Müstəqillik Aktını yazmış sabiq deputatdan Siyavuş Novruzova sərt cavab:“1991-ci ildə deputat olsaydı SSRİ-nin lehinə səs verərdi”

Müstəqillik Aktını yazmış sabiq deputatdan Siyavuş Novruzova sərt cavab:“1991-ci ildə deputat olsaydı SSRİ-nin lehinə səs verərdi”

 

"Əslində, Siyavuş Novruzov kimi deputatın istiqlalçı deputatlar haqqında belə danışması təəccüblü olmadığı qədər də gözlənilməz deyil. Mən əminəm ki, Novruzov 1991-ci ildə deputat olsaydı, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verərdi. Mən bunu ehtimal kimi demirəm, inanıram ki, o, müstəqilliyimizə münasibətdə əks mövqe tutardı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzovun "İstiqlalçı deputatlar” haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirən sabiq millət vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov deyib.

Hacıbaba Əzimovun sözlərinə görə, hazırda parlamentdə və müxtəlif dövlət qurumlarında "saatlarını Moskva vaxtı ilə quran” xeyli səlahiyyət sahibi var: "Ona görə də, onun bizim barəmizdə bu cür sözlər işlətməsi, müstəqilliyin qazanılmasında rolumuzun olmadığını iddia etməsi məni təəccübləndirmir. Çox təəssüf ki, istər Milli Məclisin deputatları, istərsə də yüksək dövlət məmurları arasında üzünü Moskvaya tutub oradan işarə gözləyən kifayət qədər adam var.

Təsəvvür edin ki, Novruzova "Rusiyanın dövlət təhükəsizliyinin müdafiəsində xidmətlərinə görə” ordeni verilib. Belə bir adam əlbəttə ki, müstəqilliyə də, istiqlalçı deputatlara da mənfi münasibət bəsləyəcək.

Bu deputat heç olmasa, keçmiş sovet respublikalarında, xüsusilə, Baltikyanı ölkələrdə istiqlalçı deputatlara necə yüksək ehtiram göstərilməsinə baxsın, sonra danışsın”. H.Əzimov istiqlalçı deputatların təminat məsələlərini parlamentdə qaldıran Fərəc Quliyev, Fazil Mustafa və Qüdrət Həsənquliyevə təşəkkür edib: "Hətta Qüdrət Həsənquliyev bizim "İstiqlal” ordeni ilə təltif olunmağımızı təklif etmişdi. Yəni bizə qiymət verənlər də var. Ən əsası isə xalq bizi sözün yaxşı mənasında xatırlayır və dəyərləndirir. Bunun yanında Novruzovun dedikləri boş sözlərdir”.

Qeyd edək ki, YAP-çı deputat Siyavuş Növruzpv Milli Məclisin son iclasındakı çıxışında "İstiqlalçı deputatlar” anlayışına aydınlıq gətirilməsini istəmişdi: "Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini "istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}