8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev Bahar Muradovanı yüksək vəzifəyə təyin edib. Prezidentin imzaladığı sərəncamla Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Məlumdur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi yanvar ayından boş idi. Bu postu müvəqqəti olaraq 2007-ci ilin mart ayından etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində işləyən Aynur Sofiyeva icra edirdi.
9 fevral parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının siyahısından deputat seçilən Hicran Hüseynova artıq həm də vitse-spiker postu tutur. H.Hüseynova 14 il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədrlik edib.
Komitəyə kimin sədr təyin edilə biləcəyi ilə bağlı ən çox səslənən iddia sabiq vitse-spiker Bahar Muradova idi. Məlumdur ki, YAP onun deputatı olduğu 84 saylı Füzulu seçki dairəsindən başqa bir namizəd irəli sürmüşdü. Bildirilirdi ki, Bahar Muradovanın deputatlığa namizədliyinin irəli sürülməməsi onun komandadan tamamilə kənarda qoyulması demək deyil. Belə ki, H.Hüseynovanın boş qalmış vəzifəsinə B.Muradovanın gətiriləcəyi söylənilirdi. Martın 12-də bu iddialar təsdiqləndi.
Qeyd edək ki, B.Muradova 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.
2005-ci il in dekabrında vitse-spiker seçilib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Bir neçə boş qalmış vəzifələrə də yaxın günlərdə təyinat ola bilər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də təyinat yoxdur. Aqil Məmmədov 123 saylı Kəlbəcər Seçki Dairəsinin deputatı seçildiyi üçün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb. 4 mart 2013-cü il tarixdən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyən Aqil Məmmədov daha əvvəl Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. Onun yerinə kimin gələ biləcəyi haqda heç bir bilgi yoxdur.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsi də boşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan İlahiyyat İnstitutunun ilk rektoru Ceyhun Məmmədov deputat seçildiyi üçün vəzifəsindən azad edilib. Rektor vəzifəsini müvəqqəti olaraq təhsil ocağının Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edir. Bu barədə Axar.Az-a institutdan məlumat verilib. Qeyd olunub ki, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir: "Hazırda bu vəzifəni Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov həyata keçirir”.
İlahiyyat İnstitutunda təhsil ödənişsiz əsaslarla aparılır. Bütün qəbul olan tələbələr təqaüdlə təmin edilir. Yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin din xadimi kimi işləmək imkanı qazanır.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Ağstafanın icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ötən ilin aprel ayında isə Ağstafa rayon icra başçısı vəzifəsinə təyin edilmişdi. Həbsdən sonra prezidentin sərəncamı ilə Nizaməddin Quliyev vəzifəsindən azad edilib. İlin sonunda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Nəsir Muxtarlının Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatlar təsdiqlənməyib. Gözlənilir ki, yaxın günlərdə Ağstafaya da icra başçısı təyinatı gerçəkləşsin.
Prezident Administrasiyasında da iki yüksək vəzifəyə təyinat gözlənilir. Oxu.az-ın məlumatına görə, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri və Sənəd dövriyyəsi şöbəsinin müdiri vəzifələri boşdur. Qeyd edək ki, Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi ötən ilin noyabrında yaradılıb. Amma şöbə müdiri postuna təyinat olmayıb.