8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslər qeyri-qanuni aksiya keçirməyə cəhd ediblər. Qanunsuz aksiyanın qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəli zabitlərin həlak olması və Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Mən bu hərəkətləri törədənlərin, təşkilatçıların, onların arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılmasını, aşkar olunmasını və cəzalandırılmasını müvafiq qurumlardan tələb edirəm”.
Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev dünən icra hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, bu hadisə təkcə Gəncəyə vurulan zərbə deyil:
"Bu, Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Azərbaycanı güclü dövlət kimi və inkişafını görmək istəməyən qüvvələrin məkirli niyyətinin Gəncədə təzahürüdür. Hesab edirəm ki, dünənki hadisələrdə Gəncə sakinlərinin bu zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Mən sizin saytınız vasitəsilə Azərbaycandakı bütün siyasi qüvvələrə, partiyalara, Qeyri-Hökumət Təşkilatlarına, dini qurumlara müraciət edirəm ki, hər kəs öz rəsmi mövqeyini ortaya qoysun və dövlətçiliyi dəstəkləsin. Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli insanların heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və əhalimiz imkan verməyəcək. Amma ölkədə sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı "fəallıq” göstərən, çağırışlar edən hər kəsin məsuliyyəti ortaya qoyulmalıdır. Əgər lazım gələrsə, həmin saytlar və sosial şəbəkələr nəzarət altına götürülməlidir. Hesab edirəm ki, öncə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır”.
Musa Quliyev bildirib ki, dünənki qeyri-qanuni aksiyada iştirak edənlər Gəncə sakinləri deyil:
"Bu hadisə heç şübhəsiz ki, əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Yəqin ki, qısa zaman kəsiyində istintaqın nəticələri elan olunacaq. Bu hadisənin Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar. Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikal yönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Onlar müxtəlif ölkələrdən də, bölgələrdən də ola bilərlər. Amma onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyatı yoxdur. Hesab edirəm ki, bu qeyri-qanuni aksiyada başqa bölgələrdən də olan insanların iştirak etməsi mümkündür. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq”.
Deputat hazırda Gəncədə olduğunu da bildirib. "Hazırda Gəncədəyəm. Şəhərdə tam sakitlik və sabitlikdir. Bütün dövlət qurumları, şəhər əhalisi, mağazalar və bazarlar işini əvvəlki kimi davam etdirir. Şəhərdə heç bir problem yoxdur”.