Anasının iliyi sayəsində ölümdən qayıdan azərbaycanlı gəncə Antalya valiliyi dəstək oldu

 

Türkiyədə 15 yaşlı övladı Cavid Abdullayevin xəstəxana məsrəflərini ödəyə bilməyən azərbaycanlı ailəyə Antalya valiliyi yardım edib. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin Haber Antalya saytı məlumat yayıb.

Mənbənin yazdığına görə, iki il davam edən əməliyyat və müalicə xərclərinə 120 min dollar vəsait xərcləyən ailə başçısı Davud Abdullayevin xəstəxanaya əlavə 87 min 500 dollar ödəmək imkanı olmadığından valilik ona yardım toplamağa icazə verərək müalicənin davam etdirilməsinə dəstək olub.

Virtualaz.org Abdullayevlər ailəsinin acınacaqlı durumu ilə bağlı bir neçə ay öncə yazı dərc etmişdi. Bakıda yaşayan və inşaat sahəsində çalışan Davud Abdullayev ilk övladı Cavidi iki il əvvəl yüksək hərarət və həddindən artıq yorğunluq şikayətləri ilə xəstəxanaya aparıb. Xəstəxanada uşağa milyon nəfərdən 3-də rast gəlinən aplastik anemiya (sümük iliyi çatışmazlığı) diaqnozu qoyulub. Övladının xəstəliyinə görə çətin günlər keçirən ailə bir müddət Rusiya və Belarusda çarə axtarıb. Sonra müalicənin daha effektiv olması üçün yaxınlarının tövsiyəsi ilə Antalyaya üz tutublar.

Həkimlərin yoxlamasından sonra məlum olub ki, Cavid Abdullayevin yaşaması üçün ona ilik nəqli mütləqdir. Xəstəxana uyğun ilik tapmaq üçün bütün dünyadakı ilik bankları ilə əlaqə yaradıb. Lakin tapılmadığını görən həkimlər ailə üzvlərindən qan analizləri götürüblər. Cavidin anası Aynurə Məmmədlinin iliyinin oğlu ilə 60 faiz uyğun gəldiyi aydınlaşıb və köçürməyə qərar verilib. Özəl xəstəxananın Pediatrik Sümük İliyi Nəqli şöbəsinin müdiri professor Akif Yeşilipek tərəfindən həyata keçirilən əməliyyatla anadan alınan ilik Cavidə nəql edilib. 2016-cı ilin ilin yanvarında həyata keçirlən əməliyyatdan sonra pasient müalicəsini həmin xəstəxanada davam etdirir.

Lakin ailənin xəstəxanaya olan digər borclarının ödənməsi üçün ailə başçısının işləməsi lazımdır. Çünki müalicəyə xeyli pul xərcləyən Abdullayevlər ailəsi bildirirlər ki, artıq nə satmağa əşyaları, bə də borc istəməyə kimsələri qalıb. Ailə başçısının sözlərinə görə, əgər ona Türkiyədə iş icazəsi verilsə, bütün məsrəfləri ödəyə bilər.

G.Əliyeva



Oxşar Xəbərlər

Xəbər lenti