SİYAHI NİYƏ AÇIQLANMADI? – KİVDF-dən münasibət (Yeniləndi)

 

255 jurnalistə ev verilməsi ilə bağlı Prezidentin sərəncamı artıq icra olunub. Bu gün səhər jurnalistlərə evlərin paylanması və 3-cü binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Lakin maraqlıdır ki, Prezidentin artıq icra olunan Sərəncamı cəmiyyətdən gizli saxlanılır. Siyahının dünən açıqlanacağı gözlənilirdi, lakin KİVDF rəhbərinin bu barədə vədi yerinə yetirilmədi. Bununla belə, adı siyahıda olan təxminən 120 jurnalistin adı məlum oldu. Digərlərinin kimliyi sirr olaraq qalır.

Bəs ev bölgüsü ətrafında bu gizlilik nəyə xidmət edir?

Məsələ ondadır ki, adları məlum olan jurnalistlərin əksəriyyətinin ev almağa layiq olduqları heç kimdə şübhə doğurmur. Yəni siyahının "qaymaqlarının” adlarını açıqlayıblar. Lakin çox böyük ehtimalla, siyahının digər yarısı haqda bu sözləri demək mümkün deyil, ona görə də adlar gizli saxlanılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyulun 18-də Trend-ə açıqlmasında jurnalistlərin siyahısının iyulun 19-da açıqlanacağını bildirmişdi. Ancaq nə dünən, nə də bu gün siyahı açıqlanmadı. Prezident binanın açılışını etdikdən sonra evlər paylansa da, jurnalistlər üçün tikilmiş binadan kimlərin ev aldığı ictimaiyyətə hələ də məlum deyil.

Bununla əlaqədar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli əlaqə saxlamağa çalışdıq. Vüqar Səfərli yerində olmadığından, sualımızı telefona cavab verən Fondun əməkdaşına ünvanladıq. O isə bildirdi ki, dünən, ev verilən hər bir kəs bununla bağlı məlumatlandırılıb: "Ona görə də kim ev alıb, bilir”.

Siyahının niyə dərc olunmadığı sualına isə Fondun əməkdaşı qısa şəkildə "dərc olunacaq” cavabını verdi. Vaxtını soruşduqda isə "bu Administasiyanın səlahiyyətindədir, dəqiq bilmirik” deyə bildirdi.



Oxşar Xəbərlər

Xəbər lenti