“AVTOMATLA FERMAMA GƏLİB, BAHALI ATLARIMI APARDI…” - Polis rəisinə dəhşət saçan ittihamlar! - ŞOK VİDEO

“AVTOMATLA FERMAMA GƏLİB, BAHALI ATLARIMI APARDI…” - Polis rəisinə dəhşət saçan ittihamlar! - ŞOK VİDEO

 

”Donuzun yerində ailəndən birinin olduğunu düşün” deyə, məni hədələdi”

 

 

"Bəzən hüquq-mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır… Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir BAŞQA SAHƏDƏ bu cür pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident açıq mətnlə hüquq-mühafizə orqanlarının əməkdaşlarından iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrə son qoymağı, öz maraqları naminə sahibkarları incitməməyi tapşırıb. Belələrinin sərt şəkildə cəzalandırılacağını bildirib. Ancaq saytımıza olan müraciətlərdən belə məlum olur ki, bəziləri ya bu xəbərdarlıqdan nəticə çıxarmayıb, ya da əməllərinin gizli qalacağını düşünürlər.

Hər halda Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4, mənzil 29 ünvanında qeydiyyatda olan sahibkar Məmmədov Etibar Əliağa oğlu tərəfindən "AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya ünvalanmış məktub belə düşünməyə əsas verir.

"Donuzu başından vurdu və mənə "donuzun yerində ailəndən birinin olduğunu düşün” dedi”

1 xudat

E.Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Xudatda fermer təsərrüfatının sahibidir. O, Xudat Polis Bölməsinin rəisinin təqiblərilə üzləşdiyini, bu səbəbdən təsərrüfatını ataraq, rayonu tərk etmək məcburiyyəti qarşısında qaldığını deyir. E.Məmmədovun surəti Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov və Prezidentin köməkçisi Fuad Ələsgərova da ünvanlanan məktubunda deyilir: "Sizə müraciətim Xudat Rayon Polis Bölməsinin rəisi, po­lis pol­kov­nik-ley­te­nan­tı Hacıyev Fəxrəddin Fərhad oğlunun başıma açdığı oyunlarla bağlıdır. Belə ki, bu il martın 10-da Xudatda mənə məxsus fermada olduğum zaman Fəxrəddin Hacıyev, müavini Mahir (qara pulu yığan), Samir, sürücüsü və digər şəxslər bir neçə maşınla fermaya daxil oldular. Fəxrəddin Hacıyev fermada siçovul olduğunu və onları öldürməyə gəldiklərini dedi. Bundan sonra məndən fermamdakı donuzlardan birini ofisin qabağına gətirməyimi tələb etdi. Mahirdən aldığı silahla donuzu güllə ilə vurdu. Donuz yaralandı, bundan sonra Kalaşnikov silahı ilə yenidən atəş açaraq heyvanı başından vurdu. Sonra istehza ilə üzünü mənə tutaraq, atıcılıq qabiliyyətinin necə olduğunu soruşub, "donuzun yerində ailəndən birinin olduğunu düşün” deyə, məni hədələdi. Tapançadan açılan giliz məndədi və sözügedən şəxslər barəsində istintaq aparılarkən aidiyyatı orqana təslim edəcəm. Buna dair videogörüntü var (Yazıya əlavə olunub-red.) və aidiyyatı qurumlara təqdim ediləcək”.

"Dostumun atasına dedi ki, oğlun əməliyyatıma mane oldu, Etibarın maşınından silah çıxardacaqdım”

Sahibkar məktubunda Xudat Rayon Polis Bölməsinin rəisinin ona qarşı bu münasibətinin səbəbinə belə aydınlıq gətirib: "Onunla tanışlığımız 1 il bundan əvvəl başqa bir dostumun vasitəsi ilə olub. Sonra həmin şəxslə onun münasibəti pozuldu və mənimlə prinsip aparmağa başladı. Bir gün mən dostum Muradov Murad Rəsul oğluna məxsus (90 MM 907) "WRANGLER” markalı avtomobili idarə edirdim. Fəxrəddin Hacıyev Dövlət Yol Polisi əməkdaşları (90 YP 193 dövlət qeydiyyat nişanlı avtomobildəki) vasitəsilə yolda məni saxlatdı. Heç bir səbəb demədən məni və dostumu polis bölməsinə apardılar. Emin adlı polis bölməsinin əməkdaşı bizim avtomobilə oturdu. Dostum Muradı və məni polis bölməsində yerləşən müvəqqəti saxlama məntəqəsinə saldılar. Muradı 1 saat sonra buraxdılar. Polis rəisi Muradın atasına dedi ki, sənin oğlun gəlməklə mənim əməliyyatıma mane oldu. Mən Etibarın maşınından silah çıxardacaqdım. Oğlun orda olduğu üçün mən həmin maşına silahı yerləşdirə bilmədim.

xudat polis

Nəhayət, 9 saat sonra dostum Murad mənim xahişimlə mənə 1000 manat pul verdi. Həmin pulu şəxsən bölmə rəisinə verdim və əlavə 1000 manat gətirəcəyimə söz verdim. İki gün sonra əlavə 1000 manat gətirib Elçin Hacıbalayevə və bölmənin əməkdaşı Ceyhuna polis rəisi Fəxrəddinə çatdırmaq üçün verdim. Məndən bu pulu bölmədə 30 gün həbs edəcəkləri hədəsiylə istədilər. Məni ailəm və övladlarımla hədələyərək zorla izahata qol çəkdirdilər ki, guya onları təhqir etmişəm. Dedilər ki, əks halda sən bölmədən çıxmamış evdəkilərdən birinin meyitini alacaqsan. "Mənə hansı balanı çox istəmirsən, birinci onun adını de, ondan başlayım” dedi. Məcbur qalıb izahata qol çəkdim. Bu proseslərdə pul verilən zaman yanımda olan şəxslər var. Şahid kimi göstərilə bilərlər”.

"Məni hədələyərək, 9000 manata aldığım Qarabağ atını götürüb apardılar”

Sahibkar yazır ki, polis rəisi onun bahalı atlarını da aparıb, digər qanunsuz tələblər irəli sürüb. "Yarış atlarım olduğundan məlumatları olduğu üçün, məni hədələyərək 9000 manata aldığım Qarabağ atını götürüb apardılar. Bir müddət sonra yenə 9000 manata aldığım ingilis atını alıb apardılar. O gündən sonra 45 gün müddətində üstəlik məni atlara baxmağa məcbur etdi. Qaşovlamaq, iynəsini vurdurmaq və s. hər bir işi şəxsən özümə etdirirdi…

Bir dəfə isə məndən qurban kəsmək üçün quzu tapmağımı istədi. Mən də işçimin vasitəsiə 4 quzu tapıb aldım. Quzular cəmi 620 manat pul tutdu. Pulun 300 manatını ödəyib dedi ki, 2-si anama çatacağı üçün pulunu özüm verəcəm, qalanını isə öz hesabından ver”.

"Hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb, mənə zorla araq içirirdi…”

Etibar Məmmədov bütün bu təzyiqlər nəticəsində xəstəlik tapdığını bildirir:"Müvəqqəti saxlama məntəqəsində olarkən mənə qarşı edilən bu hərəkətlərin nəticəsində çox güclü stres keçirdim. Ürəyimdə ağrılar oldu. Həmin vaxt ürək dərmanı istədim. Dostum Murad dərman gətirdi. Lakin Fəxrəddin Hacıyev mənə dərman verməyi hər kəsə qadağan etdi. Bu da mənim ürəyimdə çox ciddi problemlərə səbəb oldu. Hadisələrdən sonra ürək ağrılarım artdığı üçün həkimə müraciət etdim (Bakı Ürək Mərkəzində yoxlanışlarıma dair müayinə aktlarını ərizəmə daxil edirəm). Ancaq Fəxrəddin Hacıyev məndən əl çəkmədi.

Bir gün şəxsi avtomobilimlə onu və bir neçə dostunu ova aparmağımı tələb etdi. Avtomobilimin arxasına sumkalarla ov silahı, tapança, "Kalaşnikov” markalı avtomat və başqa odlu silahlar yığaraq, dəniz qırağına ördək vurmağa getdik. Ovda olduğumuz zaman vurduğu ördəkləri, öz geyimini, silahını mənə daşıtdırırdı. Polis əməkdaşları və digər ovda olan şəxslərin yanında "bilirsiz də, mənim bir sürü itlərim var, Etibarı da təzə almışam. Amma onlardan ayrı saxlayıram” deyərək, şərəf və ləyaqətimi təhqir etdi. Mənim ürək xəstəsi olduğumu bilsə də, hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb mənə zorla araq içirirdi. Mən ürəyimin ağrıdığını və arağın mənə pis təsir etdiyini deyəndə, "aldığım məlumata görə vəhabisən”, deyib içki içməyə məcbur edirdi…

Bunlarla da kifayətlənməyib, yenə də fermada olduğum zaman özünün əlaltısı Samir vasitəsilə mənə qonaqlarının olduğunu və donuz istədiyi xəbərini göndərdi. Sonra dostu Qurban gəlib hər dəfə "Picap” maşını ilə donuzları aparırdı. Bir dəfəsində məndə onunla birlikdə getdim. Həmin donuza da Qurbanın obyektində 5 dənə güllə atdı. Bunları edərkən "səni "banditizm” axtarır və mən də onların qarşısını alıram. Bunlar da onların əvəzidi” deyidi”.

"Mənə məlumat çatdırıb ki, onu gördüyüm yerdə donuzların gününə salacam”

polis reisi

İş adamının yazdığına görə, Fəxrəddin Hacıyevlə bağlı şikayətlər etsə də, nəticəsi olmayıb. Buna görə də polis rəisinin təzyiqlərinə dözməyərək, doğma yurdunu tərk etməli olub: "Hadisələr fevral ayının əvvəllərindən başlayıb. Mart ayının 28-dən bəri öz yurdumdan didərgin düşmüşəm, qorxub qaçıram. Mənə məlumat çatdırıb ki, "onu gördüyüm yerdə donuzların gününə salacam”.

Qeyd edim ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etmişəm. Şikayətim hələ ki, nəticə verməyib. Fəxrəddin məni və dostlarımı hədələyərək gəlib şikayətimdən imtina etməyimi, izahatları dəyişməyi, belə halların olmadığını, məni müvəqqəti saxlama məntəqəsində saxlamadığını, məndən pul almadığını, atılan silahın qaz tapançası olduğunu yazmağımı tələb edir. Qeyd etmək istəyirəm ki, Fəxrəddin Hacıyev CM-nin 180.181-ci və digər maddələrinin tərkib hissəsini yaradan cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 180-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət məsuliyyətini nəzərdə tutur”.

"Möhtərəm Prezident, xahiş edirəm mənim həyatımı xilas edin!”

Sahibkar həyatının təhlükədə olduğunu bildirərək, ölkə rəhbərliyindən kömək istəyir. O, ölkə Prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, Fəxrəddin Hacıyevin ona qarşı bu hərəkətlərilə bağlı araşdırma aparılmasını təmin etməyi xahiş edir: "Hörmətli Prezident, iş adamlarının himayəçisi kimi, Sizdən Fəxrəddin Hacıyev barəsində CM-nin 180,181-ci maddələri ilə cinayət işinin açılmasına dair göstəriş verməyinizi xahiş edirəm. Bundan sonra mənim və ailəmin başına gələcək hər bir işin cavabdehi F.Hacıyevdir. Fəxrəddin Hacıyevin məni şərləməyə çalışmasından, üzərimə narkotika ataraq həbs etməsindən çəkinirəm. Buna görə ölkə rəhbərliyindən kömək istəyirəm. Bununla bağlı müraciət etdiyim qurumlara və şəxslərə sığınıram.

Təəssüflə bildirirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi şikayətlərimizi rədd ediblər və bu şikayətlərə dair qərarları bizə təqdim etməyiblər. Şübhə etmirəm ki, hörmətli nazir Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun mənim başıma gətirilənlərdən xəbəri yoxdur. Ona görə də, müraciətimi mətbuat vaistəsilə ictimailəşdirməyi qərara aldım. Bununla səsimi yeganə ümid yerimiz olan Möhtərəm Prezidentimizə, I vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmaq istəyirəm. Xahiş edirəm, mənim həyatımı xilas edin!”

Sahibkar Etibar Məmmədovun dəhşət saçan bu açıqlamaları ilə bağlı Xudat Rayon Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevlə əlaqə saxladıq. O, ümumiyyətlə Etibar Məmmədov adında şəxsi tanımadığını bildirdi. "Mən belə bir adam tanımıram”. Polis rəisinə şikayətçinin videogörüntülər də təqdim etdiyini bildirsək də, o, israrla Etibar Məmmədovu tanımadığını deyərək, telefonu söndürdü.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}