Deputat Aqiyə Naxçıvanlı: "65 yaşında hansı qadına “Pensiyaya get” desən, getməz" - MÜSAHİBƏ

 

"Kim deyir avropalıların ömrü daha uzundur? Siz xarici ölkədə 100-dən çox yaşı olan adam tapmısınız? Onlar hamısı Azərbaycandan çıxır, Lerikdən, Lənkərandan, Oğuzun özündən. 114 yaşlı qadın var Oğuzda, hər dəfə gedib ad gününü təbrik edirəm. Uzunömürlülük bizdədir də. Statistikanı kim ortaya qoyub ki? Mən heç inanmıram Avropada uzunömürlü insan olsun. Haçan gedirsən Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar”.

Sozcu.info xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azadlıq Radiosu-na müsahibəsində deyib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik: 

– Aqiyə xanım, sizcə, Azərbaycan qadınının ən böyük problemi nədir?

– Mən fikirləşirəm ki, qadının savadı, təhsili varsa, işi varsa, heç bir problemi yoxdur. İnsan problemləri hərdən özü yaradır. Hansı problemimiz var ki bizim? Heç bir problemimiz yoxdur, əslinə qalsa.

– Bəs məcburi köçkünlər, məhbus anaları, banklara borcu olanlar, yoxsulluq həddində yaşayanlar?

– O məsələlər, şübhəsiz ki, var. O problemin də başında ali baş komandan durub, hər gün onunla məşğul olur. O bizim ürəyimizdə bir yaradır. O sağalana qədər onu deyəcəyik. Amma hər dəfə, hər bayramda deməyə ehtiyac da yoxdur. O bizim ürəyimizdə olan bir şeydir. Son hadisələr də göstərir ki, biz yavaş-yavaş onu da həll etməyə yaxınlaşırıq...

Şükürlər olsun ki, pensiyalar artırılıb. Bir çox sosial problemlər həllini tapıb, iş yerləri açılır, məktəblər, bağçalar tikilir. İndi ölkəmiz kənd təsərrüfatı mallarının yetişdirilməsinə başlayıb. Pambıqçılıq, tütünçülük, baramaçılıq inkişaf etdirilir. Bu sahələrə daha çox qadınlar cəlb olunur. Bu da əlavə yeni iş yerlərinin yaradılmasıdır. Əlbəttə, məhbus qadınlarımız var. Bu, başqa problemdir. Ən böyük problemlərdən biri qaçqın-köçkünlərdir. Bununla Azərbaycan xalqının hər bir nümayəndəsi məşğuldur. Hər birimizin ürəyini ağrıdır. Allah imkan versin, hansısa bir bahar bayramında o məsələ də çözülmüş olsun.

– Pensiyaların artırıldığını deyirsiniz. Ancaq qadınların pensiya yaşının da 65-ə qaldırılması təklif olunub. Sizcə, bu normaldırmı?

– Siz deyin görək, hansı işləyən qadın 65 yaşı tamam olandan sonra çıxıb evdə oturmaq istəyir? Hanı o qadın? İkincisi də, bu, hələ müzakirəyə çıxarılıb. Müzakirə olunsun, nöqtə qoyulsun. Onda biz bu haqda danışarıq. Əvvəldən niyə danışaq ki? Müzakirə edilir. Qərar verilib? Qanun yazılıb? Yox, əlbəttə.

– Siz özünüz deputat olaraq, qadın olaraq, bu haqda nə düşünürsüz?

– Qadınla kişilərin pensiya yaşının bərabərləşdirilməsi təklif olunur. Mən düşünürəm ki, qadınlara güzəştə gedilə bilərdi. Çünki qadınlar işləməklə yanaşı, ailəyə, uşağa da baxırlar. Onların enerjisi, beyni tək işə yox, həm də ailəyə sərf olunur. 

Amma düşünürəm ki, uğur qazanmış, iş-güc sahibi 65 yaşında hansı qadına "Pensiyaya get” desən, getməz. Amma xəstə olan, səhhəti imkan verməyən insanlar var ki, onlar da başqa kateqoriyaya aiddirlər. Ona görə müzakirə edilsin, baxaq görək. İnkişaf etmiş Avropa ölkələri ilə, Almaniya ilə müqayisə edək. Cəmi 3 yaş fərq var kişilərlə qadınlar arasında. Allah hamıya imkan versin 65-ə çatsın, görək pensiyaya gedəcəkmi? Mən burda, doğrusu, problem görmürəm.

– Siz "Avropa ilə müqayisə edək” deyirsiniz. Orda insanların ömrü daha uzundur. Ona görə...

– Kim deyir avropalıların ömrü daha uzundur? Siz xarici ölkədə 100-dən çox yaşı olan adam tapmısınız? Onlar hamısı Azərbaycandan çıxır, Lerikdən, Lənkərandan, Oğuzun özündən. 114 yaşlı qadın var Oğuzda, hər dəfə gedib ad gününü təbrik edirəm. Uzunömürlülük bizdədir də. Statistikanı kim ortaya qoyub ki? Mən heç inanmıram Avropada uzunömürlü insan olsun. Haçan gedirsən, Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar.

– Aqiyə xanım, az əvvəl dediniz ki, Azərbaycanın bölgələrində tütünçülük, baramaçılıq, pambıqçılıq inkişaf etdirilir və bu işlərə daha çox qadınlar cəlb olunur. Bəlkə bu gün əyalətlərdə təkbaşına ailə yükü daşıyan, ərləri Rusiyada, Türkiyədə və başqa xarici ölkələrdə pul qazanan qadınların kişiləri üçün iş yerləri yaradılmalıdır ki, onların da yükü xəfifləsin, onlar da qadın səadətindən məhrum olmasınlar?

– Mən özüm o sahədə işləmişəm. Mümkün deyil ki, baramaçılıqda, tütünçülükdə qadın təkbaşına işləsin, ər işləməsin. Bu sahələrə tək qadınlar yox, ailənin bütün üzvləri, az qala, bütün nəsil cəlb olunur. Bu da ailələrin sosial rifahının yaxşılaşmasına, güclənməsinə təkan verən amildir. Düşünürəm ki, bundan sonra kəndlərdə yaşayan insanlarımızın həyatında çox böyük dəyişikliklər baş verəcək.

– Sizcə, Azərbaycan qadınına "xoşbəxt” demək olarmı?

– Ağıllı insan, şüuru başında olan insan özünə "tam xoşbəxt” deyə bilməz. Ətrafda kimsə əzilirsə, ətrafda bu qədər qaçqın-köçkün varsa, biz özümüzü bir azərbaycanlı kimi "xoşbəxt” adlandıra bilərikmi? O düzgün olarmı?

Ümumiyyətlə, tam xoşbəxt insan yoxdur. Xoşbəxtlik anlarla olur: dünyaya uşaq gəldi, sən xoşbəxtsən, uşağının xeyir işi oldu, xoşbəxtsən... 

Hamının taleyində itkilər olur, valideyn itirən var, bacı-qardaş itirən var. Xoşbəxtlik nisbi şeydir. Biz hələ də düşməndən qisas ala bilməmişiksə, onların girovluğunda ana-bacılarımız, qardaşlarımız varsa, özümüzü xoşbəxt saya bilmərik. Azad torpaqda azad insan olmalıdır. Bunun üçün torpaqlarımız azad olunmalıdır. Azərbaycan onda xoşbəxt, çiçəklənən ölkə ola bilər ki, ürəyimizi ağrıdan bütün məsələləri həll edə bilək.

Sonda mən qadınlarımıza əsl qadın olmağı arzu edirəm. Azərbaycana bağlanmış, vətənini, ailəsini sevən, milli dəyərlərə dəyər verən qadınlar olsunlar. Bir az da işgüzar olsunlar. Xoşbəxtlik arzu edirəm, uşaqları yaxşı böyüsün, yaxşı təhsil versinlər. Qadın səadəti arzulayıram.




Oxşar Xəbərlər

Xəbər lenti