Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya sizin sayt vasitəsilə müraciətim ilkin nəticəsini verib. Prokurorluq polis rəisi ilə bağlı araşdırmalara başlayıb. Ümid edirəm ki, tezliklə haqq yerini tutacaq”. Bu fikirlər bir müddət əvvəl "AzPolitika.info” saytı vasitəsilə ölkə başçısına və I vitse-prezidentə məktub ünvanlayaraq, Xudat Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hacıyev Fəxrəddin Fərhad oğluna qarşı ağır ittihamlarla çıxış edən sahibkar Məmmədov Etibar Əliağa oğluna məxsusdur.
Onun polis rəisinə qarşı ittihamları saytımızda dərc olunduğundan təkrarlamaq istəmirik. Ancaq qısaca xatırladaq ki, Bakı şəhəri Hövsan qəsəbəsində yaşayan sahibkarE.Məmmədov polis rəisini təzyiqlərlə ondan külli miqdarda pul almaqda, əmlakını zorla ələ keçirməkdə, onu mənəvi işgəncələrə məruz qoymaqda, şərəf və ləyaqətini təhqir etməkdə və sairdə ittiham edib. Polis rəisinin onun fermasına gələrək, donuzlarını güllələdiyini, bunu sübut edən videogörüntülərin olduğunu vurğulayıb. Eyni zamanda polis rəisinin onu narkotika ittihamı ilə şərləyərək həbsə almağa çalışdığını, bu səbəbdən də təsərrüfatını ataraq, rayonu tərk etmək məcburiyyəti qarşısında qaldığını deyib.
Xudat Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin ona qarşı belə aqressiv münasibətinin səbəbini isə belə izah edib: "Onunla tanışlığımız 1 il bundan əvvəl başqa bir dostumun vasitəsi ilə olub. Sonra həmin şəxslə onun münasibəti pozuldu və mənimlə prinsip aparmağa başladı”.
Polkovnik Fəxrəddin Hacıyevin yalnız onu deyil, Xudat şəhərində çox insanı incitdiyini, onunla bağlı kütləvi narazılıqların olduğunu deyən E.Məmədov, polis rəisi haqda şikayətlərə laqeyd yanaşıldığını da vurğulamışdı. "Təəssüflə bildirirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) şikayətlərimizi rədd ediblər və bu şikayətlərə dair qərarları bizə təqdim etməyiblər. Şübhə etmirəm ki, hörmətli nazir Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun mənim başıma gətirilənlərdən xəbərləri yoxdur. Ona görə də, müraciətimi mətbuat vasitəsilə ictimailəşdirməyi qərara aldım” – deyə, sahibkar bildirmişdi.
E.Məmmədov ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətini "AzPolitika.info” saytı vasitəsilə ictimailəşdirdikdən sonra polis rəisi ilə bağlı araşdırmanın başlanıldığını bildirir: "Baş verənlərlə bağlı Xaçmaz Rayon Prokurorluğuna müraciət etsəm də, ilk olaraq cinayət işinin başlanılmasını rədd etmişdilər. Ancaq ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdikdən sonra prokurorluq orqanı əvvəlki qərarını ləğv edərək, Baş Prokurorluğun nəzarəti altında işin yenidən araşdırılmasına başlayıb. Buna görə həm ölkə rəhbərliyinə, həm də prokurorluğa, xüsusən də Baş prokuror Zakir Qaralova təşəkkür edirəm”.
E.Məmmədovun sözlərinə görə, prokurorluq bu vaxta qədər cinayət işinə başlamamasını DİN-nin rəyini gözləməsi ilə bağlayırdı: "Deyirdilər ki, ondan sonra qərar verəcəyik. Bunun səbəbi açığı mənə aydın deyil. Hər biri ayrı orqan olduğu halda, prokurorluq niyə DİN-in rəyi əsasında qərar verməlidir? Hər halda istənilən orqan, o cümlədən DİN də öz əməkdaşını qorumağa çalışacaq. Bu günə qədər F.Hacıyevlə bağli ciddi bir tədbirin görülməməsi də məni belə düşünməyə vadar edir. Bu məsələ ilə bağlı DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyəv şəxsən məni qəbul etmişdi. Başıma gələnləri dinlədikdən sonra tədbir görüləcəyini bildirmişdi. Ancaq indiyə qədər ciddi bir qərar verilməyib. Nə F.Hacıyevin məndən aldığı pullar geri qaytarılıb, nə mənə vurduğu ziyan ödətdirilib, nə də ondan yazılı iltizam alınıb. Bildiyimə görə ona sadəcə, intizam tənbehinin verilməsi barədə qərar qəbul edilib. Bu halda F.Hacıyevin mənə, ailəmə vurduğu maddi və mənəvi ziyanı kim ödəməlidir?F.Hacıyevin arxasında kim dayanır ki, bu qədər ağır əməllər törədən birinə qarşı ciddi ölçü götürülmür?
Şübhə etmirəm ki, hörmətli nazir Ramil Usubov məlumatı olarsa, vətəndaşlara, iş adamlarına qarşı təzyiqlər edən, onları təhqir edən, mənəvi işgəncələrə məruz qoyan birini, kimliyindən asılı olmayaraq, orqanlardan xaric edər. Ona görə də, mən mətbuat vasitəsilə səsimi cənab nazirə çatdırmaq istəyirəm”.
E.Məmmədov həmçinin bildirdi ki, prokurorluğun başladığı araşdırmalar nəticəsində obyektiv qərarın çıxarılacağına ümid edir: "Prokurorluğun F.Hacıyev barəsində cinayət işinə başlayacğına əminəm. Obyektiv qərar veriləcəyinə ümid edərəm. Ancaq istənilən halda hüquqi müstəvidə mübarizəmi davam etdirəcəyəm. F.Hacıyev mənə və ailəmə yaşatdıqlarına, eləcə də Xudatda etdiklərinə görə qanun qarşısında cavab verməlidir”.
E.Məmmədov hazırda bütün işini dayandırdığını, Xudatdakı sahibkarlıq fəaliyyətinə son vermək məcburiyyətində qaldığını bildirdi: "Hazırda bütün işimi dayandırmışam. Hörmətli Prezidentimiz sahibkarlara hərtərəfli şərait yaradılmasını, onların işinə mane olunmamasını tələb edir. Xüsusən regionlara investisiya qoyan, iş yeri açan sahibkarları qorumağı tapşırır. Ancaq Xudat Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Hacıyev nəinki bu tapşırığa əməl edir, əksinə, təzyiqlərlə, hədələrlə iş adamlarını rayondan didərgin salır.Mənim başıma açdığı oyunlar az deyilmiş kimi, indi də şərləyərək həbs etməyə çalışır. Hətta "onu gördüyüm yerdə donuzların gününə salacam” deyə xəbər göndərərək, məni ölümlə təhdid edir. Odur ki, mən hörmətli Prezidentimizə bir daha müraciət edərək, həyatımın və hüquqlarımın qorunması üçün kömək istəyirəm. Özümün və ailə üzvlərimin başına gələcək xoşagəlməz hallara görə, məsuliyəti F. Hacıyevin daşıdığını bəyan edirəm”.
Qeyd edək ki, E.Məmmədovun ittihamları ilə bağlı F.Haciyevin də mövqeyini öyrənmək istəsək də, o, sahibkarı tanımadığını bildirərək, hər hansı açıqlama verməkdən imtina edib. Bununla belə istənilən vaxt onun da mövqeyini işıqlandırmağa hazırıq.