“Mənim oğlum oliqarx deyil, 420 manat maaşa işləyirdi...” - Bakıda “Range Rover"lə piyadanı vuran sürücünün anası

“Mənim oğlum oliqarx deyil, 420 manat maaşa işləyirdi...” - Bakıda “Range Rover"lə piyadanı vuran sürücünün anası

 

Bakının Nizami rayonunda, aprelin 30-da axşam baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında yaranmış ajiotaj nəhayət aydınlaşıb. Hadisəni törətmiş sürücünün anası bu gün redaksiyamızla əlaqə saxlayıb və oğlunun oliqarx-filan olmadığını, avtomobillərin alqı-satqısı üzrə ixtisaslaşmış avto.az saytında 420 manat maaşa işlədiyini, hazırda isə işləmədiyini deyib.

Xatırladaq ki, Bakı şəhər sakini Mahir Əsədovun idarə etdiyi 90 OG 002 dövlət nömrəli "Range Rover” avtomobili "Neolit” şadlıq sarayının qarşısında yolu keçməyə çalışan piyadanı vurub, piyada digər hərəkət zolağına düşüb və bu vaxt "Mercedes” markalı başqa avtomobil onun üstündən keçib. Piyada ağır xəsarətlər alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Bu hadisə barədə xəbər yazan saytlar Mahir Əsədovun eyni dövlət nömrə nişanı daşıyan "Audi” və "Mercedes” markalı daha iki avtomobilə sahib olduğunu, sürücünün hadisə yerindən qaçdığını iddia etmişdi. Virtualaz.org bu hadisə ilə bağlı müvafiq strukturlardan əlavə məlumat əldə etməyə çalışsa da nə qəzanı araşdıran müstəntiq, nə digərləri əslində məsələnin necə olduğunu açıqlamamışdılar. Və qeyri-rəsmi mənbələr hadisəni törədən sürücünün "tikinti biznesi ilə məşğul olan oliqarx” olduğunu bildirmişdilər.

Lakin sürücü Mahir Əsədovun anası Zülfiyyə Əsədova redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, onun oğlunun cəmi 26 yaşı var, avtomobillərin alqı-satqısı üzrə ixtisaslaşmış saytda cüzi maaşla işləyirdi. Və həmin avtomobili də satmaq üçün almışdı.

"Burada doğru olanı ancaq budur ki, həmin 90 OG 002 dövlət nömrə nişanı oğlumun adınadır, şəkillərdə göstərilən avtomobillərin heç biri ona məxsus deyil. Avtomobillərdən ikisi əvvəllər avto.az saytında satışa çıxarılıb və artıq satılıb. Biz 2 otaqlı evdə yaşayırıq, oğlum ailəsini çətinliklə dolandırır, körpə uşağı var, avtomobil alıb satır ki, beş-on manat əlavə qazansın. ”-Z.Əsədova deyir.

Sürücünün anası bildirir ki, saytların yazdığı kimi onun oğlu hadisə yerindən qaçmayıb, həmin vaxt maşında olan dostu ilə birlikdə yaralı piyadaya yardım göstərib. Təcili yardım çağırılıb, piyada xəstəxanaya yerləşdirilib. Və oğlu hadisə ilə bağlı 48 saat müddətinə saxlanılıb, hazırda polisdədir. Atası onun hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayıb.

"Oğlum danışır ki, həmin yolda radar olduğu üçün maşını aşağı sürətlə sürürdü. Kamera görüntülərindən də təsdiq olunub ki, sürət təxminən saatda 50 km olub. Piyada oğlumun idarə etdiyi maşına dəyəndən sonra səndələyib, digər zolağa keçib, sonra üçüncü zolağa yıxılıb, həmin zolaqla hərəkət edən avtomobil də görməyib üstündən keçib”-o bildirir.

Z.Əsədova deyir ki, yaralı piyadanın müalicəsi üçün əllərindən gələni ediblər, ailəyə yardım göstəriblər. Hərçənd onların özlərinin də maddi imkanı yaxşı deyil.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə isə virtualaz.org-a açıqlamasında bunları deyib: "Hadisə aprelin 30-da axşam saatlarında baş verib. Piyada R.Məmmədov yolu piyadaların keçməsi üçün nəzərdə tutulmayan yerdən keçərkən vurulub. İstintaq araşdırması nəticəsində məlum olub ki, piyada "Range Rover” markalı avtomobilin sağ güzgüsünə və sağ qabaq "qanadına” dəyib. Piyada yıxılıb, bu vaxt eyni istiqamətdə, başqa zolaqla gələn "Mercedes” markalı avtomobil onu vuraraq sürükləyib. "Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. "Range Rover”in sürücüsü isə avtomobili yolun kənarına çəkərək saxlayıb, öz dostu ilə birlikdə piyadaya yardım göstərib, onlar təcili yardım çağırıblar, piyada xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı CM-nin 263.1-1. maddəsi ilə cinayət işi başlayıb, araşdırma başlanılıb. "Mercedes”in sürücüsü daha sonra saxlanılıb. Hər iki sürücüdən izahat alınıb, müvafiq avtoekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti