbini araşdırmaq olduğunu vurğulayan Ali Əthab bununla bağlı bir çox şəxslərlə görüşüb və paytaxtımızda ərəb turistlərə tərcüməçilik edən Sevinc adlı azərbaycanlı qızla da söhbətləşib. Ərəb turistlərin Bakıya gəliş səbəbinin yüngül əxlaqlı qadınlar olduğunu deyən Sevincin sözlərinə görə, burada ərəblər üçün hər bir şərait var:"İstirahət yerləri, lüks otellər, görməli rayonlar və s. Üstəlik dolların baha olması da əsas amillərdən biridir. Bu səbəbdən Azərbaycana ərəb turistlər çox gəlir. Amma turistlər iki hissəyə bölünürlər. Bir hissəsi gəzməyə, bir hissəsi isə fahişlərə görə gəlir. Gənclər əsasən Bakıdan kənara çıxmırlar. Çoxunun da yaxşı pulu var. Bəziləri ev tuturlar, bəziləri otellərdə qalırlar. Hər gün diskotekaya, barlara, gecə klublarına gedirlər. Məqsədləri orada gənc qızlarla tanış olmaq, onlarla cinsi münasibətə girməkdir. Otellər də həmin qadınlara kömək edirlər. Hər bir fahişədən əlavə 20 dollar alırlar". Ərəb turistlərin ölüm səbəbinin intimlə bağlı olduğunu iddia edən Sevinc bildirib ki, onlar hər gün içki içib, gecə klublarında əylənirlər, sonda da cinsi istəyi artıran dərman içirlər: "Spirtli içki ilə bu dərmanların birlikdə qəbulunun sonunda ölüm halları yaşanır. Ailəvi gələn ərəblər isə Qəbələ, Quba kimi rayonlara üz tuturlar. Çünki onların məqsədi istirahət edib, gəzməkdir".

Qeyd edək ki, Ali Əthabın reportajından dərhal sonra, hüquq-mühafizə orqanları fahişəxana və erotik rəqslər məkanı kimi məşhurlaşan "İnfinity" gecə klubunda əməliyyat keçirib və klub yenidən fəaliyyətini dayandırıb. Bununla bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, təxminən, 500-ə yaxın yüngül həyat tərzi keçirən qadının oylağına çevrilən "İnfinity" gecə klubu ilə əlaqədar aparılan araşdırmalar zamanı adıçəkilən məkanın 300 nəfər müştərisinin ən ağır xəstəliklərdən biri sayılan və müalicəsi mümkün olmayan QİÇS-ə yoluxduğu müəyyənləşdirilib. Məhz elə bu səbəbdən də, bir neçə dəfə bağlandıqdan sonra fəaliyyətini yenidən bərpa etməyə müvəffəq olan "İnfinity" gecə klubunun vəziyyətinin bu dəfəf heç də yaxşı olmadığı qeyd olunur. Verilən informasiyada deyilir ki, aylıq gəliri təqribən, 50-100 min manat civarında olan "İnfinity" gecə klubunun keçmiş polis zabiti olduğu deyilən sahibinin həbs məsələsi də gündəmə gələ bilər.

Ümumiyyətlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, bir vaxtlar bizim - Azərbaycan kişilərinin Rusiya və Ukraynaya "bazlıq" məqsədiylə üz tutduğumuz kimi, bu gün ərəblər də ölkəmizə məhz həmin niyyətlə gəlirlər. Bu isə heç kimə başucalığı gətirmir. Çünki artıq ərəblər Azərbaycana seks turizm ölkəsi kimi baxırlar. Odur ki, buna şərait yaradanlar papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir. Təbii ki, əgər mənəviyyatı, ölkənin nüfuzunu, Azərbaycanlı kişisi adını maddiyyatdan üstün tuturlarsa...

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Bir məqamı da nəzərinizə çatdıraq ki, ötən saylarımızın birində Bakıdakı əxlaqsızlıq yuvalarının böyük əksəriyyətinə nəzarət edən, "pritonlar kralı" kimi tanınan "Antalya Mehman" ləqəbli Mehman Həsənov və onunla əlbir olanlar haqqında araşdırma yazı dərc etdikdən sonra redaksiyamıza bəzi ilginc məlumatlar daxil olub. Bildirilir ki, "Hürriyyət" qəzetinin heç bir halda kimdənsə mənfəət güdmədiyini, yəni "reket" jurnalistlər kimi nəyinsə qarşılığında pul almadığını yaxşı bilən "Antalya Mehman" barəsində gedən tənqidi məqaləyə cavab olaraq redaksiyamıza öz adamlarını göndərib kollektivdən kimisə şərlədərək həbs etdirmək niyyətindədir. Həmçinin, deyilir ki, "Hürriyyət"in əməkdaşlarına qarşı digər təzyiq və böhtan üsullarından da istifadə oluna bilər. Məhz elə buna görə də qəzetimiz vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edir, onlardan məsələni diqqətə almalarını xahiş edirik.



Oxşar Xəbərlər

Xəbər lenti