8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nəcib Fazil Qısakürək
Axır ki, jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər sahiblərinin siyahısı rəsmən açıqlanmasa da, paylandı. Təbii, sosial şəbəkədə adları açıqlananların siyahısını gözdən keçirəndə görürsən ki, onların arasında buna haqq edənlər də var. Amma ümumi fikir budur ki, siyahıda təsadüfi, yaxud əksəriyyətin tanımadığı adamlar daha çoxdur.
Bu səbəbdən siyahıda tanınmış veteran jurnalistlərdən biri, hazırda respublikada kifayət qədər nüfuzu, geniş oxucu auditoriyası və ictimai fikrin formalaşmasında xüsusi rolu olan virtualaz.org saytının informasiya redaktoru Rusvat Bayramovun adını görməyəndə xeyli təəccübləndim. Ötən buraxılışlarımızın birində xəbər verdiyimiz kimi, Rusvat müəllim mənzil almaq üçün müvafiq komissiyaya və Prezident Administrasiyasına fərdi qaydada müraciət etmişdi.
Bir daha xatırladım ki, R.Bayramov indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sovet dövründə "Azərbaycan gəncləri”, "Kommunist” (indiki "Xalq qəzeti”), müstəqillik dönəmində "Həyat”, "Azərbaycan”, "Respublika”, "Gündəlik Azərbaycan”, "Senzor”, "Unikal” və s. qəzetlərdə müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini və baş redaktor vəzifələrində işləyib.
Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyasında mətbuat və informasiya məsələləri üzrə sədr müavini-mətbuat katibi olub.
1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur.
Rusvat Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində də əvəzsiz rolu var. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Rusvat Bayramov Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Dan ulduzu” (1992), "Qızıl qələm” (1993) mükafatları, "Kamil sənətkar” diplomu və Fəxri fərmanlarla təltif olunub.
Virtualaz.org saytı yaranandan (iyun, 2013-cü il) onun informasiya redaktorudur. Həmişə olduğu kimi, bu gün də Azərbaycan həqiqətlərinin oxuculara çatdırılması, milli jurnalistikamızın inkişafı və gənc kadrların peşəkar kimi yetişdirilməsi üçün yorulmadan, əzmlə çalışır.
Yeri gəlmişkən, onunla bağlı haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev də həm Prezident Administrasiyasına, həm də müvafiq komissiyaya təqdimat məktubu göndərmişdi. Həmin məktubların sonunda E.Fətullayev yuxarıda qeyd olunanları bir daha xatırladaraq yazırdı: "Bütün bu göstərilənləri, həm də özünün şəxsi mənzili olmadığını, 6 nəfər ailə üzvü ilə birlikdə darısqal bir mənzildə yaşamaq məcburiyyətində qaldığını nəzərə alaraq jurnalistlər üçün tikilmiş yeni binadan mənzil alacaq veteran jurnalistlərin siyahısına Rusvat Mikayıl oğlu Bayramovun da adının salınmasına dəstək verməyinizi xahiş edirəm”.
Amma... Artıq qeyd etdiyim kimi, bu tanınmış qələm sahibinin adı siyahıya salınmayıb. Maraqlıdır, niyə? Onun ki bütün göstəriciləri, çoxlarından fərqli olaraq, tələb olunan kriteriyalara cavab verir, özü də artıqlaması ilə!
Yeri gəlmişkən, mənzillərin hansı şərtlər və qaydalar əsasında paylanacağı elan olunandan sonra gedən çox qızğın diskussiyalar zamanı öz vətəndaş və peşəkar jurnalist mövqeyini ortaya qoyan çox az şəxslərdən biri məhz Rusvat Bayramov idi. O vaxt saytımıza verdiyi açıqlamasında Rusvat müəllim siyahının ədalətlə tərtib olunacağı ilə bağlı narahatlığa və şübhələrə toxunaraq demişdi ki, heç nəyi istisna etmək olmaz. Amma onu da xüsusi vurğulamışdı ki, əslində burada qəliz bir şey yoxdur. Yetər ki, necə deyərlər, mizan-tərəzi gözlənilsin. Onda heç komissiya üzvlərinin və ya Mətbuat Şurasının rəhbərliyi və üzvlərinin özünüsığorta, təmizəçıxarma çabalarına da ehtiyac qalmaz: "Bu baxımdan hesab edirəm ki, hökumətin media siyasətini yürüdənlərin və haqqında söhbət gedən komissiya üzvlərinin bütün şübhə və ittihamlara ən yaxşı cavabları ortaya özlərinin mükəmməl və ədalətli siyahı qoymaları ola bilər. Nəzərə alsaq ki, bu məsələnin ən yüksək səviyyədə və çox ciddi nəzarətdə olduğu söylənilir, deməli, bunun məhz belə olacağına ümid etmək olar”.
Təəssüf ki, nə onun, nə də bizim ümidlərimiz doğruldu. Bu cür təcrübəli bir jurnalist, yuxarıda da qeyd olunduğu kimi, çoxlarından fərqli olaraq, bu gün də yorulmadan çalışan bir peşəkar Prezidentin adı ilə təqdim olunduğu iddia edilən siyahıdan kənarda qaldı. Yeri gəlmişkən, o şəxs ki, hələ 1998-1999-cu illərdə, İlham Əliyevin adı gələcək potensial prezidentliyə namizəd kimi yenicə hallananda, əksəriyyət, o cümlədən indi adı mənzil alanların siyahısında olanların və ya onların namizədliyini irəli sürənlərin bəziləri, necə deyərlər, onun kölgəsini belə qılınclayanda, "ən azı Heydər Əliyevin oğlu olduğu üçün ondan prezident olmaz!” deyib hay-həşir qoparanda, haqqında ən iyrənc şayiələr yayanda və ya yaydıranda sinəsini qabağa verib yazırdı: " Niyə heç kimin tanımadığı Qədirqulu kişinin oğlu Əbülfəz Əliyevdən prezident olar, Heydər Əliyev kimi şəxsiyyətin oğlu İlham Əliyevdən yox?! Bu hansı məntiqə sığır?”.
Eyni sualı bir az başqa formada mənzil alan jurnalistlərin siyahısını hazırlayıb, öz təbirləri ilə desəm, prezidentə təsdiq elətdirənlərə ünvanlayıram: Necə olur ki, belə bir adam - dövlət başçısının siyasətini bu gün də, hətta rəsmi iqtidar saytlarından da məntiqli və peşəkarcasına işıqlandıran, təbliğ edən bir saytın informasiya redaktoru kənarda qalır, amma ömrü boyu Prezidenti, onun atasını və bütövlükdə iqtidar komandasını tənqid edən, onlara böhtanlar yağdıranlar ev alır?! Hələ mən onu demirəm ki, onların bəziləri heç mənzil üçün müraciət belə etməyiblər. Sadəcə Prezident Administrasiyasından çağırıb deyiblər ki, "sizə ev veririk”. Bu hansı məntiqə sığır? Bu necə mizan-tərəzidir?!
Hələ mən onu da bir kənara qoyuram ki, mənzil alanlar arasında evləri, imarətləri, bahalı maşınları olanlar var...
Bəyəm adam abırlıdır deyə, onun haqqını danmalı, yeməlisiniz? Bunu ona görə deyirəm ki, arada 50, 60 yaşı tamam olub, bir quru sözlə də olsa yada salmamısınız. Halbuki onun jurnalistikada və jurnalistika üçün elədiklərinin yüzdə birini etməyənlərə qucaq-qucaq təbriklər göndərmisiniz, müxtəlif adlar, titullar vermisiniz. Bununla belə, o öz qürurunu sındırmayıb, heç kimdən heç nə ummayıb, istəməyib. Bir dəfə də olsun, narazılığını, incikliyini dilə gətirməyib, yazmayıb.
Yalnız bir dəfə - indi müraciət etmişdi. Və tam haqlı olaraq fikirləşirdi ki, həmin mənzillərdən birini almaq onun halal haqqıdır. Və sizin ədalətli seçim, bölgü aparacağınıza inanırdı.
Bu idi sizin vəd etdiyiniz ədalətli seçim, bölgü? Açığı desəm, bu bölgü mənə Türkiyənin böyük şairi Nəcib Fazil Qısakürəyin məşhur bir misrasını xatırlatdı:
"Allahın on pulunu bekleye dursun on kul; Bir kişiye tam dokuz, dokuz kişiye bir pul. Bu taksimi kurt yapmaz kuzulara şah olsa".
Möhtərəmlər, heç olmasa bu mübahisəli bölgünü Cənab Prezidentin adına yazmayın!
Heydər Oğuz