Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Kolokol Rossii” internet qəzetində "Ermənistanın Paşinyan xəstəliyi” sərlövhəli məqalə dərc olunub.
Müəllif Aleksandr Nikişin məqalədə yazır ki, Ermənistanın yeni hökumətində Avropa qlobalist strukturlarının və Sorosun Açıq Cəmiyyət Fondunun adamları təmsil olunublar və bu da Rusiya, ABŞ və İsrailin böyük narazılığına səbəb olub. Məqalədə vurğulanır ki, Yerevandakı hadisələr hamıdan çox Rusiyanın xoşuna gəlməyib. İş hətta mitinq iştirakçılarının və Paşinyanın gizlədə bilmədikləri rusofob əhval-ruhiyyəsində də deyil: "Əgər bütün bəyanatlar gerçəkləşsə, regionu nəticəsi proqnozlaşdırıla bilməyən yeni irimiqyaslı müharibə gözləyir ki, bu da əsla Rusiyanın ürəyincə deyil. Paşinyanın məsuliyyətsiz bəyanatları və hərəkətləri dərhal reaksiyaya, təkcə Qarabağda deyil, Naxçıvanla sərhəddə də vəziyyətin gərginləşməsinə səbəb olub. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktorunun müavini Artyom Kojin mətbuat konfransında Ermənistanın indiki hakimiyyətini kəskin tənqid edərək deyib: "Ümumiyyətlə, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlar yəqin ki, qeyri-konstruktivdir””.
Müəllif yazır ki, indi Ermənistanda mülkiyyət yenidən bölüşdürülür. Bu, ilk növbədə, Rusiya şirkətlərinin biznesinə təsir göstərib. O yazır: ""Elektromaydan”dan sonra "Vahid Enerji Sistemi” Rusiya Səhmdar Cəmiyyəti Sarkisyanın xahişi ilə iki aktivini – "Ermənistan elektrik şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətini və "Razdan” istilik elektrik stansiyasını Rusiyanın digər şirkətinə, amma sahibi artıq erməni olan "Taşir” şirkətinə verib. "Taşir” daha bir aktivin – "Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin əldə edilməsi üçün Ermənistan hökuməti ilə müqavilə imzalayıb. Amma 2018-ci il mayın 30-da həmin müqavilənin pozulduğu elan edilib. Səbəb də bu olub ki, müqavilə "Ermənistan üçün əlverişsizdir”. Aktivlər Paşinyanın sponsoru, oliqarx Qagik Sarukyana verilib. Ermənistanda qazpaylayıcı aktivləri olan Qazprom üçün də böyük problemlər yaranıb. "Ermənistan dəmir yolu” QSC-nin idarəetməsində Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun xidmətlərindən imtina edilib”.
Müəllif Ermənistanda Rusiya kapitalı ilə işləyən digər şirkətlər, habelə Rusiyanın xırda biznesi üçün də ciddi problemlərin yarandığından yazır. Qeyd edir ki, onları milliləşdirmə bəhanəsi ilə sadəcə yerli oliqarxların xeyrinə tutub alacaqlar. Məqalədə deyilir: "Rusiya telekanallarının yayımının qadağan edilməsi barədə məsələ müzakirə olunur. Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Məlikyan deyib: "Rusiyanın istər ölkə daxilində, istərsə də keçmiş Sovet İttifaqı ölkələrində həyata keçirdiyi imperiya təbliğatı bu ölkələrə öz təsirini qoruyub saxlamağa çalışır. Bununla belə, biz bu ölkənin öz iqtisadiyyatını necə inkişaf etdirdiyini, insan hüquqları baxımından hansı uğursuzluqlarla üzləşdiyini görürük. Buna görə də Rusiya rəhbərliyi belə təbliğatın köməyi ilə bunu ört-basdır etməyə çalışır”. Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan Kiril əlifbasını "zibil əlifba” adlandırıb və sənədlərin rus dilində yazılmasını qadağan edib. Bütün bunlar cəmi bir ay ərzində baş verib. Bu gedişlə Ermənistan qısa müddətdən sonra Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb Avropa İttifaqına və NATO-ya daxil olmaq istədiyini bildirəcək.
Rusiyadakı erməni diasporundan danışan müəllif yazır ki, onlar Mixail Leontyevin iştirak etdiyi efirlərə etiraz etmək üçün "Komsomolskaya pravda” qəzetinin redaksiyası qarşısında qanunsuz mitinqlərə toplaşır, pisləmək, bağlamaq, işdən kənarlaşdırmaq üçün, hamının üzr istəməsi və tövbə etməsi üçün bütün mümkün vasitələrlə böyük təzyiq göstərirlər. Məqalədə deyilir: "Yaxşı ki, güllələməyi tələb etmirlər. Budur erməni demokratiyası. Demək istəyirsən ki, əgər belə cəsursunuzsa, nə üçün Qarabağ cəbhəsində, yaxud Hələbdə İŞİD-in (təşkilat Rusiyada qadağan edilib) mövqeləri qarşısında mitinq etmirsiniz? Bunun müqabilində siz Leontyevin iştirakı ilə bir neçə radio verilişindən bəzi məqamları kəsib təxribat xarakterli 6 dəqiqəlik parça düzəldirsiniz və incidilmişlər rolunda çıxış etməyə çalışırsınız. Mixail Leontyev çox emosional şəkildə həqiqəti dedi. Bəli, fikirlərinin deyiliş tərzi kobud idi, amma məzmunu həqiqət idi. Hər bir rusiyalı və erməni ürəyinin dərinliyində bunu bilir, amma ruslar heç kəsi incitməmək üçün tolerantcasına bu mövzunun üstündən sükutla keçməyə çalışırlar. Leontyev isə baltanı kökündən vurdu. Yaxşı olar ki, rusiyalı ermənilər Ermənistanda və Qarabağda hadisələrin gözümüz qarşısında necə çalxalandığı barədə düşünsünlər. Xankəndidə cavanlar güc strukturlarının nümayəndələri ilə dalaşırlar, güc orqanlarının istefası və buraxılması tələbləri ilə nümayişlər keçirilir, onların öz "maydanı” başlayır. Yerevanın özündə mitinq edənlər artıq bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginin devrilməsini tələb edirlər. İş o yerə gəlib çatıb ki, tezliklə Şərqin ən qədim xristian kilsələrindən birinin başçısını Soros funksionerləri təyin edəcəklər. Eyni zamanda, gənc ermənilər fəxr edirlər ki, erməni Kim Kardaşyan qaradərili reperə ərə gedib, digər bir erməni – Aleksis Ohanyan kişi sifətli, qaradərili Serena Uilyamsın əri olub. Belə olan halda hansı milli identiklikdən, milli və dini adətlərdən söhbət gedə bilər? Böyük müharibə ehtimalı ətrafında çox təhlükəli oyunlar gedir. Çoxlu qan tökülə bilər, amma elə bu vaxt "sivil” Avropada kimsə şampan partlatmağa hazırlaşır”./Azərtac/