8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya hakim dairələri tez-tez bəyan edilən Azərbaycanla dostluq və strateji münasibətlərə baxmayaraq bir müddət əvvəl Azərbaycan diasporunun Rusiyadakı ən tanınmış və nüfuzlu ictimai təşkilatlarından birini yekun qərarla bağladı. Ali Məhkəmənin Apellyasiya instansiyası 19 sentyabrda Rusiya Ali Məhkəməsinin ‘’Ümumrusiya Azərbaycan Konqresi’’nin ləğv olunmasına dair 15 may 2017 ci il tarixli qərarının ləğvinə dair ‘’Ümumrusiya Azərbaycan Konqresi’’nin (ÜAK) verdiyi apellyasiya şikayətini təmin etməkdən imtina etdi və məhkəmə qərarı qüvvəyə mindi. Həm də o ictimai təşkilatı bağladılar ki, 2001 ci ildə Rusiya və Azərbaycan prezidentlərinin xeyir-duası ilə yaranmışdı. Xatırlatmaq istəyirəm ki, ÜAK Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis edilmişdi, onun təsis konfransında isə Rusiya prezidenti Vladimir Putin iştirak etmişdi. Lakin, belə bir tarixçə də ÜAK-ı rus ədalət mühakiməsinin qəzəbindən xilas etmədi və rəsmi olaraq bu ictimai təşkilat birdəfəlik tarixə qovuşdu.
Bununla belə Rusiyada sayı 2.5 milyon nəfərə çatan böyük Azərbaycan diasporu effektiv işləyən ictimai qurumu olmadan qala bilməz. Bunsuz RF dakı həmvətənlərimizin hüquq və maraqlarını lazımi qaydada müdafiə etmək demək olar ki, mümkün deyil. Buna görə də bağlanmış ÜAK-ın yerində, yenə də Rusiya və Azərbaycan hakimiyyətinin razılığı ilə azərbaycanlıların eyni adlı yeni ümumrusiya ictimai təşkilatının yaradılması qərara alınıb. İndi əsas odur ki, yeni "Ümumrusiya Azərbaycan Konqresi’’ nin fəaliyyətində bağlanmış ‘’VAK’’ ın səhvləri təkrar olunmasın. Bütün neqativlər və səhvlər köhnə ÜAK-la tarixə qovuşmalıdır. Əks halda yeni ÜAK-ın da köhnənin taleyini yaşamayacağına zəmanət yoxdur.
Kimlərinsə hisləri ilə oynamamaq və diasporumuzu parçalamamaq üçün bağlanmış ÜAK-ın fəaliyyətinə qiymət vermək, həm də neqativ qiymət vermək istəmirəm. Onsuz da Azərbaycan diasporunun birliyi ilə bağlı böyük problemimiz var. Bir-birimizin ünvanına dediyimiz istənilən aşkar tənqidi fikirlər də həmvətənlərimizin parçalanmasını gücləndirir. Bununla belə ÜAK-ın bağlanması haqqında rusiya hakimiyyətinin qərarına bəzi həmvətənlərimizin birmənalı olmayan reaksiyası onu deməyə əsas verir ki, bu ictimai təşkilatın fəaliyyətində heç də hər şey qaydasında olmayıb. Hətta bir çox azərbaycanlılar da var ki, təəccüblü də olsa, ÜAK-ın bağlanmasına seviniblər və Facebook sosial şəbəkəsindəki səhifələrində də bu haqda aşkar yazıblar.
Ancaq, bu yalnız köhnə ÜAK üçün yox, həm də Rusiyadakı bütöv Azərbaycan diasporu üçün böyük minusdur. Bu bir daha aydın göstərir ki, bizim həmvətənlərimizdə birlik yoxdur. Bu səbəbdən də bütün neqativləri nəzərə alaraq ‘’yenilənmiş’’ ÜAK həmvətənlərimizin maraq və istəklərinin elə ‘’qızıl orta’’ sını tapmalıdır ki, Rusiyada Azərbaycan diasporunun birləşməsinə kömək edə bilsin . Bunun üçün də ‘’yeni’’ ÜAK-da mərkəzi aparatın və bütün regional bölmələrin rəhbərliyi dəyişməlidir. Bir çox həmvətənlərimizi ‘’VAK’’ dan uzaqlaşdıran və bu ictimai təşkilatın bağlanmasına səbəb olan köhnə fəallar getməlidirlər.
Yeni ÜAK-a müasir ideyalara malik olan və diasporumuzun bu dağınıqlığına son qoya biləcək tamamilə yeni simalar gəlməlidir. Elə etmək lazımdır ki, yeni ÜAK-ın timsalında həmvətənlərimiz öz hüquq və maraqlarının etibarlı müdafiəçisini tapsınlar. Bunun üçün yeni təşkilatın şəffaflığı və çevikliyi artırılmalıdır. Onun işində kollegiallıq, demokratiklik, qarşılıqlı anlaşma və həmrəylik abu-havası hökm sürməlidir. Bu yeni ‘’VAK’’ a kömək edəcək ki, Rusiyada bütün həmvətənlərimizin maraqlarını ifadə etsin və RF ilə Azərbaycan arasında uğurla humanitar körpü rolunu oynasın.
Diasporumuzun yeni ictimai təşkilatı ətrafında yalnız tanınmış və nüfuzlu azərbaycanlılar yox, həm də sadə həmvətənlərimiz toplaşmalıdır. Azərbaycan diasporunun birliyi üçün yeni ÜAK həmvətənlərimizin böyük qisminin etibarını qazanmalıdır.
ÜAK-ın işinə Rusiyada biznesə sahib olan bütün aparıcı azərbaycanlı iş adamlarını cəlb etmək lazımdır. Bu iş adamları yenilənmiş ÜAK-ın dayağı olmalı, bu ictimai təşkilat isə öz növbəsində Rusiyanın hakimiyyət və işgüzar dairələrində onların maraqlarını təbliğ etməli və qorumalıdır. Ona görə də çox vacibdir ki, ÜAK bütün nüfuzlu azərbaycanlı iş adamları ilə sıx ünsiyyətdə olsun.
Samballı ictimai təşkilatı olmayan heç bir diaspor öz hüquq və maraqlarını effektiv müdafiə edə bilməz. Bu məsələ son üç ildə neft qiymətlərinin düşməsi, Qərbin anti-rusiya sanksiyaları, Ukrayna və Suriya hadisələri fonunda Rusiyanın üzləşdiyi maliyyə-iqtisadi böhranı şəraitində xüsusilə aktualdır.
Dünya təcrübəsinin də göstərdiyi kimi istənilən iqtisadi böhranda biznesin şərtləri pisləşir, bu isə sahibkarlar arasında gərgin rəqabətə səbəb olur. Sağ qalmaq uğrunda bu mübarizədə yalnız ən güclü ‘’akula’’ lar və lazım olan anda dəstək ala bilənlər qalib gəlir. İstənilən iqtisadi böhranın təbiəti budur.
Məlum olduğu kimi bizim əksər həmvətənlərimiz öz bizneslərini ticarət, ictimai iaşə və ictimai nəqliyyat sferasında qurublar. Hər hansı bir maliyyə-iqtisadi böhranı baş verdikdə ilk növbədə də məhz bu sektorlar əziyyət çəkir. Çünki, əhalinin gəlirlərinin azalması bilavasitə sadə vətəndaşların rifahından asılı olan istehlak bazarının sıxılmasına gətirib çıxarır. Əgər istehlak bazarının həcmi daralırsa, dözümlülük və əlavə resurs ehtiyatları olmayan sahibkarlar o bazardan sıxışdırılacaqlar. Bu o deməkdir ki, tezliklə ticarət, ictimai iaşə və ictimai nəqliyyat sahəsində əsasən nəhəng oyunçular qalacaqlar. İqtisadiyyatın bu sahəsindəki kiçik və orta sahibkarlardan isə yalnız daha əlverişli mövqeyi olanlar, daha gəlirli yerləşmələri və ehtiyatları olanlar, həmçinin "kənardan’’ yardım ala bilənlər qalacaqlar.
Bununla əlaqədar yaxşı olardı ki, yeni "Ümumrusiya Azərbaycan Konqresi’’ yalnız humanitar və etno-mədəni məsələlərlə məşğul olmasın, həm də ətrafında anti-böhran menecerləri rolu oynaya bilən həmvətənlərimizi toplamağı bacarsın. Bu imkan verəcək ki, Rusiyada öz biznesini açmış həmvətənlərimizin ortaya çıxan problemləri rusiya qanunvericiliyi çərçivəsində operativ öz həllini tapsın. Və yəqin ki, bunun üçün həm də azərbaycanlı iş adamlarının maraqlarının Rusiya hakim dairələrində və iqtisadi çevrələrində təbliği də tələb olunacaqdır.
Lobbiçilik heç bir qanunla, o cümlədən rusiya qanunları ilə qadağan edilmir. Yəhudi və erməni diasporu uzun illərdir ki, uğurla Rusiya və digər ölkələrin hakimiyyət dairələrində, iqtisadi platformalarda və KİV məkanında öz həmvətənlərinin maraqlarının lobbiçiliyi ilə məşğuldurlar. Lakin böyük təəssüf olsun ki, son vaxtlar bizim həmvətənlərimizin maraqlarının lobbiçiliyi olmadığına görə açıq aydın şəkildə onların əlindən biznesləri və gəlirli ticarət obyektləri alınır. Bu isə əsasən məmur özbaşınalığı və korrupsiya səbəbindən baş verir.
Həmvətənlərimizin bizneslərinə göstərilən belə təzyiqlərə biz yalnız diasporumuzun güclü və nüfuzlu ictimai təşkilatını yaratmaqla sinə gərə bilərik. İqtisadi böhran və artan məmur təzyiqləri şəraitində bu diasporumuza imkan verəcək ki, Rusiyanın hakimiyyət strukturlarında və maliyyə-iqtisadi çevrələrində azərbaycanlı iş adamlarının maraqlarının lobbiçiliyi ilə məşğul olsunlar. Artıq hər kəsə məlumdur ki, əllərimizi yanımıza salaraq və bunların nə ilə nəticələnəcəyini gözləyərək oturmaq olmaz. Bu gün hərəkətsizlik və baş verənlərə laqeyd münasibət intihara bərabərdir.
Azərbaycanlı iş adamlarına təzyiq məsələsini Rusiya höküməti qarşısında sərt şəkildə qaldırmaq lazımdır. Əgər vaxtında birləşməsək və həmvətənlərimizin hüquq və maraqlarını mütəşəkkil qaydada qorumasaq, tezliklə azərbaycanlıların bizneslərini və gəlirli kommersiya obyektlərini kütləvi şəkildə əllərindən almağa başlayacaqlar.
Belə bir fonda həmvətənlərimizin Rusiyanın ictimai-siyasi həyatında fəal iştirakı məsələsi kəskin zərurət kimi ortaya çıxır. Ancaq bu məsələ də Azərbaycan diasporunun mütəşəkilliyindən və birliyindən ciddi şəkildə asılıdır.
Azərbaycan diasporunun Rusiyadakı çoxsaylı milli diasporlardan biri olmasına baxmayaraq, həmvətənlərimiz demək olar ki, nə regional parlamentlərdə, nə də Rusiya Dövlət Dumasında təmsil olunmurlar. Yüksək rütbəli federal məmurlar arasında da azərbaycanlılara nadir hallarda rast gəlirik. Çox üzücüdür ki, 2.5 milyona çatan diasporumuz RF Dövlət Dumasına çağırışların heç birində öz deputatları ilə təmsil olunmayıb. Halbuki, Rusiyada 1.6 milyon həmvətənimizin səs hüququ var. Lakin, nəzərə alaq ki, bağlanmış ‘’VAK’’ ın rəhbərlərinin rus parlamentariləri ilə sıx əlaqələri var idi.
Rusiyanın qanunverici və məhkəmə orqanlarında, bütün səviyyədə icra hakimiyyəti orqanlarında, həmçinin aparıcı Rusiya KİV lərində Azərbaycan diasporu nümayəndələrinin olmaması ona gətirib çıxardıb ki, hər hansı münaqişə və mübahisə yarandıqda rusiya ictimaiyyətinin azərbaycanlıları "qara işıqla’’ təmsil olunurlar.
Bununla əlaqədar yeni yaradılan "Ümumrusiya Azərbaycan Konqresi’’ nin rəhbərliyi parlament partiyaları ilə, ilk növbədə isə hakim "Vahid Rusiya’’ partiyası, Rusiya Liberal Demokrat partiyası (LDPR) və "Ədalətli Rusiya’’ partiyası ilə razılığa gəlməli və Rusiya Dumasına növbəti şeçkilərdə onların siyahısından bir neçə deputatla Dumaya girməyə çalışmalıdır. Bu deputatlar Rusiyadakı həmvətənlərimizin maraqlarının təmsilçisi olmalıdırlar. Əgər bu siyasi partiyalar böyük Azərbaycan diasporunu maraqlarını qulaq ardına vursalar və Dövlət Dumasının deputatlığına bizim namizədlərimizi irəli sürməkdən imtina etsələr, mən diasporun nümayəndəsi və azərbaycanlı jurnalist kimi hesab edirəm ki, Rusiyada yaşayan və səsvermə hüququ olan bütün azərbaycanlılar həm parlament, həm də prezident seçkilərini boykot etməlidirlər.
Yeni "Ümumrusiya Azərbaycan Konqresi’’ nə tanınmış həmvətənimiz, tibb elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, akademik Fazil Səməd oğlu Qurbanov rəhbərlik edir. O ötən ilin dekabrında bağlanan ÜAK-ın prezidenti olmuşdu. Bu postda Fazil müəllim möhkəmlənən və 16 il fəaliyyət göstərən "Ümumrusiya Azərbaycan Konqresi’’ nin bütöv üzücü və əsəbi bağlanma prosesini yaşadı. Rusiya və Azərbaycan rəhbərliyinin dəstəyinə malik ÜAK-ın qəfil bağlanması çoxları üçün tamamilə gözlənilməz oldu. Şübhəsiz ki, Fazil müəllim də bir çox digər azərbaycanlılar kimi bu suala cavab axtarıb: "Nə üçün ÜAK belə gözlənilmədən və tez bağlandı?’’ və yəqin ki, müəyyən nəticələr çıxardıb.
Lakin bizə, Azərbaycan diasporunun nümayəndələrinə tam aşkardır ki, ‘’VAK’’ ın gözlənilməz ləğvinin əsas səbəbləri diaspor arasında birliyin olmaması, həmvətənlərimiz arasında ardı kəsilməyən intriqalar, bir-birindən ‘’yazmaları’’ və rahat kabinetlərində oturan və diasporumuzun əsl ehtyaclarını hiss etməyən köhnə kadrların qeyri-effektiv fəaliyyəti oldu. Xalqımızı sevməyənlər də bundan istifadə etdilər və ‘’VAK’’ ın bağlanmasına nail oldular.
Ümid etmək istəyirik ki, "Ümumrusiya Azərbaycan Konqresi’’ nin Prezidenti Fazil Səməd oğlu Qurbanov ÜAK-ı köhnə və qeyri-effektiv kadrlardan təmizləyəcək və bu təşkilata "təzə qanın" axmasını təmin edəcəkdir. ÜAK-ın fəaliyyətinə yeni ideyalar gətirməyi bacaran və Rusiyada Azərbaycan diasporunu birşləşdirə bilən yeni və gənc kadrlara yol vermək lazımdır. Biz həmişə xatırlamalıyıq ki, istənilən diasporun gücü və nüfuzu onun sayından yox, nə dərəcədə həmrəy və mütəşəkkil olmasından asılıdır.
Murad Əzizbəyli,
Bakı - Moskva - Bakı