“Vəziyyətimiz çox ağırdır”

 

Yevda Abramov: "Ola bilməz ki, milyonlarla kreditlər boşa gedib və Maliyyə Nazirliyinin, Mərkəzi Bankın bundan xəbəri olmayıb”

"Biz kresloya asanlıqla gəlmirik ki, oradan asanlıqla çıxıb gedək. Elə yapışqanla kresloya kleylənirik ki!..”

"Mən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi məsuliyyətini dərk edirəm. Mənim hər çıxışım, hər açıqlamam bir mesajdır. Yuxarı orqanlara xəbərdarlıqdır ki, bizim vəziyyətimiz çox ağırdır”. Bu sözləri Milli Məclisin deputatı Yevda Abramov "Modern.az” saytına müsahibəsində deyib.

 

Y.Abramov məmurların müxtəlif rayonlarda böyük heyvandarlıq təsərrüfatları saxladıqları haqda bir müddət əvvəl dediklərini şərh edərkən bildirib ki, bu, qanunla qadağandır: "Demək istəyirəm ki, bizim yüksək vəzifəli məmurlarımız lazım olan işlərlə məşğul olmurlar. Mən dedim ki, bu məmurlar əsas məsələləri atıb qoyun sürüləri, heyvandarlıqla məşğuldurlar. Bu, adi vətəndaş üçün qadağan deyil. Amma nazir üçün qadağandır”.

YAP-çı deputat qeyd edib ki, hazırda manatın möhkəmlənməsi üçün bazara çoxlu dollar çıxarılmalıdır, dolları isə məmurlar yığıb gizlədiblər. "Mesaj verdim ki, əllərinizdəki pulları investisiya kimi ölkə iqtisadiyyatına yatırın. Bildirdim ki, Azərbaycanı dirçəldək. Azərbaycanın maliyyə-bank sistemində böyük çətinliklər var. Bu çətinlikləri isə məmurlar yaradıb. Qonşu Rusiya, Qazaxıstana fikir verin. Bu ölkələr milli valyutalarının qiymətlərini necə gözəl tənzimləyiblər! Amma biz tənzimləyə bilmədik. Heç tənzimləyə də bilmirik. Vəziyyətdən çıxış yolu kimi, variantlardan biri budur ki, bazara çoxlu dollar çıxarılsın. Dollarlar isə evlərdədir, məmurlardadır. Bu dollar bazara çıxmalıdır ki, pul bahalaşsın, dollar ucuzlaşsın. Bazara isə dollar gəlmir. Bazara dolları Rövnəq Abdulayev, SOCAR verir. O birilər isə hamısı gizlədib. Məmurlar dollarları Dubayda, xarici ölkə banklarında gizlədiblər. Mən çağırış edirəm ki, bu dollarları ölkəyə gətirsinlər”, – deyə Y.Abramov bildirib.

Y.Abramov bu mövzunun davamında Maliyyə Nazirliyi və Mərkəzi Bankın məsuliyyəti məsələsinə də işarə vurub. "Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank birlikdə ölçüb-biçib qərar qəbul etməlidirlər. Bundan sonra yerli banklara göstəriş verməlidirlər. Görün, uzun illərdir bizim təriflədiyimiz Beynəlxalq Bank nə günə düşdü. İndi siz elə bilirsiniz ki, heç kimin Beynəlxalq Bankdakı proseslərdən xəbəri yox idi? Ola bilməz ki, bundan əvvəlcədən xəbərləri olmasın. Ola bilməz ki, milyonlarla kreditlər boşa gedib və Maliyyə Nazirliyinin, Mərkəzi Bankın bundan xəbəri olmayıb. Bu, mümkün deyil axı. Bir kasıb adam 1000 manat kredit almaq üçün 3 dəfə deputata zəng edir. Bəs necə ola bilər ki, bir insan 1 milyon dollar kredit alır və onu Dubaya aparıb zavod tikdirir?! Bundan heç kimin xəbəri yox idimi?!”.

Deputat daha sonra valyutadəyişmə məntəqələrinin fəaliyyətinin qadağan olunmasını yada salaraq, bunu tənqid edib: "Mən Milli Məclisdə təklif etdim ki, valyutadəyişmə məntəqələrini açın. Hər ölkədə yüzlərlə valyutadəyişmə məntəqələri var. Elə yer var ki, bir küçədə 50 dənə valyutadəyişmə məntəqəsi var. Görün bizdə necədir! Deməli, bu gün heç kimdən dollar ala bilmirsən, kiməsə verməyə də qorxursan. Çünki səni tuturlar. Niyə axı? Azad cəmiyyətdə bu, niyə belə olmalıdır?! Niyə oğlumun mənə göndərdiyi valyutanı, dolları qorxa-qorxa dəyişməliyəm?”.

Y.Abramov Azərbaycanda hansısa məmurun istefa verməsinə nədən rast gəlinmədiyi haqda suala cavabında da maraqlı fikirlər səsləndirib. "125 deputatın hamısı ağzını açıb "İstefa!” desə də, heç kim istefa verməyəcək. İstefa mədəniyyəti xüsusi mədəniyyətdir. Biz kresloya asanlıqla gəlmirik ki, oradan asanlıqla çıxıb gedək. Elə yapışqanla kresloya kleylənirik ki!.. Və başa düşürük ki, vəzifədən gedəndən sonra bizi heç kim işə götürməyəcək. Bu, Amerikanın ədliyyə naziri, prokuroru deyil ki, gülə-gülə istefa versin. Onlar bilir ki, istefa verəndən sonra Amerikanın hansısa ştatında gözəl bir iş təklifi alacaq. Niyə? Çünki onun intellektual bacarığı var. Çünki bu ölkədə səriştəli kadra qiymət verilir. Ona görə də, Trampla işləməz, başqa bir yerdə işləyər. Bizdə isə fərqlidir. Bizdə bilirlər ki, vəzifədən getsə, heç yerdə işləyə bilməyəcək. İstər nazir olsun, istərsə də başqa bir məmur. O istefa versə də, gedib yığdığı sərvətləri xərcləyəcək. Vəssalam!”, – deyə o bildirib.




Oxşar Xəbərlər

Xəbər lenti