“Elman Nəsirov siyasətlə məşğul olsun, jurnalistikayla yox”

“Elman Nəsirov siyasətlə məşğul olsun, jurnalistikayla yox”

 

Mehman Əliyev: "Müstəqil media son günlərdə baş verən hadisələri kifayət qədər adekvat işıqlandırıb”

 

"Hakimiyyətin nəzarətində olan mediaların iqtidarın mövqeyini tirajlamaqla məşğul olması qeyri-obyektivlikdir. Son hadisələrlə bağlı da televiziya kanallarında heç bir xəbər görmədim. Bilmirəm, bəlkə də, Elman Nəsirov bu mediaları nəzərdə tutur”.
 

Milli Məclisin deputatı Elman Nəsirovun mediaya son açıqlamasını şərh edərkən "Turan” İnformasiya Agentliyinin redaktoru Mehman Əliyev Toplum tv-yə belə deyib.


Elman Nəsirov "Report”a açıqlamasında bildirib ki, xaricdən maliyyələşən bir sıra KİV-lər həqiqəti cəmiyyətə təhrif edərək çatdırırlar.


Deputatın sözlərinə görə, bir sıra jurnalistlər polislərin pozitiv davranışlarını işıqlandırmaqdan çox, neqativ davranışlarını yayımlayırlar: "Onların münasibəti polislərin Azərbaycan vətəndaşının təhlükəsizliyinin təminatı naminə xüsusilə son dövrlər göstərdiyi fədakarlığa ləkə yaxmaqdan başqa bir şey deyil”.


Mehman Əliyev isə hesab edir ki, müstəqil media son günlərdə baş verən hadisələri kifayət qədər adekvat işıqlandırıb.


Seymur Kazımov: "Elman Nəsirovun nəzərdə tutduğu neqativ kadrları jurnalistlər yox, məhz polislər yayıb”

 
 
Jurnalist Seymur Kazımov qeyd edir ki, jurnalistlər gündəmə uyğun olaraq fəaliyyət göstərirlər. 


Onun sözlərinə görə, iyunun 7-8-də ölkədə jurnalistlərin işıqlandırmalı olduqları hadisələr yalnız polislə bağlı olub: "Paralel olaraq hər hansı yaxşı və ya pis hadisə baş verməmişdi ki, jurnalistlər birinə daha çox üstünlük versinlər”.


Jurnalistin fikrincə, məlumatın pis və ya yaxşı olmasını isə auditoriya müəyyənləşdirir.


Seymur Kazımovun qənaətincə, Elman Nəsirovun nəzərdə tutduğu neqativ kadrları məhz elə polislər yayıb.


"İlk dəfədir ki, Elman Nəsirovun jurnalistlərə dərs keçdiyini eşidirəm. Yaxşı olardı ki, o, siyasətlə məşğul olsun, jurnalistikayla yox”, – o əlavə edib.


Həbib Müntəzir: "Polisin öncədən planlaşdırılmış hərəkətlərini yaymaq fikrimiz yoxdur”
 

"Meydan tv” in həmtəsisçisi, jurnalist Həbib Müntəzirin sözlərinə görə, deputatın fikirləri uydurmalardan ibarətdir.


Onun qənaətincə, media iqtidarın təbliğat maşını yox, cəmiyyətin güzgüsü olmalıdır.


Həbib Müntəzir deyir ki, jurnalistlər baş verən hadisələri sorğulamalı, problemləri işıqlandırmalı, həqiqətləri olduğu kimi cəmiyyətə çatdırmalıdır: " Öncədən planlaşdırılmış və polisin imicini qaldırmaq xarakteri daşıyan hərəkətləri yaymaq fikrimiz yoxdur”.


Jurnalistin fikrincə, Elman Nəsirov Azəbaycan iqtidarının ruporu olduğuna, xalq tərəfindən deyil, Prezident İlham Əliyev tərəfindən seçildiyinə görə, belə fikirlər səsləndirməsi  normaldır.


"Elman Nəsirov məhz belə danışmaq üçün o kresloda oturub” – o, əlavə edib.


Müşviq Ələsgərli: "Elman Nəsirovun fikirləri sosial media istifadəçilərinə aid ola bilər, peşəkar media qurumlarına yox”

 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli  digər jurnalistlərdən fərqli olaraq düşünür ki, Elman Nəsirovun fikirlərində qarışıqlıq ola bilər.


O, Toplum tv-yə açıqlamasında deyib ki, pandemiya dönəmində medianın fəaliyyətini peşəkar media qurumları yüksək dəyərləndirib: "Dəqiq deyə bilmərəm ki, Elman Nəsirov o açıqlamada nəyi nəzərdə tutub. Əgər söhbət sosial şəbəbkələrdə yayılan xəbərlərdən gedirsə, əlbəttə, orada ciddi problem var. Çünki, sosial şəbəkə istifadəçiləri peşəkar xəbər istehsalçıları deyillər”.


Müşviq Ələsgərlinin sözlərinə görə, peşəkar media qurumları pandemiya dönəmində məlumatların kifayət qədər qərəzsiz, obyektiv çatdırlmasına xidmət etdiyindən Elman Nəsirovun fikirləri bu qurumlara aid edilə bilməz.


Xədicə İsmayıl: "Elman Nəsirov əsl jurnalistikanı əlaltı mətbuatla səhv salıb”
 

Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə KİV-in vəzifəsinin kimisə tərifləmək yox, neqativ halları işıqlandırmaq olduğunu vurğulayır.


Onun sözlərinə görə, Elman Nəsirov əsl jurnalistikanı əlaltı mətbuatla səhv salıb: "Artıq o da başa düşür ki, həqiqəti söyləyən media ancaq onlayn mediadır. Polisi yalnız müsbət tonda göstərən media media deyil”.


Zeynal Məmmədli: "Milli Məclisin deputatı öz ifadələrinə çox diqqətlə yanaşmalıdır”
 

Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, Elman Nəsirov hakimiyyət qurumunun nümayəndəsi olduğuna görə, auditoriyanın yerinə fikir yürüdə bilməz.


Onun sözlərinə görə, medianın fəaliyyətindən narazı deputat əlində faktlar olduğu təqdirdə Mətbuat Şurasına və ya məhkəməyə müraciət edə bilər, lakin birdən-birə bu fikirlərin səsləndirilməsi söz və ifadə azadlığına problem yaradır.


Zeynal Məmmədli qeyd edir ki, Elman Nəsirovun açıqlaması medianı yönləndirmək xarakteri daşıyır.
 

"Milli Məclisin deputatı öz ifadələrinə çox diqqətlə yanaşmalıdır. Əgər o, subyektiv fikirlərini ifadə edən vətəndaşları  nəzərdə tutursa, seçicisidir deyə, medianı nəzərdə tutursa, onun söz və ifadə azadlığını təmsil etdiyinə görə diqqətli olmalı idi”, – ekspert qeyd edib.


Ələsgər Məmmədli: "Media ictimai nəzarət funksiyasını həyata keçirir”
 

Digər media eksperti, hüquqşünas Ələsgər Məmmədli də mediaya tutulan iradın yersiz olduğunu düşünür.


Ekspertin sözlərinə görə, media ictimai nəzarət funksiyasını həyata keçirir: "Media zamanı gələndə polisin vətəndaşa elədiyi yardımı da, mənfi tərəflərini də sistemli şəkildə işıqlandırıb. Çünki medianın vəzifəsi yalnız hökumətin yaxşı tərəflərini göstərmək deyil. Heç deputatların da vəzifəsi bu deyil”.


Ələsgər Məmmədlinin fikrincə, Elman Nəsirov Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü olaraq son hadisələrə mediadan qabaq münasibət bildirməli idi.



Oxşar Xəbərlər

Xəbər lenti