8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət başçısı kral Salman ölkənin ali baş komandanını, quru və hava qüvvələrinin başçılarını və üç nazirlikdəki nazir müavinlərini bir fərmanla işdən çıxarıb. Bu qərarın arxasında həm də müdafiə naziri olan vəliəhd şahzadə Məhəmməd bin Salman durur.
Yaxın Şərqdə daim İranla əks cəbhədə duran Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz gecə yarısı ali baş qərargah rəisi ilə ordu komandirlərini qovub, yerinə yenilərini gətirib. BBC-dən tutmuş "Qardian”a kimi dünyanın əsas mətbu orqanları bu xəbəri manşetə çıxarıblar.
Riyad iqtidarı ötən il aralarında şahzadələr və nazirlərin də olduğu 300 nəfərdən artıq yüksək vəzifəli şəxsi həbs edərək ölkəni sarsıtmışdı.
ABŞ və Qərb ölkələrindən son illərdə yüz milyardlarla dollarlıq silah alan Səudiyyə Ərəbistanının yeni baş qərargah rəisinin adı Fayyad əl Ruvaylidir.
Quru və hava qüvvələri komandirləri ilə yanaşı, xarici işlər, daxili işlər və sosial inkişaf nazirlərinin də bir çox müavinləri işlərindən qovulublar.
Kral Salmanın oğlu Məhəmməd bin Salman 2017-ci ilin iyununda vəliəhd təyin ediləndən sonra ölkədə gözlənilməz dəyişikliklər baş verməkdədir. Ölkədə zəlzələ effekti yaratmış, korrupsiya əməliyyatı ilə bir çox rəqibini sıradan çıxaran vəliəhd şahzadə həm də bir çox islahatlar aparıb. Hazırda müdafiə naziri olan şahzadənin atasından bir çox şəxslərin istefa verməsini tələb elədiyi bildirilir.
İranın rəsmi Press TV televiziyası vəzifə dəyişikliyi xəbərlərini Yəməndəki müharibədən bəhs edərək verib. Artıq üç ildir ki, Yəməndəki daxili müharibədə İranın dəstəklədiyi husilər ilə Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiyanın dəstəklədiyi mərkəzi qüvvələr arasında müharibə gedir. Səudiyyə ordusu Yəmənə yüzlərlə hava hücumu eləsə də, husiləri geriləməyə məcbur edə bilməyib.
Səudiyyə Ərəbistanı ilə İran on illərdir ki, Yaxın Şərqdə qarşı qarşıya durmaqdadır. Son illərdə Suriya və İraqdakı mövqe müharibəsinin qalibi İran olub.
Hurriyyet.org