8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"”AtaBank”da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir”.
Bu xəbəri "AzPolitika.info”-ya bankda gedən proselərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar "AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: "Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. "AtaBank”la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar”.
"Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur”, – mənbə bildirir.
Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsinə səbəb olan amillərdən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, nəticədə yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsi olmuşdur: "Mənfi cəhət ondan ibarətdir ki, yüksək faizlərlə, müxtəlif hədiyyələrlə əhalidən cəlb edilmiş əmanətlər real dövriyyəyə buraxılmamışdır. Bank cəlb olunmuş məbləğləri cari ehtiyaclarına sərf edib ki, nəticədə mənfəətlik təmin edilməyib. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün bankın gəlir mənbəyi yoxdur. Getdikcə kiçilən kredit portfelinin 70 faizi problemli statusdadır. Hazırda bankda vəsaitin olmaması səbəbindən əməliyyatlar aparmaq mümkün olmur. Müştərilərin bildirdiyinə görə, bankın heç bir bankomatında pul yoxdur. Bankın vəsaiti olmadığı üçün sahibkarların hesabları üzrə köçürmələrini apara bilmir. Ən acınacaqlısı isə odur ki, vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var”.
Mənbənin sözlərinə görə, bu ilin oktyabr ayından etibarən həmin əmanətlərin hesablanmış illik faizləri ilə birlikdə qaytarılma müddəti bitir: "”AtaBank”da yaranmış vəziyyətdən xəbərdar olan əmanətçilər hazırda vaxtından qabaq əmanətlərini geri tələb etməyə başlamışdırlar.
Bankda isə böhran vəziyyətinin günü-gündən pisləşdiyi müşayiət olunur. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir”.
"Oktyabr-dekabr aylarında kütləvi müştəri tələbini təmin etmək üçün Fazil Məmmədov tərəfindən belə bir addımın atıldığı iddia olunur. 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq. Ümumilikdə 500 milyona yaxın öhdəliyi olan və hazırda stabil gəlir əldə edə bilməyən bankın öz əmlaklarını satmaqla hansı nəticəyə nail olacağı qeyri-müəyyəndir”, – mənbə əlavə edir.
Məlumatda həmçinin qeyd olunur ki, Palata növbəti ilin yanvar ayından banklar üzrə adekvatlıq tələblərini sərtləşdirməyi planlaşdırır: "Belə olan təqdirdə onsuz da dərin likvidlik problemi yaşayan, prudensial tələblərə cavab veməyən "AtaBank”ın malik olduğu qeyri-qənaətbəxş imkanlarına görə növbəti ildən nəzarət orqanlarının tələblərinə tab gətirə bilməyəcəyi şübhə doğurmur. Görünən mənzərə onu dəməyə əsas verir ki, növbəti ilin əvvəlinə kimi bankın bağlanmasına bir növ hazırlıq gedir”.
Bu iddialarla bağlı "AtaBank”ın mövqeyini əlavə etməyə hazırıq.