8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İspaniyanın elitar İbiza kurort adasında Azərbaycandan olan 22 yaşlı "ifrat varlı” turistin 1.5 milyon dollar dəyərində saatının oğurlanması italyan mafiyasının işi ola bilər.
Sozcu.info xəbər verir ki, bu haqda ispan mətbuatı yazır.
İspaniya mənbələri həmin oğurluq hadisəsinin bəzi təfərrüatlarını yayıb. Belə məlum olur ki, hadisə iyunun 19-da baş verib. Azərbaycandan olan iki gənc turist İbiza adasının Paseo-de-Joan Karles rayonunda, sahildə gəzərkən saat 16.30 radələrində hücuma məruz qalıb. Təxminən 30 yaşlarında olan şəxs qəfildən ona hücum edərək bir neçə dəfə itələyib, azərbaycanlı zəngin gənc qolundan və əlindən xəsarət alıb. Hücum edən şəxs onun saatını götürərək qaçıb. Azərbaycanlı zənginin yanındakı dostunun niyə ona kömək edə bilmədiyi barədə danışılmır.
Saatı oğurlanan azərbaycanlı gənc Vila rayonundakı otellərdən birində qalırmış və o, hadisədən dərhal sonra ispan Milli polisinin yerli polis məntəqəsinə gedərək soyğunçuluğa məruz qaldığı barədə şikayət verib.
Həmin gəncin oğurlanan "Richard Mille 50-03 MCLaren F1” markalı saatından dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan, poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunub.
Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın "ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.
İspan mətbuatı bildirir ki, son həftələrdə İbiza Milli polisinin xüsusi və zorakı cinayətlərlə mübarizə Şöbəsi dəbdəbəli saatların oğurlanması ilə məşğul olan qrupla əlaqəli bir neçə nəfəri həbs edib. Belə ki, iyunun 9-da onlar Neapoldan olan 50 yaşlı bir kişini tutublar. Həmin şəxs müstəntiqlərin bildirdiyinə görə, İbizada dincələn zəngin turistlərin dəbdəbəli saatlarını oğurlamaqla məşğul olan qrupun rəhbəridir.
Polis agentləri son həftələrdə adada beş belə soyğunçuluq hadisəsinin qeydə alındığını deyirlər. Lakin həmin beş saatın birlikdə dəyəri azərbaycanlı turistdən oğurlanan saatın dəyərindən dəfələrlə aşağıdır, cəmi 150 min avrodur.
Neapol sakininin həbsindən bir neçə gün sonra xüsusi agentlər ərəb mənşəli 3 nəfəri də həbs ediblər. Onların bilavasitə saat oğurluqlarını həyata keçirənlər olduğu ehtimal edilir. Bildirilir ki, elitar Avropa kurortlarında bahalı saatların oğurlanması biznesi neapol və kalabriya mafiyasının nəzarətindədir. Lakin son illər Fransadakı Məğrib qruplaşması-əsasən əlcəzairlilər və mərakeşlilər də bu cür soyğunçuluqla məşğuldurlar.