Tapşırıqlar, tezislər, direktivlər və göstərişlər dövrünü qapatmaq lazımdır... - Turan İbrahimovun yazısı

 

"Bu ölkənin ən böyük problemi nədir" soruşsam, cavabınızın nə olacaqını bilirəm. Siz də bilirsiniz, ona görə də sadalayıb təkrarçılıq etmək istəmirəm. Amma bircə onu deyim ki, hər birimizin ağlımıza gələn o ilk mövzulardan bəhs etməyəcəyəm. Çünki ən böyük, bir nömrəli problemimiz əslində bir-birimizi başa düşə bilməməyimizdir. Əlaqə qurmağı bacarmamağımızdır. Daha dəqiq deyim, bir-birimizə yetəri qədər, razı salacaq səviyyədə izahat vermə zərurəti duymamağımızdır. Düzdür, "biz" deyirəm, amma mövzu əslində şəxslərə, fərdlərə yox, daha çox konkret qurumlara aiddir - istər özəl olsun, istərsə də dövlət qurumlarına. İçtimaiyyətlə normal, birbaşa, interaktiv və asan anlaşılan əlaqələr qura bilməyən hər quruma. Açığı, belə qurum və təşkilatlar ölkədə o qədər çoxdur ki, o cür olmayan birinin adını nümunə üçün çəksəm, yəqin elə çıxacaq ki, sanki şəxsi marağım var, o üzdən tərifləyirəm.

Bu ölkədə içtimaiyyətin bu və ya, başqa hadisədən, qalmaqaldan, faciədən tam, dolğun, sakitləşdirici və sabitləşdirici məlumatlandırılması yalnız və yalnız media mənsublarının təkidlərinin, bəzən də şəxsi maraqlarının ümidinədir. Deyəcəksiniz ki, belə də olmalıdır. Medianın işi məhz bu deyilmi? Bəli budur. Amma hər halda haqqında xəbərlər çıxan, söz-söhbətlər yayılan, ətrafında spekulyasiya üçün hay-küy qoparılan qurumlar özləri- özlərindən bəhs etmək, izahat vermək, əksini sübut etməkdə daha çox maraqlı olmalıdırlar. Brifinqlər, mətbuat konfransları, eksklüziv açıqlamalar etməlidirlər. Bəs, o zaman saxladıqları, bəlkə də sözdə mövcud olan mətbuat katiblikləri, ictimaiyyətlə əlaqələr şöbələri və s. nəyə lazımdır? Soyuq, təfərrüatsız, müəammalılıq ab-havası yaradıb dezinformasiya mühitini daha da münbit edən kiçik açıqlamaları sayt və portallara göndərmək üçünmü? Bəli, elədirki var. Məhz elə bunun üçün. Başqa heç nə!

Elə ona görədir ki, hazırda ölkənin bütün ənənəvi media quruluşları, saytları, portalları, TV və radioları məhdud informasiyalarla təmin edildikləri üçün quru və yetərsiz görünürlər. İçtimaiyyəti informasiya ilə doyura bilmədikləri üçün, elə ictimai rəyi də yetərincə formalaşdıra bilmirlər. Sosial şəbəkələrə, dedi-qodulara, xüsusilə də spekulyantlara uduzurlar.

Gəlin etiraf edək. Hazırda Azərbaycanın KİV-ləri əksər hallarda dişsizdirlər. Silahsızdırlar, daha dəqiq ifadə etsəm, gülləsiz tüfəngdirlər, mərmisiz topdurlar. Bəs çıxış yolu nədir? Oxucunu, dinləyicini, tamaşaçını xaricdən yayımlanan qərəzli və zərərli youtube kanallarından, facebook fəallarından, içəridəki sosial şəbəkə "qəhrəmanlarından”, "bloqçularından”, araqatanlarından və like manyaklarından necə qurtarmalı? Onları normal məcraya qaytarıb, normal konstruktiv rəydə olmalarına şəraiti necə yaratmalı? Çox sadə yolla. KİV-ləri rahat buraxmaq lazımdır. Tapşırıqlar, tezislər, drektivlər və göstərişlər dövrünü qapatmaq lazımdır. Əksinə, bütün dövlət qurumlarını KİV- lərlə normal və açıq işləməyə ürəkləndirmək lazımdır. Tapşırıqları, iradları onlara bildirib, ictimaiyyətə hesabatlı olmalarına yol açmaq lazımdır. Bəlkədə məcbur etmək lazımdır. Bax, o zaman ölkədə normal informasiya mühiti, içtimaiyyətlə əlaqələr praktikası, qarşılıqlı anlaşma ab-havası formalaşar. İnsanlar eşitmək və görmək istədiklərini ənənəvi, dezinformasiya yaymayan, dövlət və cəmiyyət maraqlarını qoruyan KİV-lərdən izləməyə başlayarlar və ən radikal, psixikası pozulmuş fərdlər belə, yenidən konstruktiv mövqeyə qayıdarlar. Ən azından sağlam məcraya meyil edərlər. Alternativ informasiya axtarışı ilə ölkə qanunlarının və qanun keşikçilərinin çatmadığı, əlinin yetmədiyi məsafələrdəki və platfotmalardakı avantüristlərin ovucuna düşməzlər, populizim narkomanına çevrilməzlər.

Heç kim "bəzi KİV-lər çaşar, ortaya zərərli jurnalistlər çıxar" və s. bəhanələrini gətirməyə cəhd belə etməsin. Ölkənin qanunlarının və qanun keşikçilərinin əli çatan hər yerdə əmin olun hər kəs korrekt və etik olacaq. KİV və digər məsələlər haqqında qanun və qaydalardan kənara çıxmamağa çalışacaq. Bir sözlə, hər kəs qanuni cızığında qalacaq. Təbii ki, müstəqil məhkəmələr, qərəzli ittihamlar olmadan, layiqincə cəzalandırılan nümunələr olduqdan sonra...



Oxşar Xəbərlər

Xəbər lenti