"100 minlik obyekt və 2 mənzil verildi" - Türkiyəli iş adamı zərərçəkmişlərlə barışır

 

72 nəfəri aldatmaqdan ittiham edilən türkiyəli iş adamı hakim qarşısına çıxarılıb.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Elçin Heydərov ifadəsində bildirib ki, 2007-ci ildə ev alıb. Amma sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.

O söyləyib ki, sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və 2 mənzil verilib.

Elçin Heydərov mənzillərinin sənədlərini məhkəməyə göstərərək hazırda şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.

Digər zərərçəkmiş Vəli Əkbərli də məhkəmədə dindirilərkən barışıq əldə etdiklərini deyib. Söyləyib ki, ona məxsus qeyri-yaşayış obyekti geri qaytarılıb: "Hələ ki, mənə məxsusdur. Çünki bir müddət başqa sahiblərinin olduğu bildirilirdi. Buna görə məhkəmə çəkişməsi var idi".

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.

Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.



Oxşar Xəbərlər

Xəbər lenti