Rüfət Səfərovun ölkədən çıxışına qadağa qoyulub – Eldar Sabiroğlu: “Rüfətin Türkiyədə müalicə olunmasına dövlət səviyyəsində maneçilik törədilir”

Rüfət Səfərovun ölkədən çıxışına qadağa qoyulub – Eldar Sabiroğlu: “Rüfətin Türkiyədə müalicə olunmasına dövlət səviyyəsində maneçilik törədilir”

 

"Keçmiş siyasi məhbus Rüfət Səfərovun müalicəyə ciddi ehtiyacı olduğuna görə Türkiyəyə aparmaq istəsək də, dövlət səviyyəsində maneçilik törədilir”.

Bu haqda Sozcu.info -a R.Səfərovun atası, keçmiş deputat Eldar Sabiroğlu məlumat verib:

"Başqa necə demək olar ki, Baş Prokurorluq tərəfindən tətbiq edilən"stop" qadağasını müraciətlərimizə baxmayaraq üzərindən götürmək fikirləri yoxdur. İnsanların hüquq və azadlıqlarını əhəmiyyətsiz bir anlayış kimi tanıyan prokurorluq sistemindən bundan artığını gözləməyin özü mənasız bir işdir. Baş Prokurorun maraq dairəsində mövcud meyarlar tamam başqa prinsiplərə əsaslanır. Qanun, ədalət onun oturduğu stuldur. Dünyanın ən geridə qalmış dövlətində belə tabeçilikdən asılı olmayaraq türmə həyatı yaşamış rütbə adamına bizdə olan qədər bu cür mənfi, saymazyana, aşağılayıcı münasibət göstərilmir. Bizdə isə var!”.

E.Sabiroğlu vurğulayıb ki, əfv haqqında əsasnaməyə əsasən, dövlət başçısının fərmanından sonra məhbusun üzərindəki bütün məhdudiyyətlər ləğv edilir:

"Həbsxanadakı işgəncələr, görünür, kifayət etmədiyindən azadlıqda da bu kimi psixoloji təhdidlərlə sabiq müstəntiqə əziyyət verməyi, onu ağır sıxıntılara məruz qoymağı öhdəlik götürüblər. Yaxınlarda eşitdiyim bir söz məni lap təəccübləndirdi. Guya Rüfət Səfərov müalicə adı altında ölkəni tərk edərək xaricdən iqtidarın əleyhinə müxalifətçilik etməyi qarşısına məqsəd qoyub. Bu dərrakə, bu ağılla necə dövlət işində çalışırlar, görəsən?! Əgər bu"uzaqgörənliklə" də dövlət rəhbərinə xidmət edirlərsə, hər şey aydındır və prezident üçün ətrafında nə qədər ağır vəziyyətin hökm sürdüyünü təsəvvür etmək cətin deyil”.



Oxşar Xəbərlər

Xəbər lenti