Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq

 

Xalq artisti Zərnigar Ağakişiyeva bu gün dəfn olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, o, doğulduğu Quba rayonunda, anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, aktrisanın cəsədi dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə "Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

***01:14

Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, o, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

Fövqəladə Hallar Nazirliyi xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açarkən orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitini aşkar ediblər.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}