Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov təxminən ay yarım öncə həbsdən buraxılsa da, yenə narazıdır.
O, bəraət almaq istədiyindən, haqqında çıxarılmış hökmdən apellyasiya şikayəti verib.
Vüqar Mahmudov keçmiş MTN-ə agentura, əməliyyat-axtarış xərclərindən ötrü ayrılmış vəsaitin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Bakı Hərbi Məhkəməsi onu CM-in 179 (mənimsəmə və ya israfetmə), 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə suçlu bilib. Amma ona münasibətdə CM-in 62-ci maddəsi tətbiq edilib, başqa sözlə, suçlandığı maddələrdə nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs.
Bu müddətin də tamam olmasıəsasıyla, o, noyabrın 28-də məhkəmə zalından azadlığa buraxılıb.
Ancaq Vüqar Mahmudov özünü günahkar saymır. Apellyasiya şikayətində də Bakı Hərbi Məhkəməsinin hökmünün ləğvini, ona bəraət verilməsini istəyib. Vüqar Mahmudovun işində zərərçəkmiş kimi tanınan üç nəfər də hökmdən narazıdır.
Onlar deyirlər ki, heç bir cinayət törətmədikləri halda, vaxtilə MTN-də hədə-qorxu ilə pullarını alıblar. O pulları indi geri istəyirlər. Zərərçəkmişlər Vüqar Mahmudova qarşı mülki iddia qaldırsalar da, rədd cavabı alıblar.
Yanvarın 8-də məhkəmədə Vüqar Mahmudovun vəkili deyib ki, birinci instansiya məhkəməsi bir sıra məsələləri araşdırmadığından, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların tədqiqi və s.) baxılmalıdır. Amma hakimlər məhkəmə istintaqı aparmağa razılıq verməyiblər. Sabiq MTN polkovnikinin işinə yanvarın 22-də baxılacaq.(azadliq.org)