Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib

 

"Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi”.

Bunu Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov APA-ya müsahibəsindən deyib.

Onun sözlərinə görə, hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir: "Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək. Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək”.

H.Məmmədov qeyd edib ki, Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib: "Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir. Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib. Mövcud hadisələr ali məktəbə qəbul faizinin aşağı düşməsinə səbəb olub. Bu il Qafqaz Universitetində ayrılan 1049 plan yerinə 703 tələbə qəbul olub, ən yüksək bal 696 bal təşkil edib”.



Oxşar Xəbərlər

Xəbər lenti